TOP 10

Ştuxliklə 75 dəqiqəlik debat: A-dan Z-dək

Futbol
Tarix: 2019-05-17 19:30

AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunduqdan sonra ilk geniş müsahibəsini verdi Fritz Ştuxlik. Avstriyalı mütəxəssisə ümumilikdə 30-a yaxın sual ünvanladıq. Yetərincə səmimi cavablandırdı suallarımızı. Xeyli qaranlıq məqamlara işıq saldı, sərt suallardan qaçmadı, yayınmadı. Bütün hallarda, 75 dəqiqəlik müsahibənin əsl peşəkarla baş tutduğunu iddia edə bilərik.

 

 

"Qarabağ"ın oyunundan sonra Bakıya yenə gələcəyimi gözləyirdim, ancaq komitə sədrinə postuna yox"

- Azərbaycanı artıq yetərincə görüb tanımısınız. İlk növbədə ondan başlayaq ki, ölkəmizə ilk səfəriniz sədr kimi olmayıb. Bu, 2017-ci ilin avqustunda Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ” – “Kopenhagen” qarşılaşmasında oldu. Həmin vaxt nələri müşahidə etdiniz və gözləyirdiniz ki, ikinci dəfə bura gələcəksiniz?

- Həyatda hər şey olur, hər şey baş verə bilər. İlk dəfə Bakıya gələndə, gözləmirdim ki, bura sonra sədr kimi gələrəm. Amma inspektor olaraq gözləyirdim ki, ən azından yenə təyinat alaram.

 

- Həmin qarşılaşmanı xatırlayarkən, hakimlər briqadasının işini necə qiymətləndirdiyiniz yadınızdadı?

- Təbii ki, həmin görüşü çox gözəl xatırlayıram. Eyni zamanda hakimləri. Bu, Paolo Tagliaventonun başçılıq etdiyi italiyalı hakimlər briqadası idi. Ancaq onların qiymətləndiməyi ilə bağlı əfsuslar olsun ki, bir şey deyə bilmərəm. Çünki UEFA tərəfindən konkret olaraq təlimatlar var ki, bu barədə məlumatlar paylaşa bilmərik.

 

- Səmimi olsanız, “Qarabağ”ın oyununu gördükdən sonra ÇL-in qrupuna düşəcəyini gözləyirdiniz?

-  Futboldu, burda sürprizlər olur. Belə şeylər ilk dəfə deyil ki yaşanır, “Qarabağ”dan əvvəl də olub. Məsələn, yadımdadı, Avstriyada “Zalsburq”la “Düdelanj” qarşılaşırdı və iki oyunun nəticəsinə görə lüksemburqlular növbəti mərhələyə adlaya bildi. Təbii ki, “Düdelanj” “Qarabağ”dan güclü komanda deyil. Niyə də yox? Olur belə nəticələr.

 

 

"Azərbaycanlı hakimlərin yüksək səviyyəyə çatmasıyla bağlı heç bir şansının olmamağı fikriylə razı deyiləm"

- Yavaş-yavaş əsas mövzumuza yaxınlaşaq. Həmin “Qarabağ”ın matçındakı İtaliya, yaxud Avropa hakimlik məktəbinin Azərbaycan hakimliyindən nə kimi üstünlükləri var?

- Bir hakim çox böyük kütlənin, çoxlu sayda azarkeşin qarşısında oyun idarə edirsə, xüsusilə bu, yüksək səviyyəli komandalardısa, mənzərə fərqlidi. Götürək ispaniyalı hakimləri, La Liqada hətta “El Klasiko”nu idarə edirsə, deməli,  belə tip hakimlər üçün beynəlxalq oyunları idarə etməyin heç bir çətinliyi yoxdu. Eyni zamanda Avstriyanı misal göstərə bilərəm. Bu ölkədə fərq ondan ibarətdir ki, oyun sayı, komandaların keyfiyyəti və azarkeşlərin sayı az və ya zəif olması beynəlxalq miqyasa çıxanda hakimlərdə problemlər yaradır.

 

- Futbolçların transferi mümkündü, ancaq hakimlərin yox. Hərçənd bir oyunluq istisna olmuşdu. Necə ki Əliyar Ağayevi Yunanıstan Super Liqasına bu məqsədlə yollamışdınız. Ancaq bu, bir istisna idi. Futbolçu legioner həyatı yaşamaqla səviyyəsini artıra bilər. Belə çıxır ki, bizim heç bir şansımız yoxdu ki, hakimliyin səviyyəsi qalxsın?

- Yox, bu fikirlə razı deyiləm. Çünki Serbiya və Sloveniya kimi kiçik futbol ölkələri var ki, onlardan Miodraq Majiçlə Damir Skomina kimi hakimlər çıxıblar. Onlar çox yüksək səviyyəli beynəlxalq matçlara təyinatlar alırlar. Bir neçə il əvvəl Türkiyədən heç fikirləşməzdik ki, elit hakimlərin ssiyahısında ədalət təmsilçisi olacaq. Ancaq Cüneyt Çakır artıq ordadı. Hərçənd, o, Türkiyədə idarəçilik edir, hərdən baş hakimliyinə görə onu günahlandırırlar. Ancaq bu, bəzən fərdi keyfiyyətlərdən asılıdı. UEFA insanların şəxsi keyfiyyətlərinə görə fikir bildirir. Oyun idarə etmək insanın özündən asılıdı.

 

 

"Artıq hakimlərimiz meydançada qərar verərkən başqa heç bir şey haqda fikirləşmirlər, qorxmurlar, çəkinmədən bunu edə bilərlər"

- Bura gələndə ümumi monitorinq apardınızmı? Azərbaycanlı hakimlərin əsas hansı çatışmazlıqlarını özünüzdə qeyd etdiniz ki, ilk növbədə bunların üzərində işləməlisiniz? Artıq 9 ay keçib, hansı cəhətlərdə irəliləyişə nail olmusunuz, hansılarda isə hələ də “axsama”lar var?

- Təbii ki, hakimlik elə bir sahədir ki, daim bunun üzərində işləməlisən. Hətta UEFA və FİFA-da “TOP hakimlər”i üzərində həmişə işləyirlər. Bu, təcrübədən irəli gələn bir şeydi. Azərbaycanda hakimliyə fikir versək, bir çox sahələrdə dəyişikliklər var. Məsələn, artıq oyunlarda hakimlərin sanki özlərinə inam hissi yaranıb. Meydançada qərar verərkən başqa heç bir şey haqda fikirləşmirlər, qorxmurlar, çəkinmədən bunu edə bilərlər. Bu, pozitiv tərəflərdən biridi. Amma təbii ki, yenə də daim öz üzərində işləmək lazımdı. Həm də hakimlik elə bir şeydir ki, burda səhvlər olub, olur, olacaq da. “TOP hakimlər” də səhvlər edir. Ancaq onlar meydançada qərar verərkən, artıq başqa heç bir şeyi fikirləşmirlər. Sırf oyun qaydalarına nəzərən qərarlar çıxarırlar. Bir nümunə də göstərim, ola bilər daha öncələr hakimlər start fitindən15 saniyə sonra düşüncəsiz hərəkətə görə sarı vərəqə göstərməyiblər ki, oyun yeni başlayıb. Lakin qaydalara uyğun olaraq vaxtından asılı olmayaraq hakimlər artıq özlərinə inamla bu qərarları verə bilirlər.

 

 

"Əliyar Ağayevi UEFA-nın "TOP hakimlər"i siyahısından bir addım ayırır"

- Özbəkistanlı Rövşən İrmatov mundialda idarəçilik etdi. Başınızın üzərində şəklini gördüyümüz Tofiq Bəhramov dünyaya iz buraxıb və bu gün Avropada yenə təsdiqini tapan İngiltərə futbolunun ən böyük zəfəri məhz onun adıyla bağlıdı. Bəs, o əjdahadan niyə indi bizdə yoxdu?

- Bütün ölkələrdə belədi. Məsələn, Pyer-Luicci Kollina və Hovard Uebb, bunlardan sonra artıq belə bir ulduz və ya avtoritet artıq kimsə yoxdu. UEFA-da da fikir versək, elit-hakimlər 10-15 arasındadı. Sanki birlik, bir xətt yaradıblar və heç kimi fərqləndirmirlər. Hamısı eyni səviyyədə hakimlik edirlər. Bu, həyatda da belədir.

 

- Hal-hazırda “TOP hakim”imiz Əliyar Ağayevdi. O, həmin dediyiniz 10-15 elit hakimdən neçə pillə aşağıdadı?

- Kateqoriyaya nəzər salsaq, Əliyar 1-cidədi və həmin elit kateqoriyaya qalxmaq üçün ancaq bir adıdm atmaq lazımdı. Təbii ki, Ağayev o kateqoriyadadırsa, deməli, UEFA onda gələcək üçün hansısa bir perspektiv, ümid görüb ki, bu səviyyəyə layiq bilib. Bəli, böyük, məsuliyyətli bir addımdı. Onu ən üst siyahıdan cəmi bir addım ayırır.

 

- O addımın həcmi nə boydadı?

- (gülür) Gəlin, kriteriyalara, meyarlara nəzər salaq - nə etməlidi? Çox sadə bir cavabı var: növbəti beynəlxalq oyunlarda onun idarəçiliyi çox yaxşı olmalıdı. Bundan sonra o baş verir ki, elit-kateqoriyada olan siyahıya nəzər salınır və ora I kateqoriyadan olan namizədlərə fikir verilir, müqayisə olunur. Təbii ki, görürlərsə, yuxarıdakıların idarəçiliyi aşağı düşüb, namizədlərdə isə yxarı olub, bəli, onda siyahıda dəyişiklik olur. Və yaxud elə ola bilər ki, elit-hakimlərdən kimsə karyerasını bitirir və bu zaman yer boşalır, vakansiya yarandığından artıq namizədlərə nəzər yetirilir. Əliyarın da bütün oyunları yaxşı olubsa və namizədlərdən öndədirsə, təbii ki, onun şansı var.

 

- Balları bizə deməyin, bildirdiniz ki, bu, sirdi. Ancaq ən azı Əliyarın ballarını görürsünüz. Buna əsasən onun yuxarı qalxması nə dərəcədə real görünür? Və ya aşağı yuvarlanması?

- UEFA-nın Hakimlər Komitəsinin üzvü deyiləm. Buna ancaq onlar cavab verə bilər. UEFA-ya fikir versək, ora 55 ölkə daxildi və ümumilikdə 25 hakim elit siyahıda yer alıb. Təbii ki, böyük bir siyahı deyil. Bu addımın özü, ora düşmək çox çətin bir işdi. Amma yenə Əliyarın şansları var.

 

- Bir təcrübəli hakim olaraq deyərdiniz, Ağayev hansı komponnetlərdə hələ də işləməlidir ki, əsas “qazanda qaynamağ”a başlasın?

- Bu suala cavab vermək bir az çətindi. Çünki ümumilikdə götürəndə, Əliyar hər şeyi yaxşı edir. Sadəcə, əsas bu lazımdır ki, idarəçiliyi stabil olsun, bir oyunu əla, digərini bir qədər zəif keçirmək olmaz. Əliyar eyni zamanda UEFA-nın VAR dərslərində də iştirak edir. Təbii ki, UEFA-nın vacib qərar verən şəxslərinin qarşısında stabil, yaxşı oyun idarə etmək lazımdı.

 

"Yay üçün doğrudan da planlarımız var ki, jurnalistlərlə bir seminar keçirək..."

- Detallara keçək, öz “mətbəx”imizə qayıdaq. Mən jurnalist olaraq hakimliyin bir sıra məqamlarından narazıyam. Məsələn, niyə eyni epizoda müxtəlif hakimlər müxtəlif cür reaksiya verir - biri sarı vərəqə göstərə, biri şifahi xəbərdarlıq edə, birisə ümumiyyətlə, “davam” deyə bilər...

- İlk öncə onu deyim ki, bir kitabımız var - oyun qaydaları. Bütün hakimlər ona əsasən idarəçilik etməlidi. Növbəti faktor insan amilidi. Hamı insan olaraq səhvlər edə bilər. Eyni zamanda burda əsas məsələ oyun qaydalarının yozumundan gedir. Hakim bu qaydanı necə yozur? Bəli, hamımız ofsaytdan danışa bilərik, bu, çox asan məsələdi. Bunu hamı bilir ki, necə olur. Ancaq cərimə zərbələri bir az çətinlik yaradır. Bizdə hakimlikdə belə bir deyim var ki, sərhəddi, həm ora çəkir, həm də bura. Ehtiyatsız hərəkət sarı vərəqə deyil, ancaq düşüncəsiz hərəkət belə cəzadı. Ehtiyatsızın özünün də dərəcəsi yüksək ola bilər, düşüncəsizin də dərəcəsi aşağı. Belə olanda artıq sərhəd yaranır və bu, artıq hakimin yozumundan asılıdı. Təbii ki, azarkeşlər, komandaları dəstəkləyənlər baxarkən, anlaşılmazlıqlar yaranır. Fərq qoya bilmirlər ki, niyə hakim bu qərarı verdi? Eyni epizod deyək, oxşar epizodlarda bəli, belə hallar baş verir ki, hakimlərdən yozumlarından asılı olaraq fərqli qərarlar verirlər. Daha asan qayda pozuntularına keçəndə, artıq görə bilərik ki, bir xətt yaranır. Sadə misal çəkim, bütün hakimlər topun fitdən sonra zərbə vurulmasına görə birmənalı sarı vərəqə göstərirlər. Belə sadə epizodlarda artıq eyni bir xətt tutulub. Amma işim, məqsədim gələcək üçün ondan ibarətdir ki, hər hansı futbolçu oyun ərzində - fərqi yoxdu 1-ci, yoxsa 90+5-ci dəqiqədə - qayda pozuntusu etdisə, cəzalanmalıdı. Digər bir futbolçu başqa bir oyunda eyni hərəkəti etdisə, eyni səviyyədə cəzalanmalıdı. Fərq qoyulmalı deyil. Əsas fəaliyyətim həmin xətti tuta bilməkdən ibarət olacaq.

 

- İkinci detal - mən futbola baxmaq istəyirəm. Düzdür, açıq etiraf edirəm ki, təyinatınızdan sonra bu xoşagəlməzlik azalıb, ancaq tam aradan qaldırılmayıb. Söhbət ondan gedir ki, perspektivli hücum gedir, qayda pozuntusu qeydə alınır, top hücum edən komandada qalır, ancaq hakimin fiti səslənir və temp “öldü”. Fit müdafiə olunan komandanın xeyrinədi. Bu fit nə normal futbol izləməyə imkan verir, nə də hücum təşkil etməyə. Kənardan da görünən budur ki, hakimlərin funksional hazırlığı aşağıdı, sürətlə ayaqlaşa bilmirlər və fiti səsləndirməklə, oyunun tempini aşağı bilərəkdən salırlar. Bu da yekunda klublarımıza beynəlxalq arenada mənfi təsir göstərir...

- Əvvəlcə onu deyim ki, ümumilikdə götürdükdə, azərbaycanlı hakimləri böyük futbol ölkələrinin hakimləri ilə müqayisə etmək düzgün fikir olmazdı. Təbii ki, arada fərq böyükdü. Bəzən olur oyun qaydalarında elə bir şey yazılır ki, bu, futbola baxan tərəfdən onun xoşuna gəlməyə və ya onun üçün anlaşılmaz qala bilər. Perspektivli hücumdan danışırıqsa, bunun da özünün kriteriyaları var. Qaydalar nə deyir? Komanda perspektivli hücum edirsə, düşüncəsiz hərəkətlə qayda pozuntusu olursa, bu zaman oyunu davam etdirmək olar. Amma sadəcə, topun mövqeyindən asılı olaraq bu iki hal baş verirsə, bu, heç də o demək deyil ki, bütün hallarda oyunu davam etdirməlisən. Yəni, perspektivli hücumun özünün müəyyən kriteriyaları var ki, hakimlər qərar verəkən buna riayət etməlidirlər. Amma təbii ki, fiziki durum məmim üçün çox vacib amildi. Gələn gündən fiziki məşqlərimizi başlamışıq, bunu fiziki hazırlıq üzrə məşqçinin başçılığı altında həftədə 3 dəfə edirik. Gəldiyim ilk günlərdən hakimlərdən fiziki test götürdüm. Limiti doldura, limitdə fitnes-testi keçə bilməyən hakimlərin heç bir oyuna təyinat almadı. Hal-hazırda da o məşqlər gedir. Ancaq digər bir məsələ verilən qərarlar fiziki göstəricilərdən yox, oyun qaydalarının yozumundan asılı ola bilər.  Siz başqa bir şeyi düşünə bilərsiniz, ancaq kitab başqa bir şeyi göstərir.

 

- Keçək üçüncü detala və onu bilərəkdən sona saxlamışdıq. Çünki verəcəyiniz cavabları əvvəlcədən təxmin etmişdik. Sələfiniz Xaqani Məmmədovun dilindən düşməyən bir “çətir”i vardı – “top əli tapdı”, “əl topu tapdı”. Üçüncü detal bundan ibarətdi ki, bütün bu hadisələri stadiondan işıqlandıran bizik. Bunun üçün niyə Hakimlər Komitəsi qaydalarla bağlı sırf idman mediası üçün 7-10 günlük trenniq keçmir? Bir dəyirmi masa keçirərək müxtəlif videoepizodların təhlilini etmir? Lap gündə 2 saat olsun, Sport24.az adından deyərdik ki, gəlib sevə-sevə iştirak edəcəyik. Bəlkə doğrudan da biz haqsızıq? Yox, sizin trenninqdinən sonra biz irad bildirəcəyiksə, deməli, problem bizim yozumda yox, hakimlikdədiBuna hazırsınız?

-  Onu sizə deyim ki, iyunun 1-də oyun qaydaları ilə bağlı dəyişikliklər barədə məlumatlar gözlənilir. Fikrimiz də budur ki, həmin tarixdən bu dəyişikliklər haqda televiziya vasitəsilə məlumat verək. Bəli, yay üçün doğruran da planlarımız var ki, jurnalistlərlə bir seminar keçirək, oyun qaydaları haqda məlumatlar verək. Yəqin ki, bunu keçirəcəyik. Təbii ki, pozitiv jurnalistlərlə bir yerdə yığışaraq fikir mübadiləsi aparaq. Pozitiv deyəndə, onu nəzərdə tururam ki, doğrudan da öyrənmək istəyirlər, bunda maraqlıdırlar. Siz jurnalistlər o şəxslərsiniz ki, insanlarda fikir formalaşdırırsınız. Ola bilər ki, oyun qaydalrı haqqında anlayışı tam olmayan bir şəxs yazınızı oxuyaraq buna inanar. Hətta aşkar qırmızı vərəqədirsə və hər hansı jurnalist bunun tam əksini yazırsa, oyun qaydalarından analaşıyı olmayan kimsə bunu oxuyuv inanacaq və artıq hakimi günahlandıracaq. Halbuki, hakim oyun qaydalarına əsasən dügün qərar çıxarıb.

 

 

"UEFA tərəfindən bununla bağlı minimum tələb ildə 3 dəfədi, mən də bunu yerinə yetirirəm"

- Az öncə hakim diliylə desək, “ofsayd”a düşən referilərdən danışdınız. Onlar arasında FİFA referiləri Rəhim Həsənovla Rauf Cabarov, sabiq FİFA referisi Orxan Məmmədov da var. Nə baş verdi ki, onlar fiziki testləri verə bilməyərək mövsümün son, həlledici mərhələsinin matçlarından kənarda qaldılar?

- Çox sadə bir cavabı var - fiziki göstəricilərinin aşağı olması, hazırlıqlı olmamaları.

 

- Ancaq yəqin məlumatınız var, yetərincə belə fikirlər səsləndirilir ki, bu cür imtahanlar adətən ildə 2 dəfə, qışda va yay fasiləsində olur. Mövsümün gedişatında bu cür imtahanlar olmur. Doğrudanmı bu, olmur? Bu, gətirdiyiniz innovasiyadı, yoxa olur, biz bilmirik?

-  UEFA tərəfindən bununla bağlı minimum tələb ildə 3 dəfədi. Bura gələndən sonra bunu müşahidə edərək dərhal böyük bir qrupla oktyabrda, dekabrda bu testləri götürdüm. Burda qeyri-adi bir şey yoxdu. Sadəcə olaraq UEFA-nın tələblərini yerinə yetirirəm.

 

- Bu, əvvəldən belə idi? Bizdə həmişə ildə 2 dəfə olub...

- Bir neçə il bundan qabaq başlayaraqdan. UEFA-nın bir təlimatı var. Təbii ki, hər bir ölkə üçün ayrı-ayrı təlimat olmur. Təlimat hər ölkə üçün eynidi, həmişə belə olub.

 

- Əvvəllər bizdə qapı arxasında olan hakimlərlə də idarəçilik praktikası olmuşdu. Xeyli vaxtdı bu, yoxdu. Sizcə, bu praktikanın müsbət və mənfi tərəfləri hansıdı? Nəzərə alsaq ki, bizdə oyun sayları azdı, bunu tətbiq etməklə hakimləri daha çox iş başında görmək olarmı?

- Dediyiniz həmin hakimlər artıq “rəhmətə getdilər”. Axırıncı dəfə Avropa Liqasında istifadə olundular və artıq o mərhələ qurtardı. Bundan sonra artıq VAR sistemi olacaq. İyunun 1-də yeni qaydalarda dəyişiklik olacaq və bunlar ordan da çıxarılacaq.

 

 

"Avroliqanın Bakı finalında tətbiq olunacaq VAR bu sistemlə hazırlaşmağımız üçün bizə gözəl şərait yaradacaq"

- Bizi narahat edən məqamlardan biri də laysmanlarla bağlıdı. Azərbaycanda vaxtilə yetərincə güclü laynsmanlar olub. Hansılar ki, həqiqətən baş hakimlərə kömək edirilər. İndisə belə deyil. Deyə bilərsiniz ki, baş hakimin qərarı əsasdı, laysmana deyə bilər ki, işimə müdaxilə etmə, yalnız ofsaydla auta bax. Ancaq məsələ burasındadır ki, baş hakim hadisə episentrindən 30-40 metr aralıda olduqda, laysman gözü qarşısında olan qayda pozuntusuna da reaksiya vermir. Niyə? Ümumiyyətlə, onlardan tələb olunacaqmı ki, aktiv olun, daha baş hakim fit çalandan sonra qayda pozuntusuna işarə edən bayraq yelləməyin? Bunu etmələri kənardan çox gülünc görünür...

- İlk öncə onu deyək ki, onlar laysman yox, referi asissenti adlanırlar. Premyer Liqa matçlarımıza baxanda asanlıqla görə bilərik ki, hakimlərimiz kommunikasiyadan istifadə edirlər. Belə olan halda, heç kim bilmir ki, onlar arasında hansı dialoq baş verir, bir-birinə necə kömək edirlər. Bəli, hərdən ola bilər ki, dediyiniz kimi, qıraqdan gülməli görünür ki, fitdən sonra köməkçi hakim bayrağını qaldırır. Lakin bu zaman ərzində onlar arasında hansı danışıq gedib, hansı mövzu müzakirə olunub, bunu bilməyə bilmərik. Ona görə kənardan belə gülməli görünə bilər. Ümumiyyətlə, oyunda qərarın bütün məsuliyyəti baş hakimin üzərinə düşür. Çox da gözləmirik ki, köməkçi hakimlər daha çox epizoda müdaxilə etsinlər. Ancaq təbii ki, hadisə köməkçi hakimin gözünün qarşısında baş verisə, baş hakimə kömək edirsə, bu, müsbət haldı. Misal üçün beynəlxalq matçlara baxanda hərdən belə hallar görə bilərik ki, ofsayd olanda köməkçi hakim görür, ancaq kommunikasiya vasitəsi ilə “gözlə” əmrini alır. Ona görə hərdən belə gecikmiş fitlər ola bilər. Buna gecikmiş qərar deyirlər. Əslində, belə deyil, məqsədyönlü şəkildə gecikdirilmiş qərardı.

 

- Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək finalında ilk dəfə VAR sistemi olacaq. Həm bu, həm də belə bir mötəbər matç Azərbaycan üçün yenilik olacaq. Gözləntiniz nədi?

- Finalda iki ingilis komandasının olması artıq onu deyir ki, elit hakimlərdən istənilən şəxs bu qarşılaşmanı idarə edə bilərdi. Azərbaycana 8 nəfərdən ibarət hakimlər briqadası gələcək. Onlardan bəziləri VAR sistemində oturacaqlar, monitor arxasında iş başında olacaqlar. “Çelsi” – “Arsenal” finalı demək olar İngiltərə Premyer Liqasının oyunu kimi bir şeydi. Çoxlu sayda azarkeş, oyunda yüksək temp, ajiotaj - hər şey gözlənilir. VAR-la bağlı isə onu deyə bilərəm ki, tək ona görə yox ki, dünya çempionatında bundan istifadə etmişik, bu haqda məlumatımız var, bunun bizim üçün üstünlüyü texniki tərəfdəndi. Yəni, VAR-ın necə istifadə olunması, otağın quruluşu, hər şey bizə ilkin təəssüratlar verəcək. Bu sistemlə hazırlaşmağımız üçün bizə gözəl şərait yaradacaq.

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB