TOP 10

GÖRÜNMƏYƏN QÜVVƏ: Qırmızı diplomlu “uğur çubuğu”

Futbol
Tarix: 2019-05-24 13:31

2001-in mayında “Futbol+” qəzetinin redaksiyasına gəldikdə, ağlımıza da gəlməzdi ki, 18 il sonra fərqli ampluada olacağıq. Ancaq həyat qəribəliklərlə zəngindir. Arıtq 15 ildi jurnalistika onun mürəkkəbindən məhrum olub, ancaq əminliklə deyə bilərik ki, futbolumuz qazanıb. İşlədiyi klubların hər birində uğur qazanmağı bacarıb - “Neftçi”də də, “İnter”də də, “Qəbələ”də də. Bir növ futbolumuzun “uğur çubuğu”dür. Uzatmayaq, söhbət “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlıdan gedir. "GÖRÜNMƏYƏN QÜVVƏ" rubrikamızın növbəti qonağı bu il həyatda 40, futbolda 15 illik yubileyini qeyd edən keçmiş həmkarımızdı. 

 

 

"Onda mətbuat xidmətinin rəhbəri olsam da, işimin özü daha çox menecerliklə bağlı idi, heç sayta xəbər yazmağa vaxtım olmurdu"

 

- Klub fəaliyyətin “Neftçi”də başlayır. Azərbaycanın ən adlı-sanlı klubuna gəlişin necə baş tutdu?

- Həmin vaxt “Olaylar” agentliyində işləyirdim, idman jurnalisti idim. Misir Əbilov “Neftçi”yə icraçı-direktor təyin olunmuşdu. Onunla da münasibətimiz yaxşı idi və məni “Neftçi”yə dəvət etdi. Bundan öncə klubun mətbuat katibi Məzahir Süleymanzadə AFFA-ya mətbuat xidmətinin rəhbəri getmişdi. Onda Namiq Quliyev də “Neftçi”nin vitse-prezidenti idi. 2004-cü ilin yanvarın 28-də işə başladım, fevralın 4-də əmrim verildi. Bu il klub fəaliyyətimin 15 illik yubileyidi.

 

- Ayağın düşərli oldu. Gələn kimi “Neftçi” 7 illik çempionluq həsrətinə son qoydu, mövsümü “qızıl dubl”la başa vurdunuz...

- Həmin çempionatdan öncə futbol 2 il dayandığından mövsüm uzun çəkdi. Son 4 turu qış fasiləsindən sonraya saldılar və ümumilikdə mövsüm 1 il keçdi. Kubokun finalında Samir Abasovun əlavə vaxtda vurduğu qolla "Şəmkir"i 1:0 hesabıyla məğlub etdik. Ayağımın düşərli olmasına gəlincə, həmin vaxt “Neftçi”də hamı yeni idi. Rəhbərliyin də ilk mövsümü idi. O vaxt klub prezidenti olan Rövnəq Abdullayevin rəhmətlik qardaşı Abbas Abdullayev I vitse-prezident idi. Komandada çox böyük dəyişiklilər baş verdi, oyunçular özlərini futbolçu kimi hiss etməyə başlamışdılar. Düzdür, onların içində xaricdə oynayanlar vardı, onlar nələrisə görmüşdülər. Amma böyük əksəriyyəti ilk dəfə onda hiss etdilər ki, futbolçunun böyük maaş, mükafat almağı necə olur. Hətta biz gələndə komandada ekipirovka yox idi, tez-təcili tapıldı. Yadınızdadırsa, “Neftçi” həmin vaxt qırmızı, sarı formada oynayırdı, loqosu yox idi. Yeni rəhbərlik gələn kimi ilk olaraq loqonun olması ilə bağlı məsələni müzakirə etdik. Köhnə - ağ-qara loqonu qaytardıq, təcili ağ-qara forma, Türkiyədə ekipirovka sifariş etdik. Mövsümün ortası idi, məşhur firmalarla danışmaq olmurdu. Mövsümü uğurla baş vurmağımızda bu kimi ilkərin təsiri daha çox böyük oldu, nəinki kiminsə ayağının düşərli olmasının.

 

- Səni menecer kimi tanıyırıq. Ancaq “Neftçi”də sonadək mətbuat xidmətinin rəhbəri oldun...

- İlk vaxtlar belə idi, mətbuatla işləri də görürdüm. Ancaq sonradan rəhbərlikdə dəyişiklik oldu, Ramin Musayev icraçı-direktor oldu. Əbilov “Bakılı”ya qayıtdı. Həmin klubun da prezidenti idi, iki yerdə işləyə bilməzdi. Ramin müəllim bir müddət sonra vitse-prezident oldu. Həmin vaxt görürdülər ki, onsuz da bu işləri görməyə kimsə lazımdı. Mən də neçə vaxtdı futbolda olduğumdan çox şeyi bilirdim. Onda işimin adı mətbuat xidmətinin rəhbəri olsa da, işimin özü daha çox menecerliklə bağlı idi. Heç sayta xəbər yazmağa vaxtım olmurdu. O qədər işlərim olurdu ki...

 

- Menecer sözünün açması nədi?

- Türklərdə bu, var, idari meneceri deyirlər. Çünki bütün idarə işlərini görür. Biz də elə ordan götürmüşdük menecer sözünü. Bunadək Azərbaycan futbolunda belə ştat olmamışdı. O dövrdə çox problem vardı, komandaya həkim, ürəyimiz istəyən masajçı tapa bilmirdik, çünki uzun müddət peşəkar iş olmamışdı. İnzibatçıların çoxu menecer işlərini görürdü. Həmin vaxt “Neftçi”də inzibatşı Eldar Bədəlov işləyirdi.

 

- “Turan”ın heyətində Kazbek Tuayevin rəhbərliyi altında futbolçu kimi çempion olmuşdu, sonradan onunla birgə işləyirdi. Kazbek müəllim gedəndən sonra o da “Neftçi”dən getdi...

- Bəli. Peşəkar olmaq istəyəndə iş çox olur, peşəkar olmayanda həmin işləri idarə etmək asan olur. İstəyirsən ki, hər şey yüksək səviyyədə olsun, onda iş artır, əlavə kömək lazım olur. Onda idari işlər çox idi, həmin yay avrokuboklarda çıxış etdiyimizdən işlər lap çox oldu. Bilet satışından tutmuş bir çox aspektlərədək. O vaxtadək bilet satışı elə çox olmamışdı. Daxili imkanlar hesabına ofisdə olan 3-4 nəfərlə bu işləri görürdük.

 

 

"Gördüyüm ən pis baş məşqçi Gede idi, onun kimi zəifi yox idi"

- Ramin Musayevlə işləməyin heç də asan olmadığı deyilir. Onun damarını necə tutmuşdun?

- Ramin müəllimlə heç vaxt problemim olmamışdı. O, icraçı-direktor kimi gələndə də bilmirəm, nəyə görəsə məni çox istəyirdi. Ona görə də Musayevin böyük dəstəyi oldu ki, yavaş-yavaş bu işlərin içinə girdim, etibarını qazandım. Kənardan adam gətirməyə ehtiyac görmədi. Bütün işləri mənə etibar edirdi, bir yerdə işləyirdik. Ramin müəllimlə necə işləməmək olar? İnanmıram ki, kiminsə onunla problemi olsun. Yox, rahat idi. İş çox yaxşı, maraqlı idi.

 

- Elə isə niyə getdin?

- Getmədim, göndərdilər (gülür). Çox uğursuz bir mövsüm keçirdik, çox səhvə yol verdik, mən də daxil olmaqla. Həmin vaxt baş məşqçimiz almaniyalı Hans-Yurgen Gede idi. “Neftçi”də işlədiyim mövsümlər arasında ən pisi oldu. Yersiz adamlara çox inandıq. Gördüyüm ən pis baş məşqçi oldu Gede. Ümumiyyətlə, tanıdığım, tanımadığım, kənarda olan mütəxəssisislərin hamısını bir yerə qoysaq, Gede kimi zəif məşqçi yox idi.

 

- Rəşad Sadıqov daxil olmaqla “Neftçi”nin aparıcı futbolçuları bir günün içində qovmaqla “onurğa sütunu”nu qırdı...

- Onların hamısıyla millidə bir yerdə işlədiyindən tanıyırdı. Bilmirəm, nəyə görəsə onları yola saldı. Komanda çox pis mövsüm keçirdi, 8-ci yeri tutdu. O vaxt elə bir vəziyyət idi ki, bir adamın səhviylə o vəziyyətə düşmək olmazdı. Gərək 3-4 adam səhv eləsin ki, komanda gəlib belə vəziyyətə düşsün. Buna görə klub rəhbərliyinin qərarıyla mən, vitse-prezident, baş məşqçi olmaqla 3-4 nəfəri yola saldılar.

 

 

"Neftçi"də Tuayevlə dostlaşa bilmədik, bu, yalnız “Neftçi-70” kitabını yazdığımdan sonra oldu"

- “Neftçi”də nə qazandın?

- Medal baxımından deyirsinizsə, qazancım iki çempionluq, bir ölkə kuboku, “Birlik Kuboku” oldu. “Birlik Kuboku”nu qazanan ilk Azərbaycan klubu olduq. Bundan əvvəl isə finala çıxan ilk təmsilçimiz olduq. Həmin vaxt Moskva “Lokomotiv”inə uduzduq, bizə qarşı əsas heyətlə oynamışdılar ki, bunun özü bizim üçün böyük təcrübə idi. Çempionatda gümüş və bürünc medal da qazandıq. “Qızıl oyun” vardı ki, heç vaxt yaddan çıxmaz. Çox şeylər oldu, “Neftçi” mənə böyük təcrübə verdi.

 

- Bu komandada çox baş məşqçiylə işlədin, əksəri də tanınmışlar idi. Hansını ən üstün tutursan?

- Birmənalı ən pisi Gede idi. Mən “Neftçi”yə gələndə, baş məşqçi Tuayev idi. Kazbek müəllimin də jurnalistlərdən xoşu gəlmirdi. Həmişə belə olub. Məni görəndə, ilk gündən soyuqluq hiss etdim, mənə çox da inanmırdı ki, keçmişdə jurnalist olub. Ona görə Tuayevlə dostlaşa bilmədik. Onunla yalnız “Neftçi-70” kitabını yazdığımdan sonra dostlaşdıq. Kitab çıxandan 1 il sonra - 2008-09-da məni təsadüfən şəhərdə gördü. Çağırdı məni yanına, səmimi görüşdü, bağrına basdı. Kitaba görə minnətdarlıq elədi ki, neçə il futbol üçün bu qədər əziyyət çəkilib, ancaq heç vaxt bu materiallar bir yerə yığılmamışdı: “Belə iş görmüsən, buna görə sənə minnətdaram”, dedi. Bundan sonra münasibətimiz düzəldi.

 

- Yeri gəlmişkən, “Neftçi-70” kitabı böyük ajiotaj doğurdu. Onun da ideya müəllifi olmusan...

- Bəli. Müəlliflərindən biri də mən olmuşam. Kitabın ərsəyə gəlməsində ən böyük dəstək Ramin Musayevdən gəldi. Çünki o dövrdə kitab, ona xərc çəkmək istəyən yox idi. Görüləsi çox işlərdə, nə dedim, Ramin müəllim razılaşdı. Ona söz verdim, elə kitab çıxaracaq ki, tarixdə qalacaq. Özüm hiss edirdim ki, bu kitaba ehtiyac var, çünki “Neftçi”də mətbuat xidmətinin rəhbəri işləyirdim, bir şəkil tapa bilmirdim. Hansısa loqo, forma, eksponatı demirəm, adi bir şəkil tapmaq olmurdu. Veterana zəng vururduq, albomundan yığıb gətirirdi. Jurnalist olanda fikirləşirdim ki, “Neftçi”ylə bağlı tarixdə nələrsə var. İşin içinə girəndən sonra isə gördük ki, heç nə yoxdu. Doğrudanmı, 70 ili olacaq klubun heç nəyi olmasın? Bundan sonra dedim ki, nəsə etməliyik.

 

- Ancaq bu kitabın işıq üzü görməsi xeyl yubandı, 2007-ci ildə 70 illik yubileyində çıxmadı. Problem nə idi?

- Material toplamağımız gözlədiyimizdən daha çətin oldu, ona görə yubandı. Fikirləşirdim ki, hazır materiallar olacaq. “Spartak-80” kitabına baxmışdıq, onu oxuduqca görürdün ki, arxivdə materialları olub. Hətta məşqlərinin qeyd dəftərlərini - heyətləri, taktikaları yazırdılar - belə arxivlərini saxlayırdılar. İstədikləri vaxt ondan istifadə edirdirlər. Fikirləşirdim ki, bizdə də belə asan olacaq, yığacağıq. Ancaq başlayanda əksini gördük, daha tez başlamalı imişik, bir az gecikmişik. Kitabı yazmağımda Elçin Rüstəmovun böyük rolu oldu. Bildiyiniz kimi, statistik məlumatlar onda idi. Onu işə cəlb etdik, daha doğrusu, işə götürdük. Çünki onun özünün başqa işi vardı. Onda Ramin müəllimin sayəsində ona maaş ayırdıq. Dedi ki, bunu edəcəm, sən işindən 5-6 aylıq çıx. Səhər tezdən gəlib otururdu ofisimizdə, mətbuat xidmətimizin əməkdaşı Habil Hacıyevə yazını diqtə edirdi, o da kompyuterdə çıxarırdı. Futbolu bilməyən adam üçün bunu etmək çox çətin olardı. Düzdür, kitaba görə mənə söz verilən qonorarı almadım (gülür). Batdı-getdi, heç ona etiraz da etmədim.

 

- Elə mən də (Mehman Süleymanov) almadım...

- Səninlə Vüqar Xeyrullayev də kitabın yazılarında iştirak etdiniz. Vüqara qonorarı cibimdən vermişdim. Çox istədik ki, həmin kitabla çox adam tarixdə hansısa formada qalsın. Deyirsiniz ki, ajiotaj yaratdı, bu, jurnalistlər arasında ola bilər. Ancaq indinin özündə çox adamın xəbəri yoxdu ki, nə vaxtsa belə kitab çıxıb. Cəmi 1000 tirajla çıxdı.

 

- Təqdimatı da olmadı nədənsə...

- Hə, sönük oldu.

 

 

"Təcrübəli futbolçulardan biri 5000 dolların az olduğunu bildirdi, Musayev məbləğin hər birinə çatacağını deyəndə, ham əsl şok yaşadı"

- “Pünik”lə qarşılaşma - 2:0 hesabıyla məğlub etdiyiniz 1/4 final matçı. Tarixi qələbə, böyük ajiotaj doğurdu. İstərdik ki, həmin anları bizlərə yenidən yaşadasan. Bir xatırlatma edim (Ceyhun Əliyev). Yeganə idman saytı “azerifootball” idi. Mən də onlayn aparıram. Heç bir əlaqə vasitəsi yox idi. Beş dəqiqədən bir sənə zəng vurub hesabı soruşurdum. Nəhayət, belə zənglərin birində hayqırtını eşidirəm – “Qoooool”! Təbii ki, qolun müəllifini soruşuram, sən isə “qooool” deyərək, sadəcə, bağırırsan. Saytın təsisçisi Erkin İbrahmov “kto zabil” deyərək, məndən qolun müəllifini soruşur. Ən qəribəsi budur ki, qolun müəllifini öyrənə bilmirəm və saytda “qooool” yaza bilirəm. 5-6 dəqiqə sonra sayta giriş sayı o həddə çatır ki, sayt çökür və yalnız final fitinə 4 dəqiqə qalmış bərpa etmək mümkün olur. Həmin vaxt isə hesab artıq 2:0 idi, rahat nəfəs alırdıq…

- (Qəhərlənir, gücünü toplayıb islanmış kirpiklərini gizlətməyə çalışır)…Dəhşətli hisslər idi.  Danışırsınız, indinin özündə də tüklərim biz-biz olur. Arada “Yotube”dən baxıram, həmin matçın diski də məndə var. Hər dəfə də elə bilirəm ki, qarşılaşma indinin özündə olub. Özü də 20 yanvar ərəfəsi idi. Matç yanvarın 19-da axşam saatlarında keçirilmişdi. Sözlə həmin 90 dəqiqəni ifadə etmək mümkün deyil...

 

- Düşərgədə stress çox idi?

- Ooo, finiş idi! Uduzmağı heç kim fikirləşmirdi. Ancaq futboldu, hər şey ola bilər. Uduzsayq, uşaqlar zarafatla yox, ciddi deyirdilər ki, qayıtmayacağıq. Ordan çıxıb gedərik Antalyaya təlim-məşq toplanışına. Bakıya gələnədək ara soyuyar, sonra gələrik. Yoxsa bizi ölkəyə buraxmazlar, heç kəs başa düşməz. Həmin vaxt ölkə rəhbərliyi səviyyəsində hamı çalışırdı, o motivasiyanı verirdi ki, uduzmaq olmaz. Düzdür, növbəti il də “Pünik”lə görüşümüz oldu. Yenə də eyni mənzərə idi. Ancaq axşamdan söz-söhbət gəzirdi ki, oynamayacaqlar, oynamaq istəmirlər. Çünki ilk məğlubiyyətindən sonra “Pünik”i Ermənistanda çox pis qarşılaşmışdılar. Sonra mən “İnter”də işləyəndə 1/4 finalda “Mika”ya qarşı oynadıq, 4:0 hesabıyla qalib gəldik. Onda da rəhbərlik narahat idi, ancaq çox güclü idik deyə gərginlik yox idi. Arxayın idik ki, ermənilərin şansı yoxdu.

 

- “Neftçi” “Pünik”lə ilk dəfə görüşəndə Qurban Qurbanov zədəli olsa da, Moskvaya getmişdi. Liftin qarşısındakı məşhur davanı xatırlayardın...

- Həmin vaxt çox adam Moskvaya gəlmişdi. Biz içəri girəndə, gördük ki, dava başlayıb. Qarşıdurma meydandan başlamışdı. “Pünik”in kapitanı Sarkis Ovsepyanla bizim kapitan Rəşad Sadıqov arasında gərginlik yaşanmışdı. Onlar da çox həyəcanlı idilər. Matça yaxşı başladılar, ilk hissəni yaxşı keçirdilər, cərimə zərbəsindən topu qapımızın dirəyinə vurdular. İkinci hissədə hesabda geri düşəndən sonra cığallıq etməyə başladılar, futbolçularımızı qəsdən vururdular, söyürdülər, hər şey edirdilər. Fikirləri bu idi ki, oyun yarımçıq qalsın. Onda cəmi 1 il idi klubda işləyirdim, təcrübəm elə də çox deyildi. Bəlkə də əməkdaşdan çox azarkeş idim. İndi hiss edirəm ki, ilk növbədə klubun işçisiyəm. Düzdür, “Panatinaikos”, “Apollon”la matçlar istisna təşkil edib. Ancaq “Pünik”lə görüşdə konkret azarkeş idim, işçi olduğumu unutmuşdum. Matça Az.TV-nin şərhçisi Altay Əliyevlə birgə tribunadan baxırdım. Orda bayrağın üstünə bayraq atmaq söhbəti oldu. Ermənilər Azərbaycanın bayrağının üstünə öz bayralarını asdılar. Davaya gəlincə, ermənilər deyəsən, yeməkdən qayıdırdılar, yemək saatlarımız ayrı-ayrı vaxtlarda idi. Bizlər də sevinə-sevinə gəlirdik. Onda liftin qarşısında söz atışması əlbəyaxa ilə nəticələnmişdi.

 

- Belə deyirlər ki, Georgi Adamiyadan sonra daha bir qolun müəllifinin mütləq azərbaycanlı olmasını istəyirdilər. Ki, illər keçəndən sonra ermənilər əldə bayraq tutmasınlar ki, gürcünün vurduğu qolla qalib gəldiniz...

- Oyun gedəndə, heç kəs bunu fikirləşmirdi. Düzdür, azərbaycanlının qol vurması başqa şey idi. Ancaq matçın gedişində o qədər həyəcan vardı ki, adam o şeyləri fikirləşsin... Əsas qalib gəlmək idi. Sonra Vidadi Rzayev qol vurdu, 2:0 qalib gəldik. Düzdür, bir az qanqaraldan hadisələr oldu. Ancaq sonra yeməkdə pozitiv məqam hər şeyi unutdurdu. Klubumuzun prezidenti Rövnəq Abdullayev, neft şirkətindən Elşad Nəsirov gəldi. Moskvada yaşayan bir sıra biznesmenlər gəlmişdi. Böyük bir ziyafət təşkil olmuşdu.

 

- Deyilənə görə, mükafatın məbləği çox böyük olub...

- Üstündən xeyli müddət keçəndən sonra yəqin, məbləği demək olar. O vaxt mükafat vardı, qrupdan çıxmağa 100, sonrakı mərhələyə 200 dollar və sair. Erməniləri keçəndə, rəhbərlik mükafatı dedi - 5000 dollar!

 

- Hərəyə?

- Təcrübəli futbolçulardan biri 5000-nin az olduğunu bildirdi. Axı, erməniləri udmuşduq! Ramin müəllim isə məbləğin komandaya yox, hər bir futbolçuya çatacağını bildirdi. Bax, onda hamı əsl şok yaşadı. O vaxtadək məbləğlər aşağı idi və birdən-birə belə böyük fərq. Onda futbolçuların gözləri kəlləsinə çıxdı, əsl partlayış oldu. Birinci dəfə idi ki, belə mükafat görürdülər. O vaxta dəyərdə bu məbləğ. Elə bir qələbə idi ki, 50 min də olsa, dəyərdi.

 

- İnzibati heyətə də 5000?

- Yox. Onlar onsuz da mükafatı faizlə alırdılar. Məncə, heç kim narazı qalmadı, hamı mükafatını aldı, məbləğdən də razı idi.

 

 

"Kaxa əsl peşəkar olduğudan, ona çox hörmət edirdim, konfliktimiz isə dəlisov olmağı səbəbindən oldu"

- “Neftçi”dən sonra növbə çatdı digər Bakı təmsilçisi – “İnter”. Ora necə düşdün?

- “Neftçi”dən çıxandan sonra bir az agent fəaliyyəti göstərdim. Çünki klubda işləyəndə futbolçularla münasibətlərim yaranmışdı. Hətta bir ara “Neftçi”nin ovaxtkı vitse-prezidenti İlqar Quluzadə təklif etmişdi ki, səni komandanın meneceri edək. Çünki biz avrokubok oyunlarında rəsmi görüşlərə gedəndə, məni “Neftçi”nin mətbuat xidmətinin rəhbəri yox, meneceri kimi təqdim edirdilər. Buna görə deyirdi ki, vəzifəmi dəyişərək menecer edək. Halbuki, onda elə bir ştat yox idi. Faktiki isə bu işi görürdüm. Tərcümələrdə kömək edirdim, həm də görüşlərdə iştirak edirdim. Ancaq Quluzadənin dedidyi qismət olmadı. Vaqif Heydərli ilə menecerlik fəaliyyəti göstərdik, birgə şirkət də qurduq. Bu, 2010-cu ilin aprelində olmuşdu, sentyabrda şirkəti qurduq. Həmin vaxt bir transfer də etmişdik. Hollandiyanın “Den Boş” klubundan Adnan Bərəkəti “Bakı”ya gətirmişdik. Apreldə artıq hər şey rəsmiləşdi, elə oldu ki, “İnter”də rəhbərlik dəyişdi. Təcrübəli isim olan Kamran İsmayılov məndən əvvəl inzibatçı işləmişdi, o getdi, direktorları dəyişdi, yeni adamlar gəlmişdi. Direktor vəzifəni Müzəffər Novruzəliyev gəlmişdi və Kamranın yerinə adam axtarırdılar. Deyəsən, həmin vaxt Ramin Musayevdən məsləhət  istəmişdilər ki, kim ola bilər bizim işlərin hamısını görən. Musayevin  tövsiyəsi ilə yenidən kluba getdim. Həmin vaxt baş məşqçi Kaxaber Tsxadadze idi.

 

- Qənaətimiz belədi ki, ən çox zəhlən gedən baş məşqçin məhz Kaxa olub...

- Yox, Gede olub. Kaxa çox peşəkar idi. Buna görə ona çox hörmət edirdim. Dəlisov da ola, qışqır-bağır da edə bilərdi. Bizdə belə söz var - dəlidolu. Kaxa elə bir adam idi. Bu gün kimisə söyə bilərdi, ancaq sabah gəlib üzr istəyərdi ki, əsəbi olmuşam. Kaxa iş tələb edirdi. O, həmin vaxt klubun demək olar rəhbəri idi, bütün səlahiyyətlər onda idi. Həmin vaxt yayda “Bakı”ya legioneri Joel Epalleyə görə UEFA texniki məğlubiyyət vermişdi. İlk görüşümüzdə onu da mənə xatırlatdı ki, gərək belə şeylər olmasın. Kaxanın tələbləri aydın idi, bunlar futbolla bağlı idi. Əsl peşəkar idi, bu, mənim də çox xoşuma gəlirdi.

 

- Ordan konfliktlə çıxmadın?

- Çıxmağıma hələ 3 il vardı (gülür). Futbolu Kaxadan öyrəndim. Baxmayaraq ki, “Neftçi”də Petrjela, Demyanenko, Mircavadov, Tuayev, Qurban Qurbanovla işləmişdim. Kaxada bir şey vardı ki, hər şeyi danışırdı, izah edirdi. Oyuna baxanda məni çağırırdı ki, gəl, birlikdə izləyək. Analiz edəndə, fikirlərini mənə deyirdi. Komandanın içində idi, bilirdi ki, hansı mövqedəki futbolçudan nə istəyir, nə gözləyir. Futbolu çox yaxşı izah edirdi, xırdalığına kimi başa salırdı. Buna görə də onunla işləmək maraqlı idi. Konflikt isə dəlisov olmağı səbəbindən oldu. Təkcə o yox, çox adam belə hesab edirdi ki, məni “İnter”ə Ramin Musayev göndəribsə, guya onun adamıyam və Ramin müəllim istəmir ki, Kaxa “İnter”də uğurlu olsun. Ancaq əslində, onunla mübahisəmiz “Neftçi”yə görə olmuşdu. “Neftçi” bizi udanda baş məşqçisini təbrik etdim. Rəhmətlik Böyükağa Hacıyev idi. Klub işçiləri bir yerdə çalışdığımız adamlar idi, onları da təbrik etdim. Kaxa da bunu görmüşdü və belə qənaətə gəlmişdi ki, “Neftçi”nin qalib gəlməyinə sevinirəm. Sonra münasibətlərimiz düzəldi. “İnter”dən çıxandan sonra “Qəbələ”yə getdim və ikinci turda Kaxanın komandası ilə qarşılaşdıq.

 

- 3:2 hesabıyla qalib gəldiniz. Bu, Yuri Syominin Qəbələdə ilk qələbəsi oldu....

- “İnter”dən gedəndə 3 əsas futbolçunu apardıq - Nizami Hacıyev, Vladimir Levin və İbrahima Niasseni. Və çempionatda da bu komandaya çox böyük zərbə oldu. “İnter” ilk 5 turda qalib gələ bilmədi, 6-cı turda ilk xalını qazandı. Ancaq yekunda “İnter” gəlib “Qəbələ”ni da keçdi, biz 3-cü olduq. Kaxa işləyirdi, nəsə alına bilərdi, nəsə yox. Ancaq bilirdin ki, işlədiyinə görə mütləq nəticə olacaq.  Belə də oldu, uzun uğurlu seriya yaşadılar ki, yekunda gümüş medalçı oldular. “İnter”də çox yaxşı komanda vardı. Aparıcı futbolçular getsə də, onların yerlərini doldurmuşdu. Sadəcə, zaman lazım idi ki, yeni futbolçular kollektivə öyrəşsin.

 

 

"Ramin müəllim PFL-ə onunla getmədiyimdə məndən incimişdi"

- “Birlik Kuboku”nu 2-ci dəfə "İnter"lə qazandın. “Neftçi”ylə hansısa təcrübən oldumu ki, yenə bu turniri qazanmağına kömək oldu?

- Yox. İkinci dəfə bu uğur artıq adi gəlirdi. Turnir zəifləmişdi, bundan sonra da “Birlik Kuboku” tarixin yaddaşına köçdü. Sonuncu qalibi “İnter” oldu. Komandamız onda çox güclü idi. Ancaq həyəcan yenə olurdu. Çünki bizdən 1 əvvəl “Bakı” fantastik güclü heyəti olsa da, qrupdan belə çıxa bilməmişdi. Buna gərə bir az ehtiyat edirdik ki, birdən bizdə də nəsə alınmaz. Tsxadadze təcrübəli baş məşqisi idi, rəhbərlikdə də elə adamlar var idi ki, işi bilirdilər.

 

- “Qəbələ”yə səni kim dəvət etmişdi?

- Klubun baş meneceri Zaur Əzizovla vitse-prezident Fariz Nəcəfovun dəvətiylə gəldim. Əzizovla çoxdan münasibətimiz vardı. Əslində, “Neftçi”dən yenicə çıxanda, “Qəbələ”dən dəvət almışdım. Sadəcə, onda klubda işləmək istəmirdim. İstəyirdim ki, agentlik fəaliyyəti göstərim. Ancaq sonra baxdım ki, klubda iş daha maraqlıdı. “Qəbələ”yə dəvət alanda, dedim ki, müstəqil işim vardı, orda fəaliyyət göstərmək istəyirəm. Ancaq “İnter”dən dəvət gələndə, baxdım ki, klub işi daha maraqlıdı və bu sahəyə qayıtdım.

 

- “Qəbələ”dən dəvət aldığın dövrdə Ramin Musayevlə aranız soyudu?

- Yox, bu, daha əvvəl olmuşdu - o, PFL-ə gedəndə. 2008-ci il idi, hamı fikirləşirdi ki, biz bir komandayıq, o getsə, mən də getməliyəm. Hətta yeni yaradılan PFL-in strukturunu qarşıma qoydu və dedi ki, hansı vəzifəni istəyirsən, seç. Yalnız pezident postu Ramin Musayevdə idi, qalanları boş idi. Mən də dedim ki, yox, PFL kabinet işidi, mənlik deyil. Dedim ki, futbolda qalmaq istəyirəm. “Neftçi” kimi klubda çalışmaq, dinamik iş, maraqlı idi. Ramin müəllim onda məndən bir az incimişdi. Soyumaq deməzdim. Belə qəbul eləmişdi ki, onu yarıyolda qoydum.

 

 

"Bu ölkəylə 2 maraqlı xatirəç var - oteldə çörək qurtarmışdı, çəkdiyim oyunda top düşməmişdi"

- "Qəbələ" səhifəsində nə var, nə yox?
- Ooo, yəqin ki, ən maraqlı səhifə "Qəbələ"di. "Neftçi" ona görə maraqlıydı ki, həm ilk idi, həm də ömrü boyu - uşaq vaxtı bu kluba azarkeşlik etmişdik. "Neftçi"nin 80-ci illərdə oyunu yadımda idi, həmin vaxt oynamış Vidadi Rzayevi gəlib klubda gördüm. Jurnalist işlədiyim vaxtda da "Neftçi"ylə bir az münasibət var idi. Buna görə bu klubda olmaq bir az maraqlı idi. Həm də ilk mövsümündəcə Çempionlar Liqasında mərhələ keçdik. Ancaq ən yaxşı, futbolda yenidən yaşamaq istədiyim​ şeylər "Qəbələ"də oldu.

 

- İslandiyada ”Hafnarfyordur"la matçdan əvvəl məşhur çörək haqq-hesabını​ xatırlayaq. Bizimkilərə çörək çatdırmağından marketə getməli olmuşdunuz...

- (gülür) Olmuşdu, oteldə çörək qurtarmışdı. Ümumiyyətlə, çox maraqlı şeylər olmuşdu həmin vaxt avrokuboklarda. Moskva MOİK-iylə Bakıdakı bilet hesabatını mən aparırdım. Stadion dolmuşdu, 30 min adam vardı, rəsmi protokolda bu rəqəm göstərilmişdi. Gözləyirdik ki, biletdən yaxşı pul gələcək. Matç qurtardı, getdik kassaya hesabat eləməyə, gördük ki, 7 min bilet satılıb (gülür). Heç kim inanmadı. Dedim ki, vallah, biletlərin hamısı qutulardadı. Onda bildik ki, camaat futbola gəlməyin yolunu bilir və bu yol bilet almaqdan keçmir. İslandiyaya gəlincə, demək olar menecer kimi ilk işlərimdən idi. Təyyarəylə Simferopolda düşdük, benzin vurduq və ilk dəfə çarter reysilə səfərə yollandıq. Düzdür, bundan 15-20 gün qabaq məşqçimiz Tofiq Mustafayevlə gedib "Hafnarfyordur"un oyununa baxmışdıq. Hətta oyunu çəkmişdik, yadıma düşür. Balaca kamera tapıb getmişdik çəkməyə. İlk dəfə idi kamerayla çəkirdim. Gətirdim verdim ovaxtkı baş məşqçi Ağasəlim Mircavadova. Çəkilişi bir yerdə izlədik. Ancaq top düşməmışdi. Ağasəlim müəllim də  Bakı ləhçəsində “alə, bəs, indi mən topsuz futboldan uşaqlara nə danışım", sualını verdi. Sağ olsun Tofiq müəllim, özü üçün bəzi qeydər aparmışdı. matçın protokolunu götürmüşdük. Heç olmasa bunlar kömək oldu. Hər halda, islandları keçməyi bacardıq.​

- Qayıdaq çörəyin​ qurtmasına...

- Otelə gəldik və ağlımıza gəlməzdi ki,​ çörəklə bağlı belə bir şey olar. 7 saatlıq yoldan gəldik, birinci gün şam yeməyinə düşdük. Çörək dedik, gəldi, yenə dedik, yenə gəldi. Kiçik ölçüdə, bulka formasında idi. Bir də gördük ki, çörək qurtardı - bu, necə ola bilər? 40-ə yaxın adam idik, 3-4 azarkeş aparmışdıq, rəhbərlik də bizimləydi. Tez getdilər​ "pekarnı"dan çörək almağa. Bəlkə də onda​ futbolçular rejimə riayət etmirdilər. İlk illər idi, çox şey dəyişdi.

 

"Birlik kuboku"nda qızıl medalımı azarkeşə hədiyyə etmişəm, görsəm, deyəcəm ki, satırsansa, alıram"

- Bütün medallarını saxlayırsan? Kiməsə hədiyyə vermisən?

- Yalnız "Neftçi"ylə qazandığım "Birlik Kuboku"nun medalını saxlamamışam. Azarkeşlərdən birinə hədiyyə vermişəm. O qədər sevinmişdim ki, "Neftçi" fan-klubunun həmin vaxtkı rəhbəri olan Ceyhun Bədəlova hədiyyə etmişdim. Görsəm, onu istəyəcəm. Deyəcəm ki, satırsansa, alıram.

- "Qəbələ"də əsas qazandıqların nə oldu?

- Çox şey oldu. "Qəbələ" bir uğursuz seriya yaşamışdı, ondan sonra çox şeyi dəyişmək istədilər. Yuri Syomini baş məşqçi postuna dəvət etdilər,​ özüylə çox yaxşı futbolçular gətirmişdi. Təsadüfən bəxtimdən gəlişim həmin vaxta düşdü. Syominlə bir başladıq. Arxayın idim ki, təcrübəm var, Syominlə işim alınar. Həqiqətən çox yaxşı işləyirdik, tələbləri futbolla bağlı idi. Rahat işlədik, ilk ilimizdə medal qazandıq. Bu, "Qəbələ"nin tarixində ilk mükafat idi. Çox güclü heyətimiz, komandamız vardı, yaxşı oyunlar keçirdik.

"İnter"ə uduzurduq, fasilədə paltardəyişmə otağına girdim, gördüm ki, Syomin güzgünün qabağında saçını darayır"

- O, ərköyün futbolçu kim idi ki, qulaqburması üçün Fariz Nəcəfovu Bakıdan çağırmalı olurdunuz?
- Ebesilyo, çox çətin xarakterli adam idi. Syominə məsələn deyirdim ki, elə edək hamı yeməyə eyni vaxtda, eyni geyimdə gəlsinlər. Mənə deyirdi ki, neynirsən, komanda neçənci yerdəri? Deyirdim ki, birinci. Hamı razıdırmırmı? Deyirdim ki, bəli. Vəssalam, nəyinə lazımdı ki, kim nəylə gəldi, nəylə getdi. Bu xırda şeylərdi. "İnter"lə az öncə yada saldığım həmin matçda ilk hissədən sonra 0:1 hesabıyla uduzurduq. Mən də çox narahat idim, istəmirdim ki, "İnter"ə uduzaq. Bir az prinsipallıq, Kaxayla narazılıq var idi. Paltardəyişmə otağına girdim, gördüm ki, Syomin güzgünün qabağında saçını darayır (gülür) Dedim, içəri​ girəcəm, görəcəm aləmi dağıdır, qışqıraraq nəyisə başa salır. Ancaq gördüm ki, çox sakitdi və saçını daramaqla məşğuldu. Dəli oldum, çıxdım bayıra ki, bu nə edir... Oyunu udmaq lazımdı, bu isə​ saçını darayır. Nə bilim, bəlkə onun hiyləgərliyi idi ki, futbolçular da arxayın olsunlar ki, məşqçi qələbəyə əmindi. Çünki Syominin psixoloji fintləri çox güclü idi. Adam getdikcə analiz edəndə, bunu görürdü. Futbolçunun içini​ görürdü, başqa adam idi. Çox peşəkar idi. 3:2 qalib gəldik həmin görüşdə...

 

 

"Qriqorçukla bağlı bu suala cavab verməyim..."

- Yanılmırıqsa, Qriqorçuka 2 dəfə elçi getdiniz. Birincisi Muntyanunun gətirilməsiylə nəticələndi, sonra ikincisi oldu və bu dəfə hədəfə düşdünüz. Qriqorçuku kim kəşf etmişdi?
- Bu suala cavab verməyim...

- Qriqorçuka aşıq olmağınızın səbəbi nə idi?
- Bizdə Syomindən sonra Tsxadadze variantı vardı. Bizə belə mütəxəssis lazım idi. Çünki Yuri Pavloviç bir az yumşaq məşqçi idi. Bəzi oyunlarda komanda bunun qurbanı oldu. Komandaya bir az sərt adam lazım idi. Bizə yumşaqlıq yaramırdı. Komandamızda elə futbolçular vardı ki, gərək həmişə onu dəmir kimi sıxasan. Düzdür, onda Fariz müəllimin çox köməyi olurdu, tez-tez düşərgəmizə gəlirdi. Məsələləri belə həll edirdik. Həm də bir az yaradıcı futbol oynamağımızı istəyirdik. Çünki elə böyük pulumuz yox idi ki, ulduz futbolçular alıb gətirərdik, onlar bizim üçün nəticəni həll edərdilər. Belə bir şey yox idi. Düzdür, Marat İzmaylov, Lorenzo Ebesilyo vardı, ancaq böyük nəticələr qazanmaq üçün bunlar kifayət etmirdi. Ona görə iş qurulmalı idi ki, mərhələ-mərhələ nəticə qazanmalıyıq. Oturub danışdıq, onda Fariz müəllim dedi ki, Kaxanın özü gəlməzmi. O, həmin vaxt "Qəbələ"yə gəlmək istəmirdi. Dedi ki, "İnter"i yarımçıq qoyub gələ bilmərəm. Bundan sonra başdalıq variantlara baxmağa.​

- Bolqar mütəxəssis İvaylo Petev oldu, ilkin razılığını verdi, sonra aradan çıxdı...
- Rəhbərlik görüşmüşdü. Danışıqlar prosesində o qədər də yaxından iştirak etməmişdim. Danışıqları baş menecerlə vitse-prezident aparırdı. Qriqorçuka baxırdıq ki, nəticəsi vardı. Latviyada işləyib, heç kimin tanımadığı "Ventspils"i Avropa Liqasının qrupuna kimi gətirmişdi. Komandanı Çempionlar Liqasının pley-offuna çıxarmışdı, bu mərhələdə istefa vermişdi. Pley-offda güclü rəqiblə düşmüşdülər, demişdi ki, mənə iki güclü futbolçu alsanız, ÇL-in qrupuna duşəcəm. Rəhbərlik isə demişdi, ehtiyac yoxdu, lazım deyil, keçərik keçərik, keçmərik də Avropa Liqasının qrupu var. Qriqorçuk da buna görə istefa vermişdi. Buna görə də Avroliqanın qrupuna başqa baş məşqçiylə düşmüşdülər. Bundan sonra gəlib Ukraynaya "Çernomorets"i I liqadan götürmüşdü, çıxmışdı yüksək liqaya, orda da Avropa Liqasının 1/16 finalınadək irəliləməyə bacarmışdı. Konkret gördük ki, bu məşqçi sıfırdan komanda qurmağə bacarır. Bu, həlledici oldu. Xuande​ Ramosla bir mübahisəsi vardı, bu da xarakterinin olduğunu göstərirdi. Maraqlandıq, Vladimir Levin onda bizdə oynayıdı, birinci ondan soruşduq. Dedi ki, Odessada camaat Qriqorçuku çox sevir, o, bu şəhəri qoyub gəlməz. klub rəhbərliyi səviyyəsində, keçmiş futbolçuları vasitəsilə maraqlanmağa başladıq. Qriqorçuk birinci dəfə gəlmək istəmədi, özü də Odessanı qoyub gəlmək istəmədi. Onda komandanın vəziyyəti çətinləşməyə doğru gedirdi, ancaq ümid edirdi ki, nəsə yaxşı olacaq. Buna görə də bizimlə görüşsə də, müsbət cavab vermədi.​ ​ Lakin altı aydan sonra razılığını verdi. Qriqorçukla qələbəylə başladıq, səfərdə "Bakı"nı məğlub etdik, sonra çempionatda 3 oyunda qalib gələ bilmədik, kubokda da "Simurq"a uduzaraq mübarizədən kənar qaldıq. Komanda 5-6-cı yerlərə düşdü. Sonra isə uzun qələbə seriyamız oldu ki, yekunda çempionatı 3-cü yerdə başa vurduq. Bu, artıq fantastika idi, çünki nəticədən əlimizi üzmüşdük. Bu da Muntyanunun vaxtında mövsümə çox pis başlamağımızla bağlıydı, turnir cədvəlinin sonlarında idik.​

 

 

"Tiflis "Dinamo"suna Qəbələdə qol vuran Asif Məmmədovu Qriqorçuk onun məsləhətiylə meydana buraxmışdı"


- Və həmin mövsüm Avroliqanın qrupuna düşdünüz...
- Başladıq Avroliqaya hazırlaşmağa, bəzi yeni futbolçular dəvət olundu. Bunlar əsasən özünün tanıdıqları idi. Deyirdi ki, vaxtımız azdı, tanıdığım futbolçuları dəvət edim ki, sistemə bələd olsunlar. Biz artıq ona inanırdıq, güvənirdik. Buna görə də rəhbərlik çox etiraz etmədi. Fikirləşirdik ki, heç olmasa 3 mərhələ keçək. Bu qədər iş görmüşük, baş məşqçimizə çox inanmışıq. Rəhbərlik də onun arxasında çox dayanmışdı. Qriqorçuk deyirdi ki, bəxtimiz gətirsə, qrupa da düşə bilərik. Bizi inandırmışdı ki, buna nail ola bilərik. Gəldik ilk olaraq Tiflis "Dinamo"suna düşdük, səfərdə 1:2 hesabıyla uduzduq. Qəbələdəki matçda qol girmir ki girmir. Dəli olmuşduq, deyirdik ki, heç olmasa ilk mərhələni keçək. Oyun var, hücum edirik, ancaq top qapıya daxil olmur. Millət də stadionu doldurmuşdu, "Qəbələ"nin tarixinin ən ajiotajlı matçı idi.​

- Ardıcıl 2 ildə qrupadək oyunlarda prinsipial matçlar çox idi. Bu zaman Qriqorçuk fenomeni özünü nə dərəcədə göstərdi?
- İşlədiyim baş məşqçilər arasında ən yaxşılardan biri idi,​ nəticə​ verdi. Sonradan özü də danışırdı ki, ən narahat olduğum qarşılaşmda "Dinamo"yla idi. Görürsən ki, alınmır, bəxt də lazım idi. Bu, gətirməsə, mümkün deyil bu işləri edə biləsən.​

 

- Eşitdiyimizə görə, qol vuran Asif Məmmədovu Qriqorçuk Sənan Qurbanovun məsləhətiylə meydana buraxıb...
- Hə, elə bir şey olub, özü də danışırdı. Variantlar olub ki, kimi buraxaq. Əvvəlcə Arif Daşdəmirov, sonra Asif Məmmədov girdi oyuna. İkisi də "İnter"də bir yerdə çıxış etmişdilər. Matçdan sonra danışırdılar, Asif də deyirdi ki, yadımdadı hələ "İnter"dən sağ cinahdan keçəndən sonra Arif həmişə yaxın küncə ötürmə verirdi. O vaxtdan bunu xatırlayırdım, ona görə yaxın küncə qaçdım. Düzdür, diktor də qolun müəllifini səhv elan etdi.​

- Kimi dedi ki?
- Sergey Zenyovu. Ən vacib qolun müəllifi düz deyilmədi (gülür).

- Qriqorçukla dəfələrlə danışanda, deyirdi ki, işinə peşəkarcasına yanaşan Asif Məmmədovu qeyd edərdim. "Mətbəx"də olmusan. Sənə elə gəlmir ki, bunun səbəbi gürculərə vurulan qoldadı? Faktiki o qol olmasaydı, heç kim deyə bilməzdi ki, Qriqorçuk bu qədər burda qala bilərdi...
- Nə bilim, bəlkə ona görə Asifi çox istəyirdi. O, həqiqətən peşəkardı. "İnter"də birgə işləmişik, belə futbolçular çox lazımdı komandaya. Ona arxayınsan ki, ehtiyatda qalacaq, ancaq buna görə danışmayacaq, atmosferi korlamayacaq, istədiyin vaxt heyətə qoyanda da yüz faiz gücüylə oynayacaq, əminliklə meydana buraxa bilərsən. Həmin "bürünc"ə getdiyimiz çempioinatın sonunda Asif ən yaxşılardan idi, “Neftçi”ni məğlub etdiyimiz oyunda 8 qolun 4-də məhsuldar ötürmə vermişdi. Bunadək ehtiyatda qalırdı, sonra çıxırdı bir müddət yaxşı oynayırdı. Buna görə Qriqorçuk Məmmədovu çox istəyirdi. Vitali Vernidubda da bu xasiyyət vardı. Ancaq elə futbolçumuz vardı, adını çəkmək istəmirəm, ehtiyatda qalırdı, məşq eləmirdi, küsürdü, heyətdə qoyanda pis oynayırdı. Yəqin ki, buna görə Asifi​ əsl peşəkar adlandırırdı.​

 

"Qurban Qurbanovun ən çox bəyəndiyi "Barselona"nın oyunu idi, məndən onun oyunlarını​ istəyirdi"

- İşlədiklərindən ən yaxşı legioner kimi deyərsən?

- Maratı demək olar. Onu "Portu"dan icarəyə götürmüşdük. Belə bir klubdan gəlmişdi,  ancaq çox sadə adam idi. Qəbələdə yaşayırdı, heç vaxt bundan narazılıq etməzdi. Aleksey Qayın adını çəkmək olar. Peşəkar, böyük insanlıq nümunəsi idi. Onların komandada olmağı gənclərə peşəkarlıq baxımından çox faydalı idi, onlardan çox şey öyrənirdilər. Ebesilyo vardı, dəhşət istedadlı futbolçu idi.​

​- Üç ən yaxşı futbolçunu qeyd etdin. Bəs ilşlədiklərin arasında 3 ən yaxşı məşqçı? Doğrudu, Tsxadadze və Qriqorçukun adını artıq çəkmisən...
- Birmənalı şəkildə Qurban Qurbanov! O təyin olunanda, "Neftçi"nin o vaxtkı rəhbərliyi - Rövnəq Abdullayev, Ramin Musayev tərəfdən çox böyük dəstək gəldi. Bilinirdi ki, böyük perspektivi, potensialı var. Rusiyada oynamışdı, "İnter"də ukraynalı məşqçilərlə işləmişdi. Ancaq onun iş üslubu daha çox Avropa futbolu idi, fikirləri o idi. Gələndə onu danışırdı. "Kayserispor"a Ərtoğrul Sağlamın yanına​ təcrübəyə getmişdi. Onun işini çox bəyənirdi. Sonra "Bavariya"ya getdi, ən çox bəyəndiyi "Barselona"nın oyunu idi. O vaxt indiki saytlar, "İnstat" yox idi. Məndən "Barselona"nın oyunlarını​ istəyirdi, deyirdi ki, dünən filan taktikayla oynayıblar. Onu tap, baxmaq istəyirəm, tətbiq etmək istəyirəm. Belə fikirləri vardı. Düzdü, çox adam deyirdi ki, "Neftçi"də işi uğurlu alınmadı. Alınmadı deyəndə ki, onda 2-ci yeri turduq, çempionluğu bir matçda - sona 1 tur qalmış "Olimpik"ə 1:2 hesabıyla uduzmaqla verdik. Yoxsa çempionluğun bir addımlığında idik. UEFA kubokunda səfərdə 1:1 oynayırdıq, sonda 3 dəqiqəyə 2 qol buraxaraq uduzduq. Təcrübəsizliyin qurbanı oldu. Evdə də artıq 20-ci dəqiqədə​ lazım olan 2 qolu vurduq. Mərhələ keçməyi sona 2-3 dəqiqə qalmış əldən verdik. Qurban müəllimin bizdə daha çox bəxti gətirmədi. Gətirsəydi, çempion olardıq, avrokuboklarda mərhələ keçərdik.​

 

- Bunu da deyirdilər ki, Samir Zərgərov əsas heyət oyunçusu sayılmasa da, Qrqiorçuk həmişə buna görə ona şans verirdi ki, məşqlərdə nə tapşırılqar verirdi, onu yerinə yetirirdi, baş məşqçinin gözünə girdi...

- Qriqorçuk o şeyə çox fikir verirdi ki, futbolçu dediyini eləsin. Zərgərovla Kaxanın dövründə də "İnter"də bir yerdə işləmişdik. Samirdə belə keyfiyyət var idi, baş məşqçi nə deyirdi, onu həyata keçirirdi. Sonra getdi Georgi Çixradzenin komandasında oynadı - "Simurq"da. Orda da eyni şeyi etdi. Çixradze də Kaxanın üslubunda oynayırdı, futbolçuya konkret tapşırıq var idi - cinah müdafiəçisi idi, ortaya girmək, müdafiəçinin arxasından çıxmaq. Bunları Zərgərov çox yaxşı edirdi. Təkcə o, yox, bir sıra futbolçular vardı ki, yaxşı keyfiyyətləri var idi, Qriqorçukun dediklərini edirdilər.​

 

 

"Futboldan gedəndən sonra nə vaxtsa olacaq, birmi, ikimi kitab yazacam"

- "Neftçi" və "İnter"də fərqi "Qəbələ" qızıl medalın yox idi. Ümidini itirmişdin ki, burda deyəsən, 1-ci ola bilməyəcəm?
- Adam çempion olmaq istəyir. Ancaq mənim üçün qrupa düşmək "qızıl"dan üstündü. Komandaya desələr ki, çempion olacaqsan, ancaq avrokukuboklarda heç nə edə bilməyəcəksən və ya çempion olmayacaqsan, ancaq qrupa düşəcəksən, məncə, hamı ikinci variantı seçər. O cür oyunlar, həyəcan, iki ay bütün ölkə səni izləyir.. Ancaq "Lill"lə oyunda 13 min biletin hamısı satılmışdı, konkret anşlaq vardı. Bir adama belə pulsuz bilet vermədik. Evdəkilərə də bilet alıb verirdik, çünki biletə çox tələbat vardı. Demişdilər ki, hamısı satışa çıxsın. Azarkeş olmayan adamlar matça gəlmişdilər, bizi dəstəkləyirdilər. Bəlkə də qarşılaşmanın son 10 dəqiqəsini azarkeşlər stadionda yaratdıqları atmosferlə çıxardılar. "Bakcell Arena" bizim üçün çox uğurlu stadion idi.​

- Qriqorçuk da çox sevirdi bu arenanı...
- Bu stadionla bizim çox yaxşı xatirələrimiz var deyə belədi. "Qəbələ"də işləmiş hər kəs "Bakcell Arena"nı çox sevirdi. Hətta evdə kubokda "Neftçi"yə 1:2 hesabıyla uduzduq, onda deyirdik ki, biz səfərdə uduzmuşuq, gedirik "Bakcell Arena"ya​ evdə oynamağa. Və 3:1 hesabıyla qalib gələrək finala çıxdıq.

- Bizdən də qabaq jurnalistikaya gəlmisən. Hansı sualı özün özünə verərdin?
- Verilən suallara cavabı özüm üçün yazıram. Yəqin ki, futboldan gedəndən sonra nə vaxtsa olacaq, birmi, ikimi kitab yazacam. İstəyirəm ki, işlədiyim məşqçilərdən yazım, qeydləri özüm üçün aparıram. Hansı məşqçinin nə keyfiyyəti var, mənə görə nəyi səhv, nəyi düz elədi, niyə uğurlu oldu, niyə olmadı. Bir də ümumi xatirələri, maraqlı hadisələri yazacam.

 

"Qırmızı diplomum mənə çox da lazım olmayıb, "Qəbələ" səhifəsinin mənim üçün bağlandığını iə sdemək olmaz"

- "Qəbələ" səhifəsi sənin üçün böyük ehtimalla bağlanır. Nəzərə alsaq ki, klub azdı, kabinet işini bəyənməsən də PFL, yoxsa AFFA - seçim qarşısında qalsan, hansını seçərsən?
- Seçim qarşısında qalmaq istəmərəm (gülür). "Qəbələ" səhifəsinin bağlandığını demək olmaz. Ümid edirik ki, komanda yaşayacaq, nələrəsə nail olacağıq. Çox yaxşı oyunlarımız, xatirələrimiz var, danışırıq, tüklərim biz-biz olur. Elə "Panatinaikos"u keçərək qrupa düşdüyümüz Afina matçı nəyə desən dəyər. "Apollon"la matşımız olub ki, ilk dəfə rəqib komandanın​ skamyasının bütün üzvləri bizim skamyaya hücuma keçmişdi. Kaptanımız Cavid Hüseynov diqqət mərkəzində idi. O cür şeylər yaşamışıq, bayrağımız yandırmaq istəyirdilər, gedib dalaşdım. Elə bir il tək bu xatirələlərlə yaşamaq olar. İnanmıram ki, böyük uğura nail olan klub belə bədbin sonluqla bitsin. Ona görə mənim üçün səhifə olaraq qapanmaq haqda danışmaq hələ bir az tezdi. Ümid edək ki, davam edəcək.​

- İstənilən halda, futbolda qalmağı düşünürsən? İxtisasca neftçisən, magistraturanı bitirmisən...
- Neft akademiyasını qırmızı diplomla qurtarmağıma baxmayaraq, mənə çox da lazım olmayıb. Ancaq kiminləsə danışanda demək lazım olur ki, qırmızı diploma qurtarmışam. Ancaq ola da bilər ki, futboldan gedim. Çünki 8 klub var, futbolda seçim yoxdu. Buna görə ola bilər ki, başqa sahəyə gedim. Beynimdə bəzi fikirlər var, görək necə olur. Hələ tələsməyək...

 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB