TOP 10

“Naxçıvan döyüşü”nün “sərkərdələr”i Sport24.az-ın “səngər”ində

Futbol
Tarix: 2019-05-19 00:00

Bu gün ölkə Kubokunun qalibi müəyyənləşəcək. Finalda qarşılaşan hər iki komanda - həm “Qəbələ”, həm də “Sumqayıt” üçün bu titul bir ilk olacaq. Hər iki komanda ötən axşam Naxçıvanda məşqə çıxdı. Bundan sonra isə həm “Qəbələ”nin, həm də “Sumqayıt”ın baş məşqçisinə eyni suallarla müraciət etdik. Bəs Ayxan Abbasovla Sənan Qurbanovun Sport24.az-a verdiəri cavablar necə, eyni idimi?

 

- Meydançanın vəziyyəti necə idi? Oyunun isti havada keçməsi komandanıza mane olmayacaq?

 

S.Q: Meydança o qədər də pis deyil. Hava şəraiti də gözlədiyimizdən o qədər də isti olmadı. Görək, oyun günü necə olacaq. Proqnoz belə göstərir ki, çox isti olmamalıdı. İstənilən halda, bu, ikinci planda olan bir şeylərdi. Meydança, hava amili bizə təsir etməməlidi. Çünki şərtlər iki komanda üçün də eynidi. Fikrimizi ancaq kuboku necə qazana bilməyə yönəltmişik. Çalışırıq ki, bunu futbolçulara aşılayaq.

 

 

A.A: Naxçıvanda məşq etdik. Düşünürəm ki, meydançanın durumu istədiyimiz səviyyədə oyun keçirmək üçün bizə mane olmayacaq. Havanın isti olması oyunun aşağı tempdə keçməsini şərtləndirə bilər. Ancaq məşq günü hava sərin idi. Ümid edirik ki, oyunda da futbol üçün münasib hava olar.

 

- Qarşılaşma 17:00-da start götürür. Matç penalti seriyalarına getsə, projektorsuz keçinmək olacaqmı?

S.Q: İki gün bundan qabaq burda hava çox isti idi. Ona görə hər iki komanda tərəfindən təklif oldu və bunu nəzərə alaraq qarşılaşmanın başlanma saatını daha 30 dəqiqə geri çəkdilər. Yəqin ki, oyunun başlama saatını 17:00-da çəkəndə penaltilər seriyasını da nəzərə alıblar. Burda da hava 9-a işləmiş qaralır. Burda oturub müzakirə etdilər ki, penaltilər olarsa, o dərəcədə problem olmamalıdı. Yəni, göz gözü görür. Hər şeyi oyun göstərəcək.

 

 

A.A: Hava 20:10-da tam qaralır. Yəqin oyun o vaxta qədər çəkməz. Həm də ümid edirəm ki, oyun 90 dəqiqədə bitər...bizim xeyrimizə!

 

- Məşqlərdə penaltı seriyasina hazırlaşmısınızmı?

 

S.Q: Son məşqimizi futbolçularımızın orqanizminin matça hazır olması məqsədilə idi. Lazım olan prosesləri Bakıda keçmişik. Oyun hansı məcraya getsə, ona hazırıq - əlavə vaxta da, penaltilər seriyasına da.

 

 

A.A: Bu, final qarşılaşmasıdı. Tək oyundu. Bilirik ki, nələr baş verə bilər. Ona görə də matça hərtərəfli hazırlaşmışdıq. O cümlədən penaltilərə də.

 

- Kubok Sumqayıta gedəcək, yoxsa Qəbələyə?

 

S.Q: Dördüncü dəfə final oynayacağıq. Futbolçular da məsulliyyəti dərk edirlər. Çalışacağıq meydançada əlimizdən gələn nədi, onu edək ki, o kuboku nəhayət, qazana bilək. Ancaq zaman hər şeyi göstərəcək.

 

 

A.A: Ümid edirəm Sumqayıta gedər.

 

- Sənan Qurbanovun oyunu kənardan izləməsi “Qəbələ”yə mənfi təsir edəcəkmi?

S.Q: Cəza üzündən "texniki zona"dan kənarda olsam da, əsas odur komanda meydançada olacaq. Biz məşqçilər olaraq tapşırıqlarımızı verəcəyik. Matçda mobil, maksimal konsentrasiyalı komanda gözləyirəm. Heç bir kənar amil onlara təsir etməməlidi. Yoxluğumunun heç bir mənfi təsiri olmamalıdı. Çünki bu, final qarşılaşmasıdı, hamı oynamaq, qalib gəlmək istəyir. Ona görə də hər bir futbolçu ayrı-ayrılqıda çox yüksək səviyyədə köklənməlidi. İnşallah, bunun üçün də addımlar atmışıq. Həm də son finalda "Keşlə" rəqibimiz idi, baş məşqçisi cəzalı idi, ancaq qalib gəldi. Bunu xatırladıq, bəlkə bu dəfə bizə düşərli olacaq (gülür). Hər iki köməkçim - həm Elmar Baxşıyev, həm də Zaur Həşimov öz göstərişlərini verəcək. Onsuz da hamımız bir nöqtəyə vururuq, bir sistem üzərində işləyirik. Hər iki məşqçimiz oyunu rahat idarə edəcəklər.

 

 

A.A: Bunu deyə bilmərəm. Çünki komandanın içində deyiləm. Ancaq düşünürəm ki, futbolçular bu oyunun mahiyyətini tam dərk edirlər. Hər iki tərəfin bütün varlığını qoyacağını düşünürəm.

 

- Ayxan Abbasovun emosionallığını nəzərə alsaq, matçın sonunadək Sənan Qurbanovun yanında əyləsməsi nə dərəcədə realdır?

 

S.Q: Həmkarımın nə dərəcədə emosional olmasını matç göstərəcək. İndidən bir söz deyə bilmərəm. Çalışacağıq ki, hamılıqla - həm futbolçular meydanda, həm də məşqçilərimiz kənarda emosiyalarımızı qoruyaq. Rəqib haqda çox danışmaq istəmirəm. Ancaq özümüz haqda fikirləşirik.

 

 

A.A: Komandanı da, özümü də hazırlamışam ki, soyuqqanlı olaq. Çünki səhv etmək ixtiyarımız yoxdu. Çempionatda hansısa oyunda buraxılan səhvi növbəti qarşılaşmada sığortalamaq olur. Kubokda, finalda isə bunu etmək mümkün deyil. Bəzən emosionallığıma səbəb olan amillər olur. Ümid edirəm ki, bu dəfə çılğın olmağıma səbəb olmaz.

 

- Cəzalılardan Aleksey İsayevin yoxluğu daha böyük itkidir, yoxsa Amin Seydiyevlə Sabien Lilayın?

 

S.Q: Hər iki komandada itki var. Öz komandamız adından deyə bilərəm ki, bu, final oyunudu, bir görüşdü və meydançaya çıxan hər bir futbolçu komandamız üçün faydalı olmaq, qələbə üçün əlindən gələni edəcək. Buna görə də itkilərimizi hiss etməməliyik. Qalan futbolçularımıza inamımız böyükdü. Daim çempionatda, kubokda da meydançada yaxşı olublar. İnşallah, finalda da bunu görmək istəyirik.

 

- Bakıya rəqibinizlə eyni təyyarədə qayıdacaqsınız. Finalda məğlub olacağınız təqdirdə, əhval-ruhiyyə təbii ki, aşağı olacaq. Təyyarədə rəqibin deyib-gulməsi hansısa insidentə səbəb olmaz?

S.Q: Bu, futboldu, oyun günü meydançada rəqib olacağıq. Meydançadan kənarda isə futbolçular, məşqçilərin həmrəyliyi var. Futbol meydançada oynanılır, orda rəqibik. Oyun bitəndən sonra hərə öz həyatına davam edəcək. Hərə bu həyatda uğuru üçün mübarizə aparır. Qarşılaşma qurtarandan sonra heç nəyi qaytara bilmərik.

 

 

A.A: Rəqib meydançada olur. Qalib gəlməyi də bacarmaq lazımdı, məğlub olmağı da. Qalib gələn tərəf sevinməyi haqq edir. Düşünmürəm ki, təyyarədə hansısa xoşagəlməz hal yaşansın.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB