TOP 10

Kapitan "Qəbələ"də qalmasının maddi yox, başqa şərtdən asılı olduğunu açıqladı: "Hər 3 kluba keçidim realdı, qiymətimi heç vaxt ucuz etməmişəm"

Futbol
Tarix: 2019-05-24 18:30

"Qəbələ"nin yerli futbolçularının taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Bunlar arasında aparıcı futbolçulardan biri olan kapitan Cavid Hüseynov hələ Naxşıvandakı finaldan sonra başqa klublardan təkliflərinin olduğunu mediaya açıqlayaraq konkret "Sabah"ın adını çəkmişdi. Bəs indi vəziyyət necədi? Cavidlə əlaqə saxlayaraq vəziyyətə aydınlıq gətirməyə çalışdıq.

 

- "Qəbələ"dəki gələcək taleyinlə bağlı xəbər gəldimi?

- Hələ də bir xəbər gözləyirik. Bugünlərdə gəlməlidi, nəsə deyilməlidi. 

 

- Sənə konkret bir tarix deyiblər?

- Bu günə söz vermişdilər. Gözləyirəm. 

 

- Digər klublara demisən ki, gözləyin, əvvəlcə "Qəbələ"ylə danışmalıyam...

- Bəli, danışdıqlarımın hamısıyla qabaqcadan görüşmüşəm. Sadəcə, "Qəbələ"nin hansı vəziyyətdə olacağını, gələcəyi ilə bağlı fikirlərini bilmirik. Ona görə digər klublardan bir neçə gün vaxt istədim. Onlar da gözləyir.

 

- 3 klubdan təklif aldığını demisən. Ən real "Sabah"dı?

- Yox, hamısı realdı. Adım daha çox "Sabah"la hallana bilər. Ancaq 3-ü də eyni səviyyədədi. Reallığa baxanda, 3-ü də məni heyətində görmək istəyir. Sadəcə, öz fikrim var. İkincisi də ən vacibi "Qəbələ"nin cavabını gözləyirəm. Ona görə onlara da heç bir şey deyə bilmirəm. Uzağı sabaha hər şey bilinəcək.

 

- "Qəbələ" üçün yeni müqavilənin maddi şərtlərində nə qədər güzəşt edə bilərsən? Hər halda, futbolçu üçün pul da önəmlidi...

- Güzətdən əlavə, burda "Qəbələ"ylə aramda olan münasibətdə sırf maddiyatdan söhbət getmir. Sadəcə, bilmək istəyirəm ki, "Qəbələ" gələn il necə oynayacaq, hansı futbolçularla çıxış edəcək. Əsas məni maraqlandıran sual budu. Sırf yerli, akademiyanın futbolçularından ibarət olacaqsa, heç orda tək mənim qalmağım da düzgün deyil. Çünki ən azı 3-4 legioner lazımdı, düzdü?

 

- Bəli, tam razıyam...

- Legionerlərdən heç olmasa bir Vojislav Stankoviç müdafiəçi kimi qalmalıdı. Axı, onun yerinə çətindi gətirmək yaxşı səviyyədə futbolçu. Özü də "Qəbələ" Avroliqada çıxış edəcək. Bunları düşünəndə maddiyyatı ön planda demirəm ki...Dediyim kimi olacaqsa, qalım. Ancaq yox, sırf akademiyanın futbolçuları olacaqsa, onların içində tək mən qalacamsa, onda orda qalmağımın nə mənası var ki? Budu məsələ. 

 

- Səninlə maraqlanan klubların şərtləri necədi?

- Pis deyil. Bilirsiniz, bu gün hər bir futbolçu oyununa görə diqtə edir. Mən də həmişə özümə hörmət edən futbolçu olmuşam. Qiymətimi heç vaxt ucuz etməmişəm. Nə əziyyətim olacaqsa, gedəcəyim klubda bilirəm ki, hansı şərtlərə görə gedirəm, buna uyğun qiymətimi deyirəm. Öz maddi şərtimi demişəm.

 

- Həmin komandada ab-hava, baş məşqçi, mövqeyində rəqabət - bunlar da önəmli məsələlərdi...

- Ay sağ olun, bunların hamısını analiz etmişəm. Hamısına görə uyğundurlar. Ancaq "Sabah"ın adını çəkmişəmsə, bu, o demək deyil ki, ən real variant tək bu klubdu. Yalnız "Sabah"dan söhbət getmir ki...Hamısıyla eyni danışıq aparmışam. Fikrim olaraq hamısına eyni prizmadan yanaşmışam. "Qəbələ"dən cavab gəlsin, tam dəqiq detallarına kimi hər 3 klubla danışacam, bundan sonra yekun qərarımı verəcəm.

 

- Təsəvvür edək ki, "Qəbələ"dəki qeyri-müəyyənlik yenə davam etdi. Bu zaman artıq başqa klubla danışaraq keçidini razılaşdırmağa məcbur olacaqsanmı? Çünki klubları da gözlədə bilməzsən, hamı yeni mövsümə heyəti yığacaq...

- Əlbəttə, bu sözü özümüzünkülərə - "Qəbələ" rəhbərliyinə də demişəm. Klublar da bilmək istəyirlər, heyətləri də yazırlar ki, bu mövqedə kim var, kim yox, kim gələcək. Cavid Hüseynov gəlsə, onun ətrafında hansı futbolçu olacaq. Yaxud gəlməsəm, bu mövqedə hansı futbolçu olacaq. Belə vacib şeylər var. Ona görə bizdən asılı olan bir şeylər də yoxdu.

 

- Təcrübəli futbolçusan, avrokuboklarda çıxış etmisən. Yeni klubunun qitəmiqyaslı turnirdə təmsilçisinin olmağına nə dərəcədə önəm verirsən? Yoxsa bu, sənin üçün vacib faktor deyil?

- Sözün düzü, avrokubokda oynamaq istəyərdim. Amma başa düşürük ki, bugünkü gündə "Neftçi" və "Səbail"dən başqa heç biri Avroliqada oynamır. Onda neyləmək olar ki? Bu il oynamırıq, bir kluba keçərək inşallah, növbəti ildə çıxış edərik. 

 

- Adətən mövsüm bitəndən sonra futbolçular dərhal istirahətə yollanır. Ancaq belə başa düşdüm ki, klub karyerana aydınlıq gəlmədiyindən, istirahəti bir müddətə təxirə salmalı olmusan...

- Bəli, hazırda Bakıdayam. Sözün düzü, istirahəti bir az sonraya təxirə saldım. Bir həftə sonra istirahətə gedəcəm. Hansı klubda çıxış edəcəyimə aydınlıq gətirmək üçün Bakıda qalmalı olmuşam və bir həftə vaxtım var. 

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB