TOP 10

Naxçıvanda 1 gün: “Qəbələ”nin qəniməti, 15 manat, çobanaldadan, Atilla və sazan 

Futbol
Tarix: 2019-05-20 11:41

Ölkə Kubokunun finalı alındı! Bütün çətinliklərə baxmayaraq, alındı! İstər meydandakı səhnə, istərsə də oyunətrafı.

 

 

Sürücü həmrəyliyi

Səhər saatlarında Hava Limanında lövbər salan taksilərin əsl bayramıdır. Bu da başadüşüləndir. Axı, Bakı-Naxçıvan reysi eniş edib. Sürücülər əsl həmrəylik nümunəsi göstərir: “Duzdağ” hotelinə 15 manata! “Xalturşik” yox, yerli taksi xidmətləri şirkətlərinin nömrəsini də bilmirəm. Ehtiyat vaxtımın olması iki “Qəbələ” fanatı ilə çay süfrəsi arxasında xeyli fikir mübadiləsi aparmağım üçün imkan yaradır. Ziyalı təbəqəyə aid olan bu şəxslərlə xeyli maraqlı debat aparsaq da, sonda hər kəs öz fikrində qaldı.

 

İndi isə taksiyə! Sürücü futbolla maraqlandığını bildirsə də, yalnız Naxçıvanın mərkəzi arenasının yerləşdiyi məkanı tanımasıyla öyündü. Belədə, yarım saatlıq yolu “suallara cavab” mövzusuna həsr etməli oldum. Amma bir gileyi ürəyimcə oldu: “Komandalara ad tapa bilmirlər? Niyə ancaq təmsil etdikləri şəhərin adını daşıyırlar”? Misal kimi “Neftçi”ylə “Qarabağ”ın adını çəkdi, rəhmətlik Böyükağa Hacıyevi ehtiramla xatırladı.

 

 

“Çobanaldadan”

...Start fitinə 2 saat qalmış artıq stadiondaydım. İki il əvvəlkindən fərqli, bu dəfə media üçün üstüörtülü zona yaradılmışdı. Sadə formada, ancaq əvvəlki səfərimi xatırlayanda, yaradılan şəraiti bayram kimi qarşıladım. Tribunalar yavaş-yavaş dolmağa başlayırdı. Bir neçə foto çəkmək, stadiondakı ab-havanı nümayiş etdirən videosüjet etmək üçün aşağı endim. Elə bu zaman leysan başladı və... Yerimi tutmaq üçün geri qayıtdıqda 8 jurnalist üçün ayrılan yerdə 50-70 azarkeşin toplaşdığını gördüm. Yağışdan gizlənmək üçün süni çətir altına toplaşmışdılar. Yaşlı azarkeşlərdən biri şirin Naxçıvan ləhçəsində “ə bə bu, çobanaldadan yağışdı. İndi kəsəcək” deməklə, hamını sakitləşdirdi. Doğrudan da leysan cəmi 10-15 dəqiqə davam etdi. Bundan sonra isə...

 

Qarşılaşmadan əvvəl təşkil olunan konsert əsasən iki təbəqənin ürəyincə oldu. Söhbət  azyaşlı uşaqlar və bir tribunanı tam doldurmuş əsgərlərdən gedir. Tünzalə Ağayevanın xüsusilə milli ruhda səsləndirdiyi parçalar böyük coşquyla qarşılanırdı. Azarkeşlərin əlindəki çoxsaylı bayraqların olması da bir qürur hissi doğururdu. 

 

 

“Məclisə aş gəlir”

Nəhayət, “məclisə aş gəlir!”. “Sumqayıt”la “Qəbələ” meydana daxil olurlar. Start fitinə azacıq qalmış “Qəbələ”nin mətbuat katibi Anar Hacıyev “bir proqnoz ver” deyərək, bəndənizə müraciət edir. Barmağıma “1” göstərirəm və “udacaqsınız” deyirəm. Əlbəttə, proqnozu əsaslandırmağa vaxt qalmır. Bir neçə saniyədən sonra İnqilab Məmmədovun start fiti bütün diqqətimizi meydana yönəltməyə vadar edir. 

 

Oyun haqda geniş yazmağa zərurət yoxdu. Sadəcə, “Qəbələ”nin Kuboku götürməyə məhkum olduğunu vurğulayaq. “Qırmızı-qaralar”ın zədə epidemiyası da Kuboku qazanmaqlarına mane ola bilməzdi. Cavid Hüseynovu bu qədər istəkli yaxın illərdə görməmişdim. Yağışdan sonrakı buxarlanma hər bir futbolçunun boğulmasinı şərtləndirmişdir. Belədə,  matçın sonlarında hamı taqətdən düşər. Ancaq bu, “Qəbələ”nin kapitanına şamil edilə bilməzdi. Hüseynovun ötən axşam sözün həqiqi mənasında meydanda canını qoydu. Onun bu nümunəsi komanda yoldaşlarına da əlavə enerji verirdi.

 

Bəs, “Sumqayıt”? “Gənclik şəhəri” təmsilçisinin “bostanına daş atmaq” ən böyük ədalətsizlik olardı. Ayxan Abbasovun komandası onsuz da boyundan hündürə tullanmışdı. Ancaq “Sumqayıt” ifaçıların fərdi ustalığında geri qalmasını istəklə müəyyən mənada kompensasiya edə bilərdisə, təcrübəyə məlhəm tapa bilməzdi. Bax, bu amil də “Qəbələ”nin qalib gələcəyini proqnozlaşdırmağımı şərtləndirirdi.

 

Doğrudu, əsas vaxtın son dəqiqələrində “Sumqayıt” bərabərlik qolunu vura bilərdi. Ancaq oyun başlayandan həyəcanı boğa bilməyən komandanın kapitanı Vurğun Hüseynov da boş qapıya başla zərbəni sərrast yerinə yetirə bilmədi və top qapıya paralel istiqaməti tutdu.

 

 

Haqq edilən qənimət


Yekunlaşdıraq. “Qəbələ” tarixində ilk tituluna layiqli qovuşdu. Söhbət heç də tək final görüşündən getmir. Yarımfinalda “Qarabağ” kimi rəqibdən çəkinməyərək, dişini-dişinə qıcayaraq mərhələni adlamaq çox şeyə dəyərdi. Bu zəhmətin bəhrəsi də sonda Naxçıvandan “Qəbələ” muzeyinə aparılan Kubok oldu.

 

Ölkə Kubokunun finalı alındı! Bütün çətinliklərə baxmayaraq, alındı! İstər meydandakı səhnə, istərsə də oyunətrafı... Heç diktorun əvəzetmə zamanı adı protokolda belə olmayan Atilla Yıldırımın oyuna daxil olduğunu elan etməsi də ümumi mənzərəni pozmadı. 

 

CEYHUN ƏLİYEV, Bakı-Naxçıvan-Bakı

 

P.S. Naxçıvana gəlib sazan yeməmək günah olardı. Gecə saatlarında olsa da, istəyimə çatdım və günaha batmadım.

 

P.P.S. İstənilən səfərdən qayıdarkən, təəssüratlarımı təyyarədə yığıram. Son cümləni də Xəzər dənizinin üstündən keçərkən yazdım.

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB