TOP 10

Rahid Əmirquliyev "Şahdağ"a əlindən gələn köməyi edir, buna yenə hazırdı: "Belə azarkeşləri olan klub peşəkarların çempionatında iştiraka layiqdi"

Futbol
Tarix: 2019-05-14 18:16

"Əlbəttə, final matçına "Şahdağ"a görə gəlmişdim. Baxmayaraq ki, neçə ildi bu klubdan ayrılmışam, mənə doğma olaraq qalır. "Şahdağ"ın yetirməsiyəm, futbolda ilk addımlarımı bu klubda atmışam, tanınmışam. Bu qarşılaşma məni xoş nostalji hisslərə apardı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev bildirib.

 

30 yaşlı yarımmüdafiəçi AFFA-nın təşkil etdiyi Region Liqasının son finalını - "Şahdağ" - "Uğur" qarşılaşmasını "ASCO Arena"da izləyənlər sırasında idi. Əslində, bu stadion "Səbail"in olduğundan Rahid üçün doğma məkandı. Ancaq onu bura gətirən doğma Qusarının təmsilçisi olan "Şahdağ"ı dəstəkləmək idi: "ilk hissədə yaxşı oynadılar, çox istəkli idilər. Ancaq qol vura bilmədilər. Rəqibin təcrübəsi öz sözünü dedi. Açığı, ikinci hissədə üstün oynadı. Futbolda belə olur, biri qalib gəlməlidi. "Şahdağ" uduzan tərəf oldu. Bu il olmasın, inşallah, gələn il olsun".

 

Stadionda gözəl ab-hava vardı ki, bunda "Şahdağ"ın azarkeşlərinin böyük rolu olub. Uzun illər millimizdə çıxış etmiş Rahid buna təəccüblənmir: "Əslində, "Şahdağ"ın həmişə yaxşı azarkeşləri olub, həmişə komandanı çılığın dəstəkləyiblər. Onları gördüm, özüm oynadığım vaxtlar yadıma düşdü. "Şahdağ"ın indi peşəkar klub olmamamağı, həvəskarların yarışında iştirak etməsi mənə çox pis təsir edir. Belə azarkeşləri olan klub peşəkarların çempionatda iştirak etməyə layiqdi. "Şahdağ"ı gələn mövsüm ən azından I Divizionda görmək istərdim". 

 

Əmirquliyevə doğma kluba dəstək vermək içindən gəlir, bunu özünə mənəvi borc sayır: "Şahdağ"ın prezidenti, baş məşqçisini yaxşı tanıyıram, onlarla tez-tez danışıram. Məndən nə lazımdı, əlimdən gələn köməyi etməyə hazıram. Bunadək də əlimdən nə gəlib, etmişəm, Nə dəstək istəyiblər, etmişəm. I Divizionda iştirak isə artıq başqa səviyyəli məsələdi".

 

Qeyd edək ki, Qusarın Şirvanovka kəndində anadan olan Rahid 2003-06-cı illərdə "Şahdağ"da çıxış edib.

 

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB