TOP 10

“Oyuncaq”: “Arsenal” hoqqalbazlığı və “Mxitaryan” mövzusunun görünməyən tərəfləri

Futbol
Tarix: 2019-05-22 12:00

“Henrixlə təkbətək söhbətim oldu və o, Bakıya getmək istəmədiyini bildirdi. Bu, onun şəxsi qərarıdır... Mxitaryanı Bakıya getməyə məcbur edə bilmərəm. O, ailəsiylə müzakirələrdən sonra belə qərar verib və bunu anlayışla qarsılayıram”, - bunu “Arsenal”ın baş məşqçisi Unai Emeri klub saytına müsahibəsində deyib.

 

Milliyyətcə bask olan mütəxəssis britaniyalı jurnalistlər önündə də “silah”ını yerə qoymayıb: “Azərbaycan hökumətinin Mxitaryanın Bakıda təhlükəsizliyinin təmin ediləcəyinə dair dediklərinə inanıram”.

 

Henrixin 2015 və 2018-ci illərdə də Bakıya gəlmək şansı olub. İlk dəfə Dortmund “Borussiyasının”, ötən il isə “topçular”ın heyətində. Hər iki halda erməni bu səfərdən boyun qaçırıb. Hər iki halda əvvəlcə, “təhlükəsizlik təminatı” tələb olunub, sonradan isə “getmirəm” deyilib. Maraqlıdı, təhlükəsizlik təminatını tələb edilirdisə, nəyə görə sonda aradan çıxırdılar bu məktubu tələb edənlər?

 

Düşünmək olardı ki, həm 2015, həm də 2018-də Almaniya və İngiltərə klublarına qarşı "Qəbələ"ylə  “Qarabağ” oynadığından “Mxitaryansız da qalib gələcəyik” düşüncələri ilə ermənini Bakıya gətirməyiblər. Ancaq bu dəfə vəziyyət fərqlidi. Hər halda, “Çelsi” kimi nəhənglə mübarizədə bütün “silahlar”ı əlinin altında saxlamaq istəyərsən. Əslində, Emeri də bunu deyir: “Təəssüf edirəm ki, Henrix bizimlə getmir. Ancaq bu, onun qərarıdı”.

 

Kələfin ucu görünməyə başlayır. Emeri “Azərbaycan hökumətinin zəmanətinə inanıram... Henrixi Bakıya getməyə məcbur edə bilmərəm” deməklə, bu süni “oyun”da iştirak etmək istəmədiyini qabarıq formada büruzə verir.

 

Emeri nə ingilis deyil, nə də erməni. İspaniya vətəndaşı yetərincə çəkiyə malik bir mütəxəssisdir. O, bu “oyun”da “oyuncaq” olmaq istəmir. “Mxitaryan” adlı “alət” böyük ehtimalla ermənilərin “oyuncağı”dı. O, artıq 3-cu dəfədir Azərbaycandan təhlükəsizlik təminatı aldıqdan sonra Bakıya gəlməkdən imtina erməklə özünü gülünc vəziyyətə salır. Gəlməyəcəkdinsə, təminat nəyinə lazım idi, ay “oyuncaq”?!

 

Əslində bu “vur-çatlasın”da “Arsenal” da “oyuncaq” obrazında çıxış etdi. Klub yalnız Mxitaryana görə etiraz etsəydi, buna hansısa formada don geyindirmək olardı. Ancaq “Arsenal” finala çıxdığı gündən “daş dəymiş ayı” kimi donquldanır: gah bilet sayı azlıq edir onlara, gah Hava Limanımız qane etmir, gah da UEFA onlarla məsləhətləşmədiyi üçün ittiham olunur. Ancaq UEFA rəsmilərinin əlavə 10 min bilet verməyə hazır olduqlarını bildirən məlum açıqlamasından sonra “nədənsə” “Arsenal” camiəsində “qurbağa gölünə daş atılıb”. Bəs, bütün London, İngiltərə Bakıya gəlmək istəyirdi, necə oldu, oyuna əlavə 10 bilet təşkil olunan kimi, “Arsenal” susdu?!

 

Daha bir sual: “Çelsi” rəsmiləri niyə heç nədən şikayətçi deyillər? Axı, onlar da Londondan gələcək, azarkeşləri də. Axı, onları da eyni hava limanı gözləyir, azarkeşlərini də. Deməli, problem Azərbaycanda deyil, heç problem ingilislərdə də deyil. Hər halda, hər iki klub eyni şəhərdən eyni məkana gələcək. Hər halda, hər iki klubun azarkeşləri də eyni ünvandan eyni məkana gələcək.

 

Məntiq bunu göstərir ki, “Arsenal” bu həngaməni hansısa dividend qarşılığında qoparıb. Nəzərə alsaq ki, İngiltərənin digər təmsilçisi - “Çelsi” heç bir şeydən narazılıq etmir, deməli, Böyük Britaniya hökumətinin bu prosesdə ya barmağı yoxdu, ya da “zadəganlar”a təsir mexanizmi tapa bilmirlər. Olsaydı, iki klubun ikisini də “etirazçılar” sırasına daxil edərdilər. “Mxitaryan” mövzusunu isə erməni lobbisi hər dəfə maksimum şişirtməyə çalışır. Ancaq bu dəfə “Arsenal” da “oyuncaq” olmağa razı olubsa, bu yalnız maddi maraqdan irəli gələ bilər. Hər halda, “kos-kocaman" kluba Kim Kardaşyanı təklif etməklə başını aldatmaq olmaz. Ancaq Böyük Britaniya hökumətinin məlum bəyanatını da unutmayaq. Yəni bu həngamə erməni diasporunun Böyük Britaniyanın hakim orqanları ilə “birgə layihəsi” də ola bilər.

 

Yeri gəlmişkən, Böyük Britaniya Xarici İşlər Nazirliyinin həmvətənlərinə təhlükəsizliklə bağlı xəbərdarlığına dair bir xatırlatma etmək istəyərdim. 1985-ci ildə Belçikanın “Eyzel” stadionunda Çempionlar Kubokunun finalında “Yuventus”la  “Liverpul” qarşılaşmasında ingilis fanatlar italyan azarkeşlərə hücum etdilər və nəticədə 39 futbolsevər dünyasını dəyişdi. Bundan sonra UEFA İngiltərə klublarını qitəmiqyaslı yarışlardan 5 illik kənarlaşdırdı. Dünyanın ən təhlükəli azarkeşlərinin İngiltərədə olduğunu hər kəs bildiyi halda, Bakıda hansı təhlukəsizlikdən narahatsınız?

 

Nəhayət, sonuncu məqam. Aydın məsələdir ki, finala 1 həftə qalmış heç kim oyunu başqa ölkəyə keçirməyəcək. Heç 1 ay qalmış da bunu etmək mümkünsüzdü. Bəs, məqsəd nədi? Ölkəmizdə son 7 ildə xeyli sayda beynəlxalq futbol turnirləri təşkil olunub. Heç birində də hansısa insident yaşanmayıb. Özü də diqqət yetirildikdə görünür ki, hər növbəti turnir əhəmiyyətinə görə öncəkini kölgədə qoyub. Artıq Avropa Liqasının finalını qapılarını açmışıq. Növbəti mərhələdə Avropa çempionatının final mərhələsinin 4 matçına ev sahibliyi edəcəyimiz məlumdur. Bu da ölkəmizə on minlərlə əcnəbinin gəlişi deməkdi. Bu, həm iqtisadi baxımdan olduqca sərfəlidir, həm də potensial gəlir mənbəyidir. Axı, Azərbaycana gələn bir də gəlmək istəyir. Hər halda, müharibə şəraitində yaşadığımız qonşu ölkənin diasporunu bu sevindirə bilməz. Ona görə də “Arsenal”, “Mxitaryan” adlı “oyuncaqlar”dan maksimum yararlanmaq istəyirlər.

 

 

CEYHUN ƏLİYEV

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB