TOP 10

Georgi Nikolov Britaniya XİN-i və Kloppu ələ saldı: “Kloppofobius britanikus”

Futbol
Tarix: 2019-05-14 14:00

“İnter” ( hazırkı “Keşlə”) klubunun sabiq prezidenti Georgi Nikolov Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) mayın 29-da paytaxtımızda baş tutacaq Avropa Liqası finalı - “Arsenal” - “Çelsi” matçına dair ingilis fanatlara terror aktından qorunmaq çağırışına sarkazmdolu reaksiya göstərib. Sport24.az xəbər verir ki, bolqarıstanlı sabiq klub funksoneri şəxsi “facebook” səhifəsində etdiyi paylaşında Yurgen Kloppu da unutmayıb.

 

10 ildən çox ölkəmizdə yaşamış Nikolov kiçik yazısına “Kloppofobius britanikus” başlığı qoyub. Onun qeydlərini diqqətinizə çatdırırıq: “Ümid edirəm ki, Klopp sadəcə, zarafat edib. Başqa cür onun dediklərini anlamaq mümkünsüzdü. Böyük Britaniyanın xarici siyasi qurumun yaratdığı həngamə isə heç bir normal avropalının şüuruna sığmır. Yəqin komik “brekzit” (İngiltərənin Avropa İttifaqından çıxmaq haqqında qərarı - C.Ə.) qərarı bütün ingilislərə pis təsir edir!?”

 

Daha sonra Nikolov Kloppa atmaca atıb: “Bakıya çatmaq çətin deyil, herr Klopp. Şəxsən özüm 11 il ərzində dəfələrlə bu cür səyahətlər etmişəm və heç bir zaman hansısa fövqalhalla rastlaşmamışam. Sizə məsləhət görərdim ki, 1000 dəfə eşitməkdənsə, bir dəfə özünüz cəhd edəsiniz”.


Yenidən İngiltərənin rəsmi mövqeyinə toxunan Georgi Nikolayeviç “Dumanlı Albion”  nazirliyini ələ salıb: “Böyük Britaniya XİN-inə nə deyə bilərəm? Hə, dəfələrlə həm Bakıda, həm də Azərbaycanın digər bölgələrində “hücuma məruz qalmışam”... Dostcanlı azərbaycanlılar qonaqpərvərliklərini tam şəkildə nümayiş etdirməyincə, sizi buraxmazlar: dadlı təamlar və içkilər, yemək çeşidləri ilə ən zəngin qonaqlıqlar və səs-küylü şadyanalıq. Bax, Bakıya gələn bütün xoşniyyətli insanları bu cür “ciddi təhlükə” gözləyir. Çəki artımı təminatı verə bilərəm. Bu üzdən də bir qədər gen paltar götürün”.

 

Sonda Nikolov paytaxtımıza gələn qonaqların peşman olmayacaqlarını vurğulayıb: “Əminəm ki, azarkeşlər bu səyahətdən tam məmnun qalacaqlar. Reklamın pisi olmur. Böyük Britaniya XİN-i və Klopp müəllimin virusdaşıyıcı sözləri marağı daha da artıracaq. Pivə ehtiyatlarını zənginləşdir, Bakı!”. 

 

CEYHUN ƏLİYEV

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB