TOP 10

Bezotosnı "Qəbələ"ylə daha aşağı şərtlərlə yeni müqaviləni müzakirə etməyə hazırdı: "Qalmaq istəyirəm və klubdan cavab gözləyirəm"

Futbol
Tarix: 2019-05-21 15:36

Hələ "Qəbələ" klubunun rəsmi qəzetində işlədiyim vaxtdan yaxşı tanıdığım ukraynalı qapıçı Dmitri Bezotosnı. Elə həmin vaxt da ondan müsahibə almaq müşkül idi. Hətta klubun qəzetinə də danışmağa meyli yox idi. Mənimlə probelmi yox idi, sadəcə, müsahibə verməyi xoşlamırdı. Günlər, aylar, illər keçdi, indi Bezotosnının "Qəbələ" karyerası bitmək üzrədi. Ona görə yox ki, Dmitri bu klubda daha çıxışını davam etdirmək istəmir. "Qəbələ" də onu saxlamaq istərdi, sadəcə, büdcəsi buna imkan vermir.

 

Bezotosnıyla vəziyyətlə bağlı təfərrüatı öyrənmək üçün əlaqə saxlamağı qərara alanda, ilk olaraq danışmaqdan boyun qaçıracağını ağlıma gətirdim. Axı, o, yaxşı vaxtlarda belə açıqlama vermirdi, qalmışdı indi. Nə isə, şansımı yoxlamağı lazım bilərək Dimaya telefon açdım. Mətbuatdan olduğumu biləndə, telefonu üzümə qapamadı. Sadəcə, onu diqqətimə çatdırdı ki, mobil telefonunun "zayradka"sı cəmi 3 faizdi, özü də taksi gözləyir, mümkünsə sonra danışarıq. Mən də "oldu, vəziyyətini anlayışla qarşılayıram, yenə zəng edəcəm, götürəcəksənmi" dedim. Ondan "hə" cavabı alsam da, bunun səmimi olmadığı, mənə variant gəldiyi fikirləri məni buraxmırdı. Ancaq zənnim məni yanıltdı. Bezotosnı sözünün üstündə durdu və bir müddət sonra onunla əlaqə saxlayanda, "tanıdım, mənə zəng vurmuşdunuz, buyurun, danışa bilərək" dedi. Və mən onu "sual yağışı"na tutdum. Elə isə, monitora yaxın əyləşin...

 

- Əvvəla, qələbə münasibətilə səni təbrik edirəm. Final oyununa əsas heyətdə yer alsan da, isinmə hərəkətləri zamanı zədələnərək adın protokoldan çıxarıldı. Həmin vəziyyətdə nə baş verdi? Köhnə zədəni təzələdin?

- Təbrikə görə sağ olun. Bəli, həminki yerdən zədələndim. Elə də ciddi deyildi. Hətta meydanı dərhal tərk etmədim, özümü sınadım ki, oynaya bilərəmmi. Finalda iştirak etmək istəyirdim. Bu haqda düşünürdüm, ancaq alınmadı. Çünki zədə imkan vermədi. İndi yenə müalicə olunacağıq.

 

- Ancaq səni məhz bu final matçına hazırlaşdırırdılar, uzun müddət müalicən getmişdi...

- Bəli-bəli. Heç bir şey mane olmurdu, hər şey normal idi. Hətta oyuna 1 gün qalmış son məşqdə də iştirak etdim. Topla çalışdım, hər şey yaxşı idi. Oyunöncəsi də ayaqla topu vurmalı, onu oyuna daxil etmək üzərində işləməli idim. Ancaq nə oldusa, oldu və oyuna çıxa bilmədim.

 

- Güclü ağrı hiss etdin?  

- Bəli, Qəbələdə zədələndiyim kimi topa vurduqdan sonra səs eşitdim. 

 

- "Qəbələ"ylə bağlı olan Azərbaycandakı 4,5 il karyeranda nəhayət, titul qazandın. Ancaq yaman çox gözləməli oldun. Səncə, niyə bu qədər uzunmmüdətli oldu?

- Bəli, bunadək Azərbayan Kubokunun çox finalında iştirak etmişdim və uduzmuşdum. Açığı, finalöncəsi çox üzgün idim ki, bu da başadüşülən idi. Çünki son anda yenidən zədələnərək komandama kömək edə bilmədim. Oyundan sonra komanda yoldaşlarıma və rəhbərliyə yaxınlaşıb dedim ki, deməli, belə lazım imiş. Taleyimizə belə yazılıbmış ki, bu finalda oynamaq qismətimdə deyilmiş. Mən oynasaydım, nəticə necə olacaqdı...Dərhal bu haqda fikirləşdim. Biilmirəm necə olardı. 

 

- Necə deyərlər, hər bir işdə xeyir var..

- Elədi, həyatda nə baş verirsə, xeyirliyə olur. Belə olmalı imiş ki, həmin gün kənarda qalacaqdım, komandamız finalı qazanacaqdı.

 

- Həmin vaxt səndə bir narahatçılıq olmadı ki, rəqib bir qədər üstünlük qazandı? Anar Nəzirov nə qədər təcrübəli qapıçı olsa da, hər halda, Dmitri Bezotosnı deyil...

- Necə deyim, Anar mən deyil, mən də Anar. Başa düşürsünüz, hər birimizin müsbət və mənfi cəhətləri var. Hər bir oyunçuda səhvlər olur. Təkcə mənlə Anarda yox, digər komanda yoldaşlarımda da. Hamımızda epizodlarda müxtəlif top itkiləri olur, bunlar da səhvlərdi. Qapıya nə qədər yaxınsansa, bu səhvlər o qədər qiymətli olur. Hücumçudan qapıçıya götürsək, hücumçu qolu vurmursa, qorxulu deyil, yarımmüdafiəçilər səhv edirsə, elə də narahatedici vəziyyət deyil, müdafiəçilər bunu edirsə, bu, artıq daha təhlükəli olur. Qapıçı səhv edirsə isə artıq hamı bunu görür, bu haqda danışır. 

 

- "Qəbələ" ən yaxşı vaxtlarında bu uğuru qazanmadı. Ancaq indi həm heyət, həm də maddi baxımdan aşağı vəziyyətində tarixində ilk titulunu əldə edir. Buna necə izah tapırsan? Uğurunuzda həlledici nə oldu?

- Əvvəllər kubokda daha çox "Qarabağ"la yolumuz kəsişirdi, hətta finalda qarşılaşmışdıq. Ancaq yenə bilməmişdik. Budəfəsə "Qarabağ"ı keçdik. Bilmirəm, nəylə bağlıdı. Yəqin, belə olmalıymış, konkret səbəb göstərə bilmərəm. Bu üzdən sizə dəqiq cavab verə bilmərəm ki, niyə belə oldu. Hər oyuna qələbə üçün çıxırıq, qazanmaq istəyirik. "Qarabağ"a çempionatda da qalib gəlmək istəyirdik. 

 

- 36 yaşlı Dmitri Bezotosnının futbolçu karyerasında ilk qızıl medal. Yəqin ki, bu, baxımdan sənin üçün çox dəyərlidi...

- Doğru qeyd etdiniz ki, karyeramda ilk "qızıl"dı və sizinlə tam razıyam ki, mənim üçün böyük dəyərə malikdi. Mənə çox xoşdur ki, futbol ilim belə major notda bitdi. 

 

- Mövsümün əvvəlində titul qazanacağınızı gözləyirdin? Çünki indiki "Qəbələ" o vaxtkı "Qəbələ" deyil...

-  Onu nəzərdə tutursunuz ki, yaxşı vaxtımızda bir şey qazanmadıq, ancaq indi bir az pis vəziyyətdi, kubok götürdük?

 

- Həmin vaxtlardakı "Qəbələ" indikindən çox fərqlənir. Çünki heyətiniz, maddi durumunuz çox yaxşı, baş məşqçiniz güclü mütəxəssis Roman Qriqorçuk idi. Ancaq indi nə bunlar var, nə də Tale Heydərov daha klub prezidentinizdi....

- Bəli, ola bilər ki, həmin heyət bir az daha yaxşı idi və onunla iki il ardıcıl Avropa Liqasının qrupunda oynamışıq. Bu da hər bir futbolçu üçün nailiyyətdi. Şəxsi fikrim belədir ki, avrokuboklarda nəticə qazanmaq daha çətindi. Həmin heyətlə "Qarabağ"a qarşı çıxış edirdik. Ancaq onda "Qarabağ" da güclü, balanslaşmış heyətə malik idi, yaxşı futbolçuları vardı. Ola bilər, bəlkə buna görə onları titul mübarizəsində üstələyə bilmirdik. İndi bu haqda danışmaq çətindi və açığı, bunun xırdalığına varmaq da istəmirəm. 

 

- Maraqlıdı ki, keçmiş "Qəbələ"lilərdən kim sənə təbrik üçün zəng edib, yaxud təbrik mesajı yazıb?

- Vitali Vernidub, Aleksey Qay məni təbrik edib. "Qəbələ"nin keçmiş futbolularından hələ ki bu iki nəfərdi. 

 

- Bəs, Qriqorçukla əlaqən olub?

- Hələ yox. Eşitdim ki, digərlərini təbrik edib.

 

- Bizim sayta açıqlamasında bütün "Qəbələ"liləri təbrik edib...

- Məni şəxsən hələ ki təbrik etməyib. Ola bilər ki, indi bizim hayımızda deyil, öz oyunları və problemləri var. 

 

- Ümumiyyətlə, Roman İosifoviç burdan gedəndən sonra onunla əlaqən var?

- Hələ ki ünsiyyət qurmamışıq.

 

- Gəldik, əsas məsələyə. "Qəbələ"ylə müqavilən bitdi. Komandada qalacaqsan, yoxsa..?

- Açığı, hələ bunu şərhsiz qoyardım. Çünki şərh etməyə bir şey yoxdu (gülür). Hələ ki sakitçilikdi, hamımız gözləyirik. 

 

- Nə vaxt Azərbaycanı tərk edirsən?

- Bu gün.

 

- Belə çıxır ki, lazım olsa, səninlə əlaqə saxlayaraq yeni müqavilə məsələsini danışacaqsınız?

- Yəqin ki, belədi. Real vəziyyət belədi. Klub rəhbərliyində koordinatlarım var, lazım olsa, mənimlə əlaqə saxlaya bilərlər. Gözləyəcəyik.

 

- Ancaq əvvəllər səndə belə olmazdı. Yəni, istirahətə getməmiş başa çatan müqaviləni uzatmaqla bağlı rəhbərliklə danışaraq müsbət nəticəyə gələrdiniz...

- Bəli, bundan sonra istirahətə gedirdim. Hələ fevralda məsələni danışırdım. Çünki ailəm var, uşaqlarım məktəbə, baxçaya gedir. İndi də rəhbərliyə yaxınlaşdım. Mənə dedilər ki, hələ bir şey deyə bilmərik. Dedilər ki, əsas kuboku götürmək, çempionatda yer tutaraq Avroliqaya çıxmaqdı. Biz də buna kuboku qazanmaqla nail olduq. Bu, ikiqat xoş oldu. İndisə hələ ki gözləyirik.

 

- Belə başa düşdüm ki, "Qəbələ"də qalmaq istəyirsən...  

- Əlbəttə, bu məqsədlə rəhbərliyə yaxınlaşaraq söhbətləşdim. Elə insanlardan deyiləm ki, vəziyyəti köklü dəyişməyi istəyim. Zaporojye "Metallurq"unda da, Odessa "Çernomorets"ində də uzun müddət çıxış etmişəm. "Qəbələ"də də qalsam, qışda 5-ci ilim olacaq. Yarım ildən bir klub dəyişən deyiləm. Müqavilən bitir, anlaşmanı uzatmaq, komandaya kömək etmək istəyirsən. Bu fikirlə yaşayırsan. Hər komanda yarım il olanda isə heç nə hiss etmirsən. Yenicə kollektivə uyğunlaşırsan ki, gedəsi olursan - ya özün komandanı tərk edirsən, ya da səni qovurlar. Bu da mənə elə gəlir ki, futbolunu bir az "sındırır". 

 

- "Qəbələ"də belə qeyri-müəyyənliyi görürsən. Maraqlıdı, digər variantların var? Ukraynadan və ya başqa ölkələrdən?

- Hələ ki şərhsiz. Hazırda bütün fikrilərim "Qəbələ"ylə bağlıdı. 

 

- Bəs Azərbaycanda qalaraq karyeranı digər klubumuzda davam etdirmək variantına necə baxırsan?

- Bilmirəm. Dediyim kimi, hələ ki mənim üçün ön planda "Qəbələ"di. Bu olan halda Azərbaycanda başqa variant ola bilməz.

 

- Biz də "Qəbələ"də qalaraq komandaya kömək etməyini istərdik. Birdən ölkəmizdən birdəfəlik gedəsi olsan, hansı hisslərlə buranı tərk edirsən?

- 5 il bir yerdə yaşayırsan, futbol oynayırsan...Aydın məsələdir ki, belə uzun müddətdən sonra getmək xoş an deyil. Ancaq axı, bu, futboldu. Vəziyyəti izah etmək üçün söz tapa bilmirəm, çünki başa düşürsən ki, burdan getmək istəmirsən. Səni istəmirlərsə, bu, ayrı məsələdi. Ancaq biri də var ki, sən də qalmaq istəyirsən, klub da səni saxlamaq istəyir. Sadəcə, hansısa məqamda ortaq məxrəcə gələ bilməyəndə, tam başqa hisslər olur. 

 

- Birdən klub deyir ki, növbəti mövsdümə büdcəmiz 2-3 dəfə azalıb, sənə də əvvəlkindən bu qədər az məbləğdə müqavilə təklif edirik. Bunu qəbul etməyə, qalmaq istədiyin "Qəbələ"yə bu güzəştə gedərsən?

- Belə vəziyyət olarsa, söhbətləşəcəyik. Başa düşürsünüz, biz insanlarıq, danışa bilərik. Buna açığıq, oturub bir stəkan çay arxasında məsələni müzakirə edə, razılaşa bilərik. 

 

- Onu demək olarmı ki, karyeranı qurtarmaq haqda hələ düşünmürsən?

- Hələ yox. Daxilən özümü yaşımdan bir az cavan hiss edirəm. Necə ki Ronaldo "Yuventus"a gələndə 33 yaşı vardı, ancaq tibbi müayinə fiziki göstəricilərinə görə 25 yaşlı futbolçu olduğunu göstərdi. Əsas odur ki, formamı saxlayım və oynayım.

 

- İstirahətə Vətəninə gedirsən, yoxsa bir kurort ölkəsinə?

- Yox, evə gedəcəm. Orda artıq yarım ildi olmamışam. Gərək həm valideynlərimə, həm də dost-tanışlarıma baş çəkim. Bilirsiniz, bizdə istirahət elə də uzun deyil ki, harasa başqa yerlərə gedəsən. İki həftədirsə, bu müddətdən səmərli istifadə etməliyik.

 

- Və bu müddətdə birdən Qriqorçukdan zəng gəldi ki, dur gəl, Qazaxıstana, "Astana"da rəhbərliyim altında çıxış et...

- Bilmirəm. Hələ bu haqda düşünmürəm. "Qəbələ"dən cavab gözləyirəm. Başqa şeyi fikrimdən belə keçirmirəm. 

 

 

MEHMAN SÜLEYMANOV

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB