TOP 10

Simasını itirmiş Adam(s)

Futbol
Tarix: 2019-05-17 15:22

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi bəyanatı, İngiltərə mətbuatının Azərbaycan ətrafında “qara PR” kampaniyası, finalçılardan biri - London “Arsenal”ının məlum bəyanatı... Bu kampaniyanın arxasında nəyin dayandığını qoyaq bir kənara. İngilislərin bu cür cəfəngiyatına bir çox ölkələrdən tutarlı cavablar gəlib. Elə bu gün UEFA nümayəndəsinin Sport24.az-a verdiyi müsahibədə ingilislərin mövqeyini bölüşdürmədikləri də bəyan edildi. 

 

Ancaq bütün açıqlama verənlərdən qat-qat maraqlı sima var idi. O sima ki, Azərbaycan futbolunda işləyib, təmsilçimizin baş məşqçisi də olub, rəsmisi də. O sima ki, bu sətirlərin müəllifinə də sevə-sevə müsahibələr verirdi, ölkəmiz barədə ağızdolusu danışırdı. O sima ki, vaxtilə London “Arsənal”ının kapitanı olub, bu formayla 500-dən artıq oyuna çıxıb və bu klubun simvolu sayılır.

 

30 iyul 1966-cı il. Dünya çempionatının final qarşılaşması. İngiltərə tarixində ilk və hələ ki, sonuncu dəfə Almaniya Federativ Respublikasının 4:2 məğlub edərək planetin ən güclüsü adına layiq görülür... AZƏRBAYCANLI Tofiq Bəhramovun sayəsində! O, həmin vaxt hələ dünyaya gəlməmişdi. Bundan 2 ay sonra - 10 oktyabr tarixində - anadan olub.

 

2010 və 2011-ci illərdə “Qəbələ”də işləyir, Azərbaycanın çörəyini yeyir Toni Adams. İndiki qədər ona heç vaxt ehtiyacımız olmayacaq. Məhz indiki məqamda kiçicik bir açıqlamayla bütün İngiltərəni susdura bilərdi. Ondan uydurma, hansısa pafoslu açıqlama tələb olunmurdu. Sadəcə, ölkəmizdə gördükləri haqda danışması kifayət edərdi. Kifayət edərdi ki, sıravi ingilis azarkeşi ölkəsinin mətbuatının da, Xarici İşlər Nazirliyinin də, “Arsenal” rəhbərliyinin də yalan informasiya yaymasını anlasın. Heç İngiltərəni tənqid etməsinə də zərurət yox idi. Sadəcə, “Bu, Azərbaycan haqda müfəssəl məlumatın olmamasından qaynaqlanır. Orda əmin-amanlıq hökm sürür, insanları da qonaqpərvərdi” deməsi kifayət edərdi...

 

Təəssüf ki, Sport24.az-ın mövcud vəziyyətdə Adamsa ünvanladığı sorğuya “Arsenal”ın sabiq kapitanı “bu mövzuda açıqlama verməmək qərarımı qətiləşdirmişəm” cavabını verdi. Bu yerdə nədənsə PFL prezidenti Ramin Musayevin tez-tez işlətdiyi ifadə yadıma düşür: “Qaranquş gəldi-gedərdi, sərçənin qədrini bilin”.

 

Sima olmaq çətindi. Simanı itirmək isə bir anın məsələsidi. İndiki vəziyyətdə mövqeyini bildirməkdən boyun qaçırana isə yalnız belə ad verilə bilər - simasını itirmiş Adam(s).

 

 

CEYHUN ƏLİYEV

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB