TOP 10

"Futbol həyatımın yarısını "Qəbələ"yə borcluyam, ancaq ailə saxlayırıq, təklif gərək bizə sərf də etsin"

Futbol
Tarix: 2019-05-22 17:20

"Qəbələ"nin tarixində rekordçu olan Ürfan Abbasov. 27 yaşlı bu sol cinah müdafiəçisi klubun futbol akademiyasının yetirməsi olmasa da, əsas komandada keçirdiyi oyun sayında hamıdan üstündü. Hələ Toni Adams baş məşqçi olanda - 2012-ci ilin qış fasiləsində "Qarabağ"da gələn Ürfan nəhayət, ilk titulunu qazandı. 2017-ci ildə "Qarabağ"la Naxçıvandakı finalda avtoqol edən, bundan 1 il sonra "Keşlə"ylə Qəbələdəki görüşdə iştirak etməyən Abbasovun nəhayət, finalda üzü gəldi. Millimizin də üzvü olmuş Ürfan Sport24.az-a müsahibəsində həm bu nailiyyət, həm də "Qəbələ"dəki gələcək taleyi haqda danışıb. 

 

- "Qəbələ"nin ilk titulunu səndən çox istəyən olmaz. Çünki 2012-ci ilin əvvəlindən çıxış etdiyi komandanda oyun sayında rekordçusan. Ən yaxşı vaxtınızda Azərbaycan Kubokunu qazanmağınıza nə mane olurdu?

- Onda da istəyimiz vardı, ancaq səhvlərimiz öz sözünü deyirdi. Bu dəfə yarımfinalda əsas favorit "Qarabağ"ı mübarizədən kənarlaşdırdıq. Bundan sonra futbolçularımızda böyük inam yarandı ki, kuboku qazanacağıq. "Qarabağ"ı keçəndən sonra artıq hiss etdik ki, titulu götürə bilərik, hər şey öz əlimizdədi. Final da bir oyundan ibarətdi. Buna da komanda şəklində yaxşı hazırlaşmışdıq. Elə də oldu ki, qalib gəldik. Razıyam ki, heç bir finalda belə istəkli "Qəbələ" olmamışdı. Bəli, keçənilki final da udulası matç idi. Ancaq "Keşlə"yə Qəbələdə uduzduq. Görünür, nəsə çatmadı. Düzdür, həmin finalda mən oynamırdım. Ancaq bu il istəyimiz çox idi. Düzdür, komandanın vəziyyəti lap ürəkaçan deyil. Ancaq bununla belə, istəyirdik ki, belə bir çəzin vəziyyətində ona borcumuzu qaytaraq. Bilmirəm komanda bundan sonra dağılacaq, yaxud necə olacaq. Hələ vəziyyət bəlli deyil. Heç olmasa onu istəyirdik ki, "Qəbələ"yə ən azından bir titul qazandıraq, yadaqalan bir şey olsun, klubun tarixində iz buraxaq. "Qəbələ"nin taleyi necə olacaq, bu, artıq sonra bilinəcək. 

 

- Elə buna toxunaq. "Qəbələ"ylə müqavilən bitir. Nə düşünürsən?

- Hələ klubdan cavab gözləyirik. Bizə deyiblər ki, bir az vaxt verin. Yəqin ki, danışıqlar olacaq. Vəziyyətə baxacağıq. 

 

- Başqa təklifin var?

- Sözün düzü, digər klubdan konkret təklifiim yoxdu. Hazırda "Qəbələ"ni gözləyirəm. Alınmasa, sonra başqa klublarla danışıqlara keçərik. 

 

- "Zirə" səninlə maraqlanıb?

- Yox. Konkret bir variantım olsaydı, sizə deyərdim. Hələ vaxta var. Qismət, görək necə olur...

 

- "Qəbələ" büdcəsi azalmalı olsa, sənə təklif edəcəyi aşağı şərtli müqaviləni qəbul edərsən?

- Bizə sərf edən də bir şey olmalıdı. Yalandan durum deyim ki, hər şeyə hazıram, bu da düzgün olmazdı. Düzdür, "Qəbələ" üçün əlimdən gələn qədər hər şey edərəm. Bu klub mənim üçün çox şey edib. Futbol həyatımın yarısını "Qəbələ"yə borcluyam. Amma biz də bir ailə saxlayırıq, başa düşürsünüz, ən azından elə bir məbləğ olmalıdır ki, bizə də sərf etsin. Danışıq, razılıq olsa, "Qəbələ"də qalaram. Niyə də yox? "Qəbələ" mənim üçün həmişə doğma olub. Yaxşı bir təklif olsa, normaldı. Yəni, bizə sərf edən olsun.

 

- Deyirsən ki, konkret bir təklifin yoxdu. "Qəbələ"ylə də maddi planda razılaşmasan, klubsuz qalırsan...

- Sözün açığı, bir təklif var, ancaq o da mənə sərf etmir. Çünki maddi cəhətdən aşağıdı.

 

- Hansı Premyer Liqa klubudu?

- Konkret bir şey olmadığından demək istəmirəm. 

 

- "Qəbələ"ylə bağlı nə vaxtadək gözləməyinizi deyiblər?

- Yəqin ki, özləri də bir şey fikirləşirlər. Bizləri çağırıb danışarlar. Yaxud da deyərlər ki, özünüzə yeni klub tapın. Yəqin ki, uzağı bir həftəyə hər şey bilinər. 

 

 

MEHMAN SÜLEYMANOV

 

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB