TOP 10

“Uğur”un uğurunun sirri, Və ya “Şahdağ” - könüllərin çempionu!

Futbol
Tarix: 2019-05-14 10:42

Ötən axşam “Asko Arena”da Region Liqasının final qarşılaşması keçirilirdi. Stadionun ərazisinə hələ xeyli məsafə qalsa da, tribunaların adət etmədiyimiz səs-küyünü eşitmək xeyri qəribə görünürdü. Bayılın orta göbəyində belə izdiham? 

 

...Artıq stadionun ərazisinə daxil olduqda gördüyümüz mənzərə göz oxşayırdı: bir tərəfdə qusarlı fanatlar, polis sədrinin digər tərəfində sumqayıtlılar. Maraqlıdır ki, finalda qarşılaşan “Uğur” və “Şahdağ” Şimal zonasında mübarizə aparıblar. Qusarlılar 32 xalla 1-2-ci pillələri bölüşüb, “Gənclik şəhəri” təmsilçisi isə 28 xalla 3-cü olub. Şəxsi görüşlərə gəlincə ilk dövrədə “Uğur” 2:1 qalib gəlsə də, Qusar baş tutan matçda meydan sahibləri bunun əvəzini artıqlaması ilə çıxmışdı - 5:1!

 

“Uğur”un “böyuk qardaşı”nın Premyer Liqada təmsil olunması, həm müsbət, həm də mənfi təsirini göstərmişdi. 50-dən çox olmayan sumqayıtlı fanatlar 5 bayraqla gəlmişdilər. Atributla dəstək olmaq müsbətdirsə, azarkeş sayının az olması, bilavasitə “Sumqayıt” klubunun elitada təmsil olunmasından qaynaqlanır.

 

“Şahdağ” azarkeşlərinə gəlincə... Bu fanatların qarşısında şlyapamı çıxarıram. Şimallı azarkeş ordusu 17 avtobusla gəlmişdilər. Ancaq 500 qusarlı azarkeşin yaratdığı, komandasına yaşatdığı dəstəyi bəlkə də 10 min insan edə bilməz. 90 dəqiqə ərzində durmadan “Şahdağ”, “Şahdağ” hayqırtarını duymaq olduqca xoş idi.

 

Oyuna gəlincə isə bu, bir fantastik döyüş idi. Bəli, “Uğur” daha ağıllı, daha elastik futbol sərgiləyirdi. Kamran Əlibabayevin yetirmələrinin təklif etdiyi sürətə isə hər bir Premyer Liqa komandası həsəd aparardı. Qırmızı maykada sanki ölüm döyüşünə çıxmış 10 qladiator izləyirdik. Dəfələrlə Matrosov ambrazuranın qarşısına atılan kimi özlərini rəqib təpiyinin altına atan qusarlılar Kubok üçün ən ağır xəsarət almağa belə hazır olduqlarını nümayiş etdirdilər. Xüsusilə Vüqar Bəybalayev, Elmar Yəhyabəyov, İqrar Səttarov bu döyüşkən uşaqlar arasında daha çox seçilirdilər.

 

“Uğur” daha təmkinli, daha ağıllı oyuna üstünlük verirdi. Bu da təbiidi. Vüqar Nadirov, Ruslan Poladov, Mikayıl Rəhimov kimi elita təcrübəsi olan kollektiv yekunda sevinən tərəf oldu. Fasiləyədək oyunu müdafiədən quran sumqayıtlılar ikinci hissədə rəqib qapısı ağzında daha tez-tez görünməyə başladı. Nəhayət, 83-cü dəqiqədə Vüsal Bayımov rəqib qapısının torunu silkələdi. Bundan sonra müdafiəni unudan şimallılar 9 nəfərlə irəli atıldı. Elə bunun nəticəsi idi ki, qalan vaxt ərzində “Uğur”un azı 4 real qol şansı oldu. Yalnız Vüqar Nadirovun texniki qüsurları dəfələrlə fərqlənmək şanslarının üzərindən xətt çəkirdi. Ancaq hakimin oyuna artırdığı 7-ci dəqiqədə Nadirov nəhayət ki, fərqləndi - 2:0 və “Uğur” ardıcıl 2-ci dəfə Region Kubokunun qalibi oldu.

 

Bəli, “Şahdağ” tutula sahib çıxa bilmədi. Ancaq əminliklə deyə bilərik ki, “Şahdağ” könüllərin çempionu oldu. Elə final fiti səsləndikdən sonra qusarlı fanatların təqribən 5 dəqiqə “Şahdağ”, “Şahdağ” hayqırtıları nəyə desən dəyərdi.

 

Turnir həm maraqlı, həm də olduqca gərəkli olduğunu sübut etdi. Final matçını Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və milli komandamızın baş məşqçisi Nikola Yurçeviç də izləyirdilər. Elə çempionluq Kubokunu da “Uğur”un kapitanı Nahid Mehralıyeva məhz Cavadov təqdim etdi.

 

Təəssüf ki, Premyer Liqa bir kənara, heç 1-ci divizion təmsilçilərinin baş məşqçilərindən də oyunu izləyənlər sırasında heç kimi görmədik. Əlbəttə, deyə bilərlər ki, onlar həvəskardı, nəyimizə gərək. Ancaq yuxarıda “Şahdağ”ın futbolçularının dözümlülüyünü əbəs yerə vurğulamadıq. Bəli, texniki komponentlərdə axsamalar var. Ancaq bir faktı xatırlatmaq istəyərdik: millimizin sıralarında ən çox qol vurmuş Qurban Qurbanov da futbol məktəbi görməmişdi. Divizion məşqçiləri əziyyət çəkib bölgələrə getmək istəmirlərsə, heç olmasa Bayıla gələ bilərdilər. Peşəkar statusu daşımaq hələ peşəkar olmaq demək deyil.

 

Bir kiçik subyektiv qeyd də etmək istəyərdik. Turnirin ən yaxşı oyunçu adına Vüqar Nadirov layiq görüldü. Nadirov karyerası ərzində dəfələrlə Azərbaycan çempionu da olub, ölkə Kubokunun qalibi də. Başqa sözlə, onun üçün bu ad xüsusi önəm daşıya bilməz. Elə çempion komanda da artıq mükafatına qovuşmuşdu. Finalda məğlub olan “Şahdağ”ın hansısa futbolçusu üçünsə belə bir nominasiyanın qalibi olmaq əbədi yadigar olardı. Elə komanda yoldaşları üçün də xoş əhval yaradardı.

 

Bütün hallarda, təşkilatçılıq, komandaların səviyyəsi, azarkeş sayı ancaq və ancaq “əla” qiymətə layiq idilər. Sentyabrda başlayacaq 3-cü çempionata isə bir şey qalmayıb...

 

 

CEYHUN ƏLİYEV
 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB