TOP 10

"Professor" Kuboku qazanmağın "resept"ini göstərdi: "Finalda favorit olmur, oyun adətən sönük, maraqsız keçir, qol az olur"

Futbol
Tarix: 2019-05-19 12:38

Azərbaycan futbolunun "Professor"u Mahmud Qurbanov. 11 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi olan 46 yaşlı keçmiş yarımmüdafiəçi bu iki göstəricidə futbolumuzun rekorçusudu. Son mövsümü "Neftçi-2"nin baş məşqçisi kimi I Divizionun bürünc medalçısı olan Qurbanov Azərbaycan Kubokunun budəfəki finalı öncə düşüncələrini Sport24.az-a bölüşdü.

 

- Budəfəki finaldan gözləntiniz nədi?

- Finalda favorit olmur. Çempionatda etdiyin çıxışdan asılı olmayaraq belə matçlarda favorit göstərə bilmərik. Final matçları çox vaxt bir az sönük keçir. Çünki bu görüşün iştirakçıları daha çox ona fikir verirlər ki, top buraxmasınlar. Qol vursalar da olar, vurmasalar da, əsas qapısını toxunulmaz qorumaqdı. Bu, şəxsi fikrimdi ki, final oyunları gözlənildiyi kimi maraqlı keçmir. Budəfəki finala mən də gedib baxmaq istərdim. Ancaq əfsuslar olsun ki, stadiondan izləyə bilməyəcəm. Qarşılaşma Bakıda olsaydı, stadiona gedərdim. Ancaq Naxçıvandadı, televiziyadan izləyəcəm. Finalçılara uğurlar arzulayıram. Hər iki komanda çempionatdan avrokuboklara vəsiqə qazanmayandı. "Sumqayıt", ümumiyyətlə, tarixində ilk dəfə finala çıxıb. "Qəbələ" neçə dəfə çıxsa da, uduzub. Elə biri Naxçıvanda olub ki, buna stadiondan canlı şahid olmuşam. 

 

- Onda millimizin məşqçisi kimi Naxçıvana yollanmışdınız...

- Bəli, onda milliyə görə getmişdim, futbolçulara baxırdım. 2017-ci il idi və "Qəbələ" həmin finalda "Qarabağ"a 0:2 hesabıyla uduzdu. Budəfəki finalçılardan kim qalib gəlsə, ilk dəfə Azərbaycan Kubokunu qazanan tərəf olacaq. Yaxşı bilirlər ki, Avropaya vəsiqə yalnız finaldan asılıdı. Arzu edirəm ki, maraqlı bir matçın şahidi olaq. Dediklərim tam əksinə çıxsın (gülür). Yəni bol qollu, maraqlı oyun olsun, biz də bunu izləyək.

 

- "Qəbələ" son illərdə hər zaman iddialı olub, "Sumqayıt" isə heç vaxt medalçılar sırasında olmayıb. Buna əsasən Sənan Qurbanovun komandasını daha şanslı saymaq olarmı?

- Yox. Ümumiyyətlə, heç bir komandanı favorit saymıram. Fərqi yoxdu, "Qəbələ" və ya "Sumqayıt" deyil, başqa komandalar da finalda olsaydı, bunu deyərdim. Bu, finaldı, bir oyundan ibarətdi. Düşünürəm ki, ola bilər futbolçular çempionatda göstərmədikləri ən yaxşı oyunlarını, əzmkarlıqlarını finalda nümayiş etdirsinlər. Bu baxımdan deyirəm ki, final matçının favoriti olmur. 

 

- Ümumiyyətlə, budəfəkin finalın iştirakçıları sizin üçün gözlənilməz olmadı?

- Desəm ki, gözləmirdim, səhv olacaq. Desəm ki, gözləyirdim, yenə yanlış olacaq. Çempionatla kubok fərqlənir. Bu bildiyiniz kimi, iştirakçılarla bağlıdı və bunu daha çox Avropada görürük. Düşünürəm ki, "Qəbələ"ylə "Sumqayıt" finala çıxıblarsa, deməli, ən layiqli idilər. Onların əziyyətlərini də yerə vurmaq olmaz ki, digərləri çıxmalı idilər. 

 

- Naxçıvandakı finalın ab-havasını görmüsünüz. Necə düşünürsünüz, qazon, ən əsası, isti hava şəraiti oyuna mənfi təsirini göstərəcəkmi?

- Başqa amilləri nəzərə alsaq - fərqi yoxdu Naxçıvan olsun, başqa bölgələrimizdı olsun - həmişə təsirini göstərir. Bu zaman məkan fərq etmir. Ancaq düşünürəm ki, heç bir kənar amil komandalara təsir etməməlidi. Bu, həlledici görüşdü, ölkəmizin Kubokunun qalibi müəyyənləşir. Bir az tez oynadılar, gec oynadılar, yaxud projektor olmadı - bunlar arxa plana keçməlidi. Əvvəllər də çempionat oyunları elə olurdu ki, saat 5-də oynayırdıq. Yaxud 28 mayda Kubokun finalında bu saatda meydana çıxırdıq. Burda bir problem görmürəm.

 

- Onda digər amilə toxunaq. "Qəbələ" ardıcıl 3, ümumilikdə 4 dəfə finala çıxır və hamısında uduzub. "Sumqayıt" isə tarixində ilk dəfə bu görüşdə iştirak edəcək. Düşünmürsnüz ki, "Qəbələ" nəticəyə görə rəqibiylə müqayisədə daha çox təzyiq altında, psixoloji gərginlikdə olacaq?

- Gərginlik hər iki komandada olacaq. Burda fərq etmir ki, biri 4-cü, digəri -1-ci dəfə çıxır. Final finaldı, bura neçə dəfə çıxıb-çıxmamağından asılı olmayaraq futbolçularda, hamıda gərginlik olacaq. Bunu danmaq olmaz. Ancaq baxır gərginlikdə kimdə necə olacaq. Kimdə daha çox, onun öz ziyanına işləyəcək. 

 

- Azərbaycan Kubokunun qazanmağın ən yaxşı "resept"ini Mahmud Qurbanovdan yaxşı bilən olmaz. Hər halda, bu turnirə ən çox qazanan kimi rekordçusunuz...

- Kim daha çox istəkli, bu oyuna köklənsə, o da qazanan tərəf olacaq. Final oyunu həmişə ağır olur. Özüm oynadığım dövrdə də bunu görmüşəm, uzatma vaxtında da udmuşuq. Minimal hesabla da qalib gəldiyimiz qarşılaşma olub. Həlledici matça hər iki komanda "kozır"larını açıb ortaya qoyacaq. Finalad istək, mübarizə və çempionatda göstərdiyimiz ən yaxşı oyun göstərmək lazımdı. Burdan o yana yoxdu. Burdan o yana 2-3 ay dincəlməkdi - futbol yoxdu.

 

- Avropa qatarı"na son biletdi, o da yalnız bir komandaya çatacaq...

- Bəli. Bu, mənim məsləhətim deyil. Sadəcə, futbolçu karyeramdan belə bilərək düşünürəm. Ola bilsin ki, kimsə başqa cür düşünür. Avropaya getmək, oynamaq, özlərini göstərmək istəyirlərsə, bu finalı udmaq lazımdı. 

 

- Səncə, oyun əlavə vaxta, hətta penaltilər seriyasına gedəcəkmi?

- Finalda hər şey ola bilər. Komandanın indiki vəziyyətindən, qarşılaşmaya necə hazırlaşmağından, aparıcı futbolçuların necə oynamağından çox şey asılıdı. Ola ilər ki, heyətdəki itkilər də təsirini göstərsin. Niyə də etməsin? Aparıcı, oyunu aparan futbolçuların finalda olmamağı əlbəttə, sözünü deyir. Ancaq elə də çox təsir etməməlidi. Hər iki komandada kifayət qədər futbolçu var. 

 

- Mahmud Qurbanov üçün ən yaddaqalan final, kubok hansıdı?

- Hamısı. Hansını desəniz, deyərəm ki, yaddaqalandı. Elə şeylər unudulmur. Lap futbolu qurtarandan sonra da insanın yaddaşında qalır. 

 

- 11 dəfə Azərbaycan çempionu olmusunuz ki, bu, yaxın gələcəkdə çətin qırılsın. Ancaq kubokda sizi daban-dabana izləyənlər var. Bunlar "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla vitse-kapitanı Maksim Medvedevdi. Sizcə, rekordunuz təkrarlanacaq?

- Düzünü deyim, bu rekordlar heç vaxt ömürlük olmur. Kimsə gəlib həmişə kiminsə rekordunu qırır. Bu, futboldu, belə olur. Yəqin ki, nə vaxtsa kimsə gəlib məni də keçəcək. Bu, normaldı, futbol həyatının qanunudu. Yəqin ki, belə olacaq, rekordun həmişəlik davam edəsi deyil (gülür). İstərdim ki, rekordum qalsın, ancaq mən istəməklə deyil. Kubokda rekorda çatmalarına lap az qalıb. Həm Rəşad, həm də Maksim futbolçu karyeralarını davam etdirirlər və ola bilər ki, gəlib məni keçsinlər. 

 

 

MEHMAN SÜLEYMANOV

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB