TOP 10

MÖVSÜMƏ NÖQTƏ QOYARKƏN: Qırmızı, sarı, yaşıl - I YAZI

Futbol
Tarix: 2019-05-22 10:16

Azərbaycan 2018/19 mövsumünü başa vurdu. Deməli, arxada qoyduğumuz zaman kəsiyinin də yekun vurmağın əsl vaxtıdır. Sport24.az mövsümün yekunlarına həsr olunan "MÖVSÜMƏ NÖQTƏ QOYARKƏN" sərlöhvəsiylə silsilə yazılarına start verir. İlk yazıda daxili arenada çıxış etmiş futbolçulara baxış keçirəcəyik. “Qırmızı”ya düşənlər ilk növbədə özlərini gunahlandırmalıdırlarsa, “yaşıl”a keçənlərə “göylərdə uçmamağı” tövsiyə edərdik. “Sarı işıqdakılar” isə qarşıdakı mövsümdə çalışıb “yaşıllar”a qoşulmalıdırlar.

 

YAŞIL

Mövsümü aktivlərinə yazan futbolçular barədə danışarkən, Mahir Mədətovun çempionatın bombardiri olmasını qabartmalıyıq. Bəzən süst görünən “Qarabağ”ın qoleadoru bütün diqqətini futbola yönəldəndə yetərincə faydalı olmağı bacardı. “Qarabağ”da daha iki futbolçu arxada qoyduğumuz mövsümü aktivinə yaza bilər. Söhbət komandanın debütantları - Abdullah Zubir və Filip Ozobiçdən gedir. Komandanın çempionluğunda bu tandem olduqca mühüm rol oynadı.

 

Ən çox adlarından söz etdirməyi bacaranlar isə “Qəbələ” gəncləri oldu. Bəhlul Mustafazadə, Amin Seydiyev və Elvin Camalov arxada qoyduğumuz mövsümü əminliklə aktivlərinə yaza bilərlər. Legionerlərdən isə Ceyms Adeniyi əksər oyunlarda adından söz etdirməyi bacardi. Xüsusilə, qış fasiləsinədək futbol ictimaiyyətinin adını belə bilmədiyi Seydiyevi fərqləndirərdik. Bu trio həm də karyerasında ilk tutula yiyələndi.  

 

“Neftçi”yə nəzər saldıqda Səlahət Ağayev, Baqali Dabo və Emin Mahmudov kimi təcrübəlilərin adları ilə yanaşı Ömər Buludovla Anton Krivotsyuku da fərqləndirməliyik. Hər halda, perspektivli Buludovla Krivotsyuka millimizin yaxın gələcəyi gözüylə də baxmalıyıq. 

 

Mövsümü aktivinə yaza biləcək iki “Zirə”li futbolçu da var. Söhbət Bilal Həmdi və Xulio Sezar Rodrigezdən gedir. Birinci cinah reydləri ilə bütün rəqiblərinin “qara kabus”una çevrildisə, paraqvaylı forvard komandaya qış fasiləsindən sonra qoşulmasına rəğmən, aktivinə 8 qol yazdırmağı bacardı. Aleksandr Rıbka isə “Səbail” üçün əsl tapıntı oldu. Ukraynalı kiper paytaxt təmsilçisinin sıralarına qış fasiləsindən sonra qoşulsa da, komandasının əvəzolunmaz simasına çevrilməyi bacardı.

 

SARI

Bu siyahıya qeyri-sabit mövsüm keçirənlərin adlarını daxil etdik.

 

Marko Deviç. Ukrayna millisinin sabiq hücumçusu gəldiyi ilk vaxtlarda qoleadorluq bacarığını ən yüksək səviyyədə nümayiş etdirməyi bacarsa da, qış fasiləsindən sonra “Sabah” adına pozitiv işlərlə seçilmədi.

 

Mamadu Mbodj. Qış fasiləsində “Neftçi”yə transfer olunan müdafiəçi ampluası üçün fantastik məhsuldarlıq nümayiş etdirdi - 5 qol. Ancaq Mbodjun müdafiədə buraxdığı bir neçə kobud səhvi unuda bilmərik. Ona görə də hazırkı duruma görə “qeyri-sabitlər” siyahısındadır. 

 

Mirabdulla Abbasov. Qış fasiləsinədək əla futbol sərgiləyən Abbasov sonradan eyni tempi qoruya bilmədi. İndi Mirabdulla papağını qabağına qoyub düşünməlidir. Çünki bu cür oyunçular uzun müddət “sarı” siyahıda qalmırlar: ya yenidən ikiqat əzmlə çalışıb “yaşıl” siyahıya keçəcəksən, ya da tezliklə “qırmızılar”a qoşulacaqsan.

 

Aleksey İsayev. Qış fasiləsinədək ən çox adından söz etdirən oyunçu. “Sumqayıt”ın yeni transferi həqiqətən də qışadək sərgilədiyi futbolla göz oxşayırdı. Nə baş verdisə, qışda verdi. Görünən budur ki, ölkənin aparıcı klublarından aldığı təkliflər çələngindən İsayevin başı gicəlləndi.

 

Saşa Stamenkoviçin Azərbaycana ikinci dönüşü də uğurlu alınmışdı. Lakin mövsümün ilk yarısında “Sabah”ın uğurlu qrafik cızmasında böyük pay sahibi olan serbiyalı əlcək sahibi, qış fasiləsindən sonra kobud səhvlərlə yadda qaldı. Elə bunun nəticəsidir ki, sona 3 tur qalmış “Sabah” daha bir legioner qapıçı - Aleksandr Bezruka ehtiyac duydu.

 

Ağabala Ramazanov. “Səbail”in mövsümün ikinci yarısındakı uğurlarda baş qəhrəman. Ramazanov “yaşıllar”dan kənar qalmasında günahkar deyil. Sadəcə, mövsümün əvvəlində appendisitdən əməliyyat olundu, daha sonra isə zədə alaraq komandadan ayrı düşdü. Hər halda, mövsümün həlledici mərhələsində adına layiq futbol göstərməyi bacardı. 

 

Rəşad Eyubov. Bu yarımmüdafiəçi qış fasiləsinədək “Neftçi”nin ehtiyat oyunçular skamyasında oturmalı oldu. Bu da başadüşüləndi: ayağını yorğanına uyğun uzatmalısan. “Sabah”a keçdikdən sonra oyun praktikası qazanmağa başlayan Eyubov son dividend kimi millinin iyun ayında baş tutacaq oyunlarına dəvət alan futbolçuların siyahısında adına da rast gəldi.

 

QIRMIZI

Abbas Hüseynov. Mövsüm ərzində nadir hallarda meydanda göründü. Bu da yalnız cinah müdafiəçiləri kart limitini doldurduqda, ya da zədələndikdə baş verdi.

 

İnnosent Emeqara. Çempionlar Liqasının ilk oyununda “Kukesi”ni 3 dəfə cərimə meydançasında qayda pozuntusuna məcbur etdi. Vəssalam. Dəfələrlə şans qazansa da, nə qişadək, nə də qışdan sonra  heç nəylə yadda qalmadı.

 

Reynaldo Silva. Qış fasiləsində “Qarabağ”a qayıdan braziliyalı daha çox vəd verməklə yadda qaldı. Oyuna gəlincə... “Qarabağ” artıq onu yola salıb.

 

Rəhman Hacıyev. İstedadlı yarımmüdafiəçiyə Roberto Bordinin komandasında yer tapılmadı. Əksər hallarda son dəqiqələrdə oyuna daxil edildi.

 

Məhəmməd Mirzəbəyov. Rəqabətdə Tural Axundova uduzdu. Ancaq bir dəfə real şans qazanmışdı. Axundov “Səbail”lə matçda kobud səhv etdi. Bu səhv Mirzəbəyov üçün bir şans yaratdı. Lakin “Sabah”la görüşdə hesab 3:0 olduğu halda, simulyasiya etdi və ikinci sarıyla “qəbrini qazdı”. Bundan sonra o, bir daha “ağ-qara” forma geyinmədi. Müqavilə müddəti başa çatdıqdan sonra Mirzəbəyovla yollar ayrıldı. 

 

Pərdis Fərcad Azad. Qış fasiləsində Samir Abasov onu komandasında görmədiyini bildirsə də, İran əsilli forvard özünə klub axtarmadı. Əksinə, gününü “Zirə”nin əvəzedici komandasında keçirməyi üstün tutdu, nəinki daha az maaşa başqa komandada oynamağı.

 

Atilla Yıldırım. İşgüzarlığı, əzmkarlığı ilə seçilən forvard meydanda hər şey edirdi. Bircə əsas işini həyata keçirmirdi - qol vurmağı. III dövrənin son turunda “Sabah”la 1:1-lik heç-heçədən sonra əvəzedici komandaya göndərildi. Müqavilə müddəti başa çatdı və artıq “Sumqayıt”dan ayrılıb. 

 

Amil Yunanov. “Sumqayıt”da əla mövsüm keçirdikdən sonra milliyə də dəvət aldı. Bundan sonra futbolu unudub hərrac formasında “kim çox verəcək” fikrinə düşdü. Yekunda milliyə dəvət almır, xidmətinə maraq da minimuma enib.

 

Təmkin Xəlilzadə. İlyarima 3 klubda forma geyinmək yaxşı sonluq vəd edə bilməzdi. “Zirə”də parlasa da, qəsəbə təmsilçisi onu sevə-sevə “Qəbələ”yə satdı. “Qırmızı-qara” formada da qısa zaman kəsiyində “adından söz etdirdi”. “Sabah”a keçdikdən sonra isə aydın oldu ki, ilk iki klubdakı macəralardan dərs çıxarmayıb. Başa çatan mövsüm bir yana, ümumiyyətlə, karyerası təhlükə altındadır.

 

CEYHUN ƏLİYEV

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB