TOP 10

Hüseynov "Qarabağ"la başa çatan müqaviləsini uzatmaq istəyir: "Maksimə qarşı heç vaxt pis söz demərəm"

Futbol
Tarix: 2019-05-15 14:18

"Qarabağ"ın ardıcıl 6 ildir Premyer Liqamızda çempionluq qazanmasında "oturuşmuş heyət"inin olması böyük rol oynayır. Bu isə hər futbolçuya start heyətə düşməyə imkan vermir. Güclü rəqabətin nəticəsidi ki, bir çox futbolçular daha çox ehtiyatda qalmağa məcburdu. Bunlardan biri gənc, yaxşı perspektivə malik futbolçu olan Abbas Hüseynovdu. 24 yaşlı sağ cinah müdafiəçisi Sport24.az-a müsahibəsinə çempionluq təəssüratlarını bölüşməklə başlayıb.

 

- "Qarabağ"a 2 il öncə gəldim, ardıcıl 2-ci dəfə çempion oldum və buna görə çox xoşbəxtəm. Allah-təala nəsib etdi, yenə 1-ci olduq, Çempion olmaq ayrı bir zövqdü. Hər bir futbolçu buna nail olmaq istəyər. Gələn növbəti mövsüm də çempionluğu qorumaq üzərində çalışacağıq.

 

- Budəfəki çempionluğunuz "Qarabağ"ın əzəli rəqibi "Neftçi"ylə mübarizəsində qalib olduğuna görə xüsusi fərqləndi, daha şirin oldu, yoxsa...? 

- "Neftçi" güclü rəqib olduğundan çempionluq mübarizəsində güclü rəqabət oldu, Çox yaxşı oynadılar, özlərini yaxşı tərəfdən göstərdilər. Bunadək "Neftçi"ni udmamışdıq. Axır ki bu, bizə nəsib oldu. Sübut etdik ki, boş yerə çempion olmamışıq. Kuboku gəldik rəqibin meydanında götürdük. Burdan necə pis hisslərlə ayrılasan? Düzdür, son tur oyunöncəsi böyük ajiotaj oldu, bilet məsələsi böyük müzakirə obyektinə çevrildi. Ancaq bunun bizə aiddiyyatı yoxdu. Biz futbolçular gəlib oyunumuzu yaxşı göstərdik, komandamızı, azarkeşlərimizi qələbəylə sevindirik. Bizim işimiz budu. 

 

- "Qarabağ"un bu mövsümdə məğlubiyyətlərindən biri texniki oldu. Onun də belə demək mümkünsə səbəbkarı sən oldun.  Çünki adın "Səbail"lə görüşdə protokolda olmadığı halda meydana çıxdın...

- Çempionluq olandan sonra bu, yada düşmür. Əsas yekun nəticədi.

 

- "Qarabağ"ın əsas heyət oyunçusu deyilsən. Belə olduğu halda uğura doyunca sevinə bilirsən?

- Bəli. Bu komandanın üzvüyəmsə, hər bir halda sevinirəm -. oynasam da, oynamasam da. Bu mövsüm az oynamadım. "Qarabağ"da ilk mövsümümə baxanda çox oynadım. 

 

- Ancaq "Səbail"lə həmin matçdan sonra aylarla ehtiyatda qaldın...

- Bu, hardasa 3-4 ay oldu. Ancaq yenə də fərq etmir, əsas komandanın çempionluq olmağıdı. Buna görə çox xoşbəxtəm. Bundan sonra görək işlər necə gedəcək...Ümid edirəm ki, hər şey yaxşı olacaq. 

 

- 24 yaşın var, əsl oynayan vaxtındı. Düşünmürsən ki, "Qarabağ"da daha çox ehtiyatda qalmaqla çempion olmağın səni tam qane etməməlidi? Bəlkə klubunu dəyişəsən, oynamaq üçün icarəyə gedəsən, yoxsa maddi amillər həlledici rol oynayır?

- "Qarabağ"dakı taleyimi hələ tam dəqiqləşdirməmişəm. Hər halda, az oynamadım. Bundan əvvəlki mövsümlə müqayisədə xeyli fərq var. Mövsüm bitdi, oturub qərar verəcəyik.

 

- Mövqeyində çıxış edən Maksim Medvedevlə rəqabət belə çətindi? Onunla əsas heyətə düşmək uğrunda qalib gəlməyinə təcrübən çatmır?

- Maksimlə yaxınam, dostum, qardaşımdı. Ona qarşı heç vaxt pis söz demərəm. Bu, futboldu, kim güclüdü, o da oynamalıdı.

 

- Başqa təkiflərin var?

- Olub, ancaq hələ açıqlamaq istəmirəm. İstəyərdim ki, "Qarabağ"da qalım. Müqaviləm bitir, istərdim ki, anlaşmanı uzadım. Ancaq hələ bir danışıq yoxdu. Ümid edirəm ki, yaxşı olacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB