TOP 10

Sportnet.az-la ilk yubileyini qeyd edən baş redaktoru: "Belə bir zərurət varsa, o işi "Santyaqo Bernabeu"da da görə bilərəm"

Futbol
Tarix: 2019-05-15 10:30

 

Bu gün Sportnet.az saytı üçün əlamətdar gündü. Belə ki, adıçəkilən portal ilk yubileyini - 5 illiyini qeyd edir. "Sportnet"in təsisçisi, baş redaktoru Elşən Məmmədov Sport24.az-ın suallarını cavablandırıb.

 

 

- Uzun illər idman mətbuatında olan Elşən Məmmədovun öz saytını yaratması hansı zərurətdən irəli gəldi?

- Çoxdan istəyirdim ki, öz işimi qurum, öz fəaliyyətim olsun. Bu bacarığı özümdə hiss edirdim. Bir an yetişdi ki, qərarımı tam qətiləşdirdikdən sonra müstəqil fəaliyyətə başladım. Həmin vaxt çalışdığım Lent.az saytı mənə həm maddi-mənəvi, həm də yaradıcılıq baxımından çox şey qazandırsa da, bir insanın gedə biləcəyi ən yuxarı hədd var. Burda artıq yüksək perspektiv görmürdüm. Ona görə də qərara gəldim ki, yollarımızı artıq ayıraq. Lent.az-da müxbir idim, uzağı redaktor ola bilərdim. Bu da öz sahəmdən ayrı olacaqdı, idman redaktoru olmayacaqdım. Çünki bunun üçün orda imkan yox idi. İdman saytına çevirə bilməzdim, çünki özlərinin idman saytı vardı. Maaş da elə idi ki, daha çox qazanmağa imkan vermirdi. Sağ olsun rəhbərlik, qərarıma hörmətlə yanaşdı.

 

 

- İstənilən halda, yeni sayt yaratmaq bir risk idi. Bunun üçün stabil dəstək lazımdı. Bu, olmadan lotereya kimi bir şeydi...

- Həmin vaxt elə bir dövr idi ki, potensial gəlir mənbələri sayılacaq idman qurumları, klublar artıq o imkana sahib deyildilər, tədricən tükənirdilər. Futbolun özündə bu, hiss olunurdu. Bununla belə, imkanlarım ona yetirdi ki, özümü göstərə bilim. Həm də o dövrdə mənə dəstək verən vardı - qardaşım. Dedi ki gəl, işə başlayaq. Təbii ki, ilk mərhələ üçün müəyyən çətinliklər ola bilərdi. Buna da artıq tam hazırlıqlı idim. Dəstəyi görəndən sonra işə başladıq.

 

 

- İlk 6 ayda kollektivlə ofis şəraitində çalışdın, buna böyük önəm verirdin. Ancaq sonradan vəziyyət fərqli oldu. Planlarla reallıqlar üst-üstə gəlmir?

- Bu saytı klubların dəstəyinə arxayın olaraq açmamışdım. Öz dəstəyim vardı və ona görə də açılmışdı ki, həmin insanların işlərini təbliğ edək. "Kolizey İnşaat"da tədbirimiz də oldu, reklamını da verdik. Baxırdım ki, ofis olursa, əməlli-başlı iş, şərait qumraq lazımdı. Özüm də daxil olmaqla 4 nəfərlə işə başlamışdıq. Ancaq gördüm ki, bu say da azdı. 09:30-dan 18:30-dək oturduq və ofisdə çalışdıq, bəs axşam iş nə olacaq? Onda fikilərşdik ki, növbətçilik sistemini quraq. Həmin vaxt dünya çempionatına düşürdü, gecə oyunlar da olurdu, hətta onlaynını aparırdıq. Gecə işləyən adam gündüz gəlib işləyə biləcəkmi? Gördüm ki, bu işləri görməyə böyük bir qüvvə, kollektiv və maliyyə dayağı lazımdı. Üstəlik, ofis xərcləri - bu, adama sanki artıq görünürdü. Gördüm ki, ofis saxlamağın artıq mənası yoxdu. Ofisi ancaq o halda saxlamaq olar ki, hansısa media qurumunun tərkibində olasan.

 

- Bu 5 ildə Sportnet.az-ın ən böyük uğurunu nə sayırsan?

- Sportnet.az-ın ən böyük uğuru kimi bir çox məsələləri saymaq olur. Həm yazı, həm də görülən işlər. Layihələr baxımından müəyyən uğurlarımız oldu. Braziliyada keçirilən dünya çempionatına təsadüf edən dövr idi və sənin (Ceyhun Əliyev) təklifinlə FUTPROQNOZ layihəsinə başladıq, o işləri gördük. Elə yazılarımız oldu ki, doğrudan da təsiredici alındı. Vaxtilə Bəhram Bağırzadə redaksiyamıza qonaq gələrək milli komandanın futbolçularıyla bağlı elə bir açıqlama vermişdi ki, böyük bir partlayışa, silkələnməyə səbəb olmuşdu. Özü axırda məcbur olub xahiş etmişdi ki, çox bu məsələnin üstünə düşməyin.

 

 

- Başqa xatırlatma edim ki, "Sportnet"də belə bir yazı çıxmışdı - Mətbuat katibləri, siz kimsiniz? Siz klublarda mediaya xidmət etmək üşün məsul şəxssiniz, bir yerə enin. Bu yazı mətbuat katiblərini əməlli-başlı silkələmişdi. Səncə, bu mövziya qayıtmağa zərurət varmı?

- O yazını xatırlayıram. Hətta mətbuat katiblərini təsnifatlara bölmüşdük - iş-gücü sırf mediaya açıqlama verməkdən ibarət olan, həm o, həm bu işi görən, iş görmədən saytına xəbərlər qoymaqla məşğul olan. Bir-iki nəfəri ayırmışdıq. Bu gün elə bir vəziyyətdi ki, mətbuat katibləri ilə işə başlasaq, sanki özümüz özümüzlə oynamış olarıq. Onlar bizim həmkarlarımız, dostlarımızdı. Bizə qalan yenə onlar olacaq. Onların üzərinə getməyə çox da ehtiyac yoxdu. İnanmıram ki, həminki kimi mətbuat katibləri qalsın. İndi öz işlərinə daha çox önəm verənlər var. Medianın zənglərinə cavab verənlər, bizlərlə danışmağa ünsiyyətcil olanlar var. Halbuki, həmin vaxt görürdün ki, kimsə telefonu qəsdən götürmürdü.
 

 

- Şəxsən mən (Mehman Süleymanov) buna şahid olmuşam ki, "Qəbələ"ylə Avropa Liqasının qrupunda "Borussiya"yla matçla əlaqədar Dortmunda səfər edən zamanı "Siqnal İduna Park"da yeganə jurnalist olaraq Bakıdan alınan müsahibəni təcili yığmaqla məşğul idin. Halbuki, bu stadionda olmağın zövqünü almırdın. Burda məqsəd nədi? Fəhləlik söhbəti gedir ki, daim bundan, iş görməkdən utanmamısan...

- Fəhləlik deyəndə ki, öz işim, saytımdan ötrü əziyyət çəkirəm. Belə deyək də, daş daşımıram, durub hardasa sadə işlərlə məşğul deyiləm. Sırf sevdiyim peşədirsə, bundan ötrü lazım olan hər şeyi etməyə hazıram.

 

 

- Yəni "Santyaqo Bernabeu"da olsan, da bu işi görməyə hazırsan?

- Belə bir zərurət varsa, o işi də görə bilərəm. Dortmunddakı dediyiniz məqamı indi dəqiq xatırlamıram.

 

 

- "Qarabağ"ın "Monako"yla Bakıdakı Avroliqanın qrup matçından sənə göndərilən müsahibə idi...

- Ola bilər hansısa vacib açıqlama idi ki, onu təcili yazmaq lazım gəldi. Şükür Allaha, indi elə bir vəziyyətdi ki, o işləri görməyə potensialım da var, işçilərimiz, əməkdaşlarımız da.

 

 

- Sportnet.az-ın layihəsi, sədri olduğun İdman Araşdırmalar Mərkəzini genişləndirmək fikrin varmı?

- Burda genişləndiriləsi bir məsələ var ki, layihələr olduqca, vəsaitlər cəlb olunduqca insanları işə cəlb edirsən.

 

- İdman mediasında yeganə insansan ki, artıq 3-cü işinə - Autocity.az-a başladın. Varmı belə bir hissiyyat ki, bunu bacararam, idman mediasının holdinqini qurum?

- Buna idman mediasının holdinqi demək olmaz. "Avtocity"a gedən yola nəzər salsaq, ali məktəbə daxil olduğum il "Formula-1"in üçqat qalibi Ayrton Senna Qran-pri zamanı həlak olmuşdu. Bu, 1994-cü il idi və qəza dünyada istər-istəməz əks-səda yaratmışdı, bizə də gəlib çıxmışdı. Üstəlik, həmin vaxt bu yarışı Azərbaycanda da televiziya ilə göstəriridilər. Baxır, maraqlanır, o vaxtdan düşünürdüm ki, Azərbaycanda bu idman növünə maraq yaratmaq mümkün deyilmi. Bir dəfə xatırlayıram ki, gənclər və idman nazirimiz Azad Rəhimovun mətbuat konfransı idi - 2010-cu illərin əvvəlləri olardı. Onda nazirə sual verdim ki, Azərbaycanda bu yarışı keçirmək mümkündü, yoxsa yox. Çünki Azərbaycanın bütün yarışları keçirməyə imkanları vardı, hətta Olimpiadaya namizədliyimizi vermişdik. Həmin vaxt Rəhimov dedi ki, bizdə hələ belə bir imkan yoxdu. O vaxt bunu düşünmürdülər. Ancaq bir gün yetişdi ki, keçirəsi oldular. Azərbaycanın da proumotoru Azad müəllimin öz oğlu - Arif Rəhimov oldu. "Formula-1" pilotlarının hamısını tanyırdım, yarışların hamısını izləyirdim. Bakı Şəhər Halqası yarananda bu qurumun Marketinq və Kommunikiasiya şöbəsinin rəhbəri Nigar Arpadarai mənə zəng edərək müəyyən məsləhətləşmələrlə bağlı görüşmək istədiyini dedi. Bunu reallaşdırdıq, bir neçə həmkarımla birgə oturub müzakirələr apardıq. Bilirsiniz, hər şeyin öz zamanı var. Azərbaycanda bu yarışın 4-cü il keçirilməsi ərəfəsində müqavilə daha 3 illik - 2023-cü ilədək uzadıldı. Bundan sonra artıq tam fikrimi qətiləşdirdim ki, bu işə başlamaq olar. Əslində, Sportnet.az-ı yaradanda fikirləmirdim ki, gəlib "Report"da işləyərəm, burada iş təklifi olar. "Sportnet"də ideyalarımı həyata keçirmək üçün ora getmişdim. Hətta Sportnet.az-da işlədiyim zamanı Autoshow.az domenini almışdım. Sadəcə, işlərin çoxluğu üzündən bunu sayta çevirə bilmədik. Yeni saytı da redaktoru olduğum "Report"un rəhbərliyinin xeyir-duası ilə açmışam. Ola bilər ki, gələcəkdə bu, media qurumun törəmə müəssisəsi kimi fəaliyyət göstərsin.

 

 

- Yeri gəlmişkən, "Reportsport" yaranması planda var?

- İdeya vardı, ancaq sonradan müəyyən proseslərlə əlaqədar qaldı. Başlasaydıq, həqiqətən böyük bir iş görülməli idi. Sonradan rəhbərlik fikirləşdi ki, bu işləri hələlik bir az ertələyək. Auocity.az-ın əməkdaşları var. Mənimlə birgə 3 nəfər çalışırıq. Elə bir dövrdə açdıq ki, "Formula-1" ərəfəsi idi, xəbərlərimiz bol idi. Bu müddətdə iki futbolçuyla avtomobilləriylə bağlı müsahibə götürmüşük - Rail Məlikovla Mahir Şükürov. Deyilənə görə, futbolçular arasında ən bahalı maşın Raildə olub. Mahir isə deyir ki, həmişə bahalı maşınları mən sürmüşəm. Futbolçular belə şeylərin dalınca qaçanlardı. Vaxtilə çox qazanan futbolçular indi elə də qalmayıb. İnanmıram ki, hazırda bahalı avtomobillərə meyl edən futbolçularımız çox olsun.

 

 

- "Avtocity"ni də gördük. Planda nə var?

- Bunları inkişaf etdirmək. Avtocity.az avtomobil həvəskarları üçün açılan bir saytdı və bunda böyük bir perspektiv görürəm. Bizdə də bu sahə ciddi inkişafdadı. Ancaq inkişaf olan yerdə də bu işi şaxələndirmək mümkündü. Ona görə güman edirəm ki, bu sahəni inkişaf etdirərək hansısa bir yerə, nəticəyə gəlmək, uğur qazanmaq olar. Həm də biz idman mediasında fikirləşiriq ki, saytı klubların, idman qurumlarının dəstəyi ilə yaşada bilərik, gəilr mənbələri yalnız bunlarla mümkündü. Lakin klublar özləri gəlir mənbələrini, büdcələrini hansısa şirkətlər vasitəsilə qururlarsa, niyə idman saytları da belə bir büdcə formalaşdırmasın? Hamımız üçün yaxşı hal bu ola bilər ki, özəl qurumların vəsaiti ilə yaşayaq, nəinki yalnız klubların saytlarının reklamından asılı olaq. İdman mediasında olanlar əlavə gəlir mənbələri cəlb etmək haqda fikirləşməlidi.

 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

 

18 Iyul 2019
17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB