TOP 10

MÖVSÜMƏ NÖQTƏ QOYARKƏN: Titulun acı zarafatı, və ya Debütantın ayağa qalxması - II YAZI

Futbol
Tarix: 2019-05-23 13:14

Azərbaycan 2018/19 mövsumünü başa vurdu. Deməli, arxada qoyduğumuz zaman kəsiyinin də yekun vurmağın əsl vaxtıdır. Sport24.az mövsümün yekunlarına həsr olunan "MÖVSÜMƏ NÖQTƏ QOYARKƏN" sərlöhvəsiylə silsilə yazılarına start verib. İkinci yazını çempionatı 7 və 8-ci pillədə başa vurmuş komandalara - “Sabah” və “Keşlə”yə həsr edirik.

 

Bir il öncə ölkə Kubokunu başı üzərinə qaldıran “Keşlə”nin çempionatın sonuna 1 tur qalmış sonuncu olacağının rəsmiləşdirilməsini çətin ki, kimsə proqnozlaşdıra bilərdi. Lakin məhz həmin başıbəlalı titul paytaxt təmsilçisi ilə acı zarafat etdi. 

 

Mövsüm başa çatdıqdan sonra klublar növbəti ilin planlarını cızır. Lakin Yuri Maksimov başqa cür düşünürdü. Ukraynalı mütəxəssis klub prezidenti Zaur Axundovla Qəbələ zəfərinin ertəsi günü “Keşlə”nin bazasında görüşəcəyinə dair söz versə də, danışılan vaxtda ofisdə olmur. Bundan 4-5 saat sonra isə Axundova “evə gəldim, gülləri sulamalıydım” mesajını göndərir. Maksimov onda göndərilməli olsa da, qazanılan titul klub prezidentinin səbirli olmasını şərtləndirir. Ardınca isə komanda Avropa Liqasına hazırlaşmaq üçün təlim-məşq toplanışına yığışsa da, Maksimov Bakıya bundan 1 həftə sonra qayıdır. Nəticədə, “Keşlə” Maltada rüsvayçı hesabla məğlub olur - 1:4. Bununla da ukraynalının “Keşlə” kitabı bağlanır. Ancaq transferləri etmiş Maksimovun izi mövsümün sonunadək özünü büruzə verir. İyunun 25-də Mladen Milinkoviçlə anlaşan “Keşlə” heç cür özünə gələ bilmir. Nəhayət, IX turda “Səbail”dən alınan məğlubiyyətdən sonra serbiyalı mütəxəssislə də yollar ayrılır. 

 

Tərlan Əhmədovun təyinatı VII turdan təxirə salınan “Qarabağ”la ev matça təsadüf edir. Təcrübəli mütəxəssis ölkənin ən güclü komandasıyla matçdan 1 xal qoparmağı bacardı. Bundan gözəl başlanğıc arzulamaq olmazdı. Ancaq mövsümün əvvəlindəki Maksimov izi “Keşlə”nin bataqlıqdan çıxmasına imkan vermədi. Mövsüm ərzində 3-4 baş məşqçiyə işləməyin fəsadı özünü göstərdi. Düşünmək olardı ki, “Keşlə” sonuncu olduqdan sonra Əhmədova da yollarını ayıracaq. Lakin klub rəhbərliyi fərqli mövqe tutdu - “qandəyişmə”. Artıq 13 futbolçuyla yollarını ayıran “Keşlə” köklü islahatları ifaçılar arasında apararaq, “dirijor”a özünü sübut etmək üçün mövsümün əvvəlindən şans verməyi qərara aldı.

 

“Sabah” çempionatın debutantı idi. Kimi gətirirsən gətir, kollektiv formalaşdırmağa zaman lazımdı. Söhbət həm oyunçuların anlaşmasından gedir, həm də məşqçi fəlsəfəsinin həyata keçirilməsindən. Mövsümün gedişatında Elşad Əhmədovun komandası hətta 3-cü pillədə də oldu. Ancaq futbolda bişmiş insanlar bilirdilər ki, bu, müvəqqəti xarakter daşıyır. Hansısa oyun uğurlu alına bilər, hardasa rəqib debütanta yuxarıdan aşağı baxa bilər. Müəyyən hallarda bəxt amili rol oynaya bilər. Ancaq komandanın kollektiv olması üçün zamana ehtiyac var. “Sabah” da zaman-zaman parlaq oyunla adından söz etdirməyi bacarırdı. Gənc kollektivdə səhvsiz ötüşmək olmur. Əsasən bir tək Marko Devicə guvənilməyi də bunula əlaqələndirərdik. Mövsümün ilk yarısında qolları sıralayan forvard, qış fasiləsindən sonra “söndü”. Hər halda, komandanın qarşısına qoyulan vəzifə elitada yerini qorumaq idi ki, Elşad Əhmədov da bunu bacardı. Növbəti mövsüm necə olacaq? Mövsüm yenicə başa çatsa da, bir neçə yerli ulduzun adı “Sabah”ın maraq dairəsinə düşüb. Bu da komandanın iştahindan xəbər verir. Hər halda, indidən əminliklə söyləmək olar ki, “Sabah” növbəti mövsüm avrokubok zonası uğrunda mübarizə aparacaq.

 

 

CEYHUN ƏLİYEV

19 Sentyabr 2019
18 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB