TOP 10

Axundov aldadıldığını etiraf etdi: "Ən böyük günahkar özüməm ki..."

Futbol
Tarix: 2019-05-12 12:00

"Keşlə" dünən iki məqama sevindi. Günün ilk yarısında AFFA Lisenziya Komissiyasının qərarında açıqlandı ki, bu komanda gələn mövsüm üçün Premyer Liqanın tələblərinə cavab verir və İcraiyyə Komitəsi təsdiq edəcəyi təqdirdə elitadakı yerini qoruyacaq. Daha sonra isə "Keşlə" çempionatı səfərdə rəqibinini darmadağın etməklə bitirdi. Bu isə 4:1 hesabıyla məğlub edilən bürünc medalçı "Səbail" idi. "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Bayıldakı qarşılaşmadan sonra Sport24.az-a müsahibəsində bu və digər məqamlara toxundu. 

 

- Son turdakı qələbə sizə hansı dərəcədə pozitiv enerji verdi?

- Pozitiv enerji verə bilməz. Təbii ki, qələbədi. Ancaq fikirləşirəm ki, çox uğursuz bir mövsüm keçirdik. Komandanın çıxışından təbii ki, çox narazıyam. Açığı, gözləməzdim ki, keçən mövsüm Azərbaycan Kubokuna sahib olan komanda bu il sonuncu olsun. Bu, şəxsən mənim üçün böyük təcrübə oldu. 

 

- Artıq AFFA Lisenziya Komissiyasının qərarı açıqlandı və bir xeyli belə fikir formalaşıb ki, "Keşlə" Premyer Liqada qaldı. Siz qərarı necə şərh edərdiniz?

- AFFA-nın hər bir qərarına hörmətlə yanaşırıq. AFFA-nın hər bir qərarı "Keşlə" klubu üçün qanundu. Nə qərar veriləcək, ona da riayət edəcəyik. Ancaq hələlik son qərar verilməyib. Hər şeyə AFFA İcraiyyə Komitəsinin iclasından sonra aydınlıq gələcək. Bizə lisenziya verilsə də, İcraiyyə Komitəsinin iclasını gözləyək. Orda son qərar veriləcək və məsələmizə tam aydınlıq gələcək. 

 

- Lisenziya Komissiyasının qərarında bir məqam da diqqətimiz çəkdi ki, komandaya bu mövsüm avrokuboklara vəsiqə verilmir. Düzdür, "Keşlə" onsuz da qitəmiqyaslı turnirə vəsiqə qazanmayıb. Sadəcə, klub hansı şərti yerinə yetirməyib ki, belə qərar çıxarılıb?

- Qərar yeni olduğundan, hələ bunu nəzərdən keçirməmişik. Təbii ki, həftənin ilk günü bunu da araşdırıb  mətbuata məlumat verəcəyik. 

 

- Demişdiniz ki, komanda Premyer Liqada qalsa, xeyli islahat olacaq. Bu, qüvvədə qalırmı?

- Bəli, çox böyük islahatlar olacaq. Artıq bu işə başlamışıq. Sadəcə, son turun matçını gözləyirdik. Demək olar heyətin 95 faizi dəyişəcək. 

 

- Konkret nədən, kimdən narazı qaldınız?

- Hamıdan.

 

- O cümlədən baş məşqçidən?

- Təbii ki. 

 

- Tərlan Əhmədovla da yollar ayrılacaq?

- Onunla gələn həftənin ilk günlərində görüşümüz olacaq və bundan sonra qərarımızı verəcəyik. Klubun işçi heyətindən, ətrafımdan tutmuş futbolçularadək hamıdan narazıyam. Təbii ki, son pilləni tutan komandada hamıdan, hər şeydən narazı olmalıyam.

 

- Hardasa özünüzü aldadılmış sayırsınız?

- Bəli.

 

- Kim tərəfdən?

- Bunu edən kimlər varsa, gedəcəklər. 

 

- Uğursuzluğun səbəbini konkret nədə görürsünüz?

- Səbəb bu oldu ki, transferlərdə aldanıldıq. Mən belə hesab edirəm. Komandaya lazım olan futbolçular cəlb olunmamışdı. Hansılar ki, 3-4 oyundan sonra tam dayandılar. Təbii ki, bunun günahkarını da biz bilirik. Ən böyük günahkar özüməm ki, vaxtında transferlərə lazım olan diqqəti yetirmədim. Yəqin ki, bundan sonra həmin səhvlər təkrar olunmaz. "Keşlə"ni yenidən yığıb öz sözümüzü deyəcəyik. 

 

- Bildik ki, indiki heyətdən çox az futbolçu qalacaq. Heç olmasa onların adlarını çəkə bilərsiniz?

- Ad açıqlamayım. Çünki heç bir futbolçu ilə söhbətim olmayıb. Onu mən, bir də baş məşqçi bilir ki, kim qalacaq, kim gedəcək. Əsas odur ki, baş məşqçimizlə məsələni birinci, ikinci günü həll edək. Əvvəlcə onun özünün taleyinə aydınlıq gətirmək lazımdı. Artıq bundan sonra futbolçulara keçəcəyik. Növbəti həftə hər şeyə qərar verəcəyik. Məsələni uzatmağa da fikrimiz yoxdu.

 

 

CEYHUN ƏLİYEV

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB