TOP 10

Yurçeviçlə tet-a-tet: Ramil Şeydayev+Mirabdulla Abbasov=?

Futbol
Tarix: 2019-04-30 11:18

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə bir neçə dəfə futbola dair müsahibə görürsəm də, bu dəfə fərqli - miks formasını seçdim. 52 yaşlı mütəxəssis hansısa məqamlarda diplomatiyanı qorusa da, heç “sirli qutu” kimi də qalmadı. Bir saata yaxın davam edən dialoq (hərçənd, bilyard terminologiyası ilə desək, söhbət “çerez tretiy”, yəni tərcüməçi vasitəsi ilə baş tuturdu) Prosineçki ilə tamamlandı. Əlbəttə, biz ancaq diktofona düşən materialı təqdim edəcəyik, “qalstuksuz” fikir mübadiləsinin bölüşülməsi isə ən yaxşı halda qalsın qeyri-müəyyən dövrə...

 

 

"Azərbaycanda kiçik ölkə üçün olduqca maraqlı bir çempionat keçirilir"

- Artıq ölkəmizi tanımaq imkanınız olub. Ümumi təəssüratınız maraqlıdı. Hər halda, Vətəniniz - Xorvatiyanı ilk dəfə deyil ki, tərk edirsiniz...
- Bəli, bura gələnədək Avstriya, Belçika, Almaniya, Rusiya, Türkiyə, Böyük Britaniyada yaşamışam. Azərbaycan Xorvatiyanı saymasaq, 7-ci ölkədi ki, yaşayıram. Təəssüratlarım ancaq pozitivdi. Azərbaycan Premyer Liqası oyunlarının keçirildiyi bütün stadionlardan oyunları izləmişəm. Yəni, tək Bakıdakı oyunlarla kifayətlənməmişəm: istər Sumqayıt olsun, istər Zirə, istərsə də Qəbələdə oyunları canlı seyr etmişəm. Bakıdakı yaşayışımdan məmnunam. Bəli, “Böyük beşlik”, Rusiya, Türkiyə çempionatları Azərbaycan Premyer Liqasından fərqlənir. Amma bunu da qeyd etməliyəm ki, kiçik ölkə üçün olduqca maraqlı bir çempionat keçirilir.

 

- Söz verirəm, futbol mövzusuna hələ qayıdacağıq. Hələliksə, fərqli xətt üzrə gedək. Maraqlıdır, Bakıda harada yaşayırsınız? Qonşularınız sizi tanıyırmı? Küçədə gəzişərkən sadə insanlar sizə yaxınlaşırmı?
- “Port Baku”da yaşayıram. Köməkçim Mario Tokiç də həmin binada qalır. Günümüzün əsas hissəsi AFFA-da keçir. “Port Baku”da isə Tokiçlə restoranda şam yeməyi zamanı, yaxud bir fincan qəhvə içmək, fikir mübadiləsi aparmaq üçün görüşürük. Ara-sıra şəhəri gəzməyə də vaxtım olur. Həyat yoldaşım mənimlədir. Qızlarım da 10 günlük Azərbaycana qonaq gəliblər. Buranı çox bəyənirlər. O ki qaldı insanların məni tanımaq məsələsinə, bəli, yaxınlaşırlar, sohbətləşirlər, uğurlar arzulayırlar.

 

 

"Xanımım mənə kifayət edir"

 

- Qeyd etdiniz ki, qızlarınız Bakını bəyənib. Maraqlıdı, bəs, Bakıdan elçilər gəlsə, Nikola Yurceviç qızlarını azərbaycanlıya verməyə razı olarmı? Özünüzü azərbaycanlı gəncin qaynatası təsəvvür edirsiniz?
- (gülür) Pozitiv əhval-ruhiyyə formalaşdıran sualdı. Qızlarım müstəqildirlər, təbii ki, ömür-gün yoldaşını seçməkdə də. Ancaq həyatlarının əsas hissəsi Zaqrebdə keçir. Yetərincə ağıllıdırlar. Deməli, seçimdə də düzgün addım atacaqlar.

 

- Deyəsən, sualdan yayinmağı çalışırsınız. Azərbaycanlı kürəkən...
- Mövzu futbola aid olanda özümü daha sərbəst hiss edirəm.

 

- Azərbaycanda yaşayırsınız, müsəlman ölkəsində. Müsəlman ölkələrində də 2, 3, 4 arvad almaq olar. Bəlkə özünüz..?
- İstənilən ölkənin adəti, dininə hörmətlə yanaşıram. Ancaq ailəm, xanımım mənə kifayət edir. Hazırkı vəziyyətim məni tam qane edir.

 

 

"Qəbələ səfərindən təəssüratlarım fantastikdir"

 

- Maraqlıdı, özünüz yemək hazırlayırsınız? Praktikanızda belə hallar tez-tez baş verir?
- Çox nadir hallarda. Özü də yüngül yeməkləri hazırlayıram.

 

- Bir neçə gün öncə Qəbələyə səfər etmişdiniz və bildiyimizə görə, gecəni orda qaldınız. Yəqin ki, kabablardan da dadmısınız. Maraqlıdı, manqalın başına keçmək arzunuz olmadı?
- Yox, manqalın başına keçmədim. Ancaq Qəbələ səfərindən təəssüratlarım fantastikdir. Əhalisi də çox istiqanlı, qonaqpərvərdi, daddığım təamları da heç vaxt unutmayacam.

 

- Yemək bişirməyə meylli olmamağınız bəlkə bundan qaynaqlanır ki, məşqçi kimi meydandakı futbolçulara nəyin necə edilməsini tapşırırsınız, restoranda da hazırlamağı tapşırıb, özünüz kənardan seyr edirsiniz?
- Xeyr, bu, belə deyil. Məsələn, restorana getdikdə nəyin necə edilməsini demirəm. Əksinə, yerli əməkdaşlardan nəyin daha dadlı olmasını, nəyi məsləhət görmələrini soruşuram. Ancaq futbolda baş məşqçi olaraq fərqli olmalıyam.

 

 

"Gözlənilməz sualdı, bir qədər fikirləşməyə ehtiyac var..."

 

- Söhbətimizin əvvəlində futboldan danışarkən özünüzü daha rahat hiss etdiyinizi bildirdiniz. Bayaqdan meydanın ətrafında “oynayırıq”. Məncə, “start fiti”ni səsləndirməyin əsl zamanıdı. Hücumçu mövqeyində çıxış etmisiniz. Maraqlıdı, milli üzvlərimizdən hansı forvard Nikola Yurçeviç üslubunda oynayır?
- Gözlənilməz sualdı. Bir qədər fikirləşməyə ehtiyac var. Fikrimcə, Ramil Şeydayevlə Mirabdulla Abbasovun miksi olub mənim oyun üslubum.

 

- Xorvatiya ilə matç barədə əksəriyyət pozitiv fikir söylədi. Ancaq bir məqam var ki, bu sualın cavabı oyun baş tutan gündən məni düşündürür. Söhbət görüşün sonunda Rüfət Dadaşova şans verdiyiniz andan gedir. Meydanda bir cüssəli forvard var idi – Ramil Şeydayev. Belə olan halda, daha bir ucaboy hücumçudansa, kreativ, sürətli, bəstəboy, hiyləgər Mirabdulla Abbasovu buraxmaq daha yaxşı olmazdımı?
- Fikrinizə hörmətlə yanaşıram. Bunu normal qarşılayıram. Hər kəsin oyuna baxış bucağı fərqli ola bilər. Həmin dəqiqələrdə planımız belə idi ki, standart vəziyyətlər qazanaq, çoxlu hava ötürmələri edək və belədə, Rüfətin fərqlənmək şansı daha çoxdu, nəinki Abbasovun. Dadaşov tarantipli forvarddı. Onun təcrübəsi də daha çoxdu. İstənilən halda, əvəzetmə mövzusu həmişə diskussiyaya açıq olur və bunun ətrafında saatlarla danışmaq olar. Ancaq bir daha təkrar edirəm ki, sizin baxış bucağını da dərk edirəm.

 

- Qrupuzda 2 tur arxada qalıb. Bəli, rəqiblərimizin hamısı bizdən xeyli güclüdü: istər reytinq cədvəli olsun, istər oyun komponentləri, istərsə də ifaçı baxımından. Ancaq ümumən nəzər saldıqda, necə hesab edirsiniz, bu rəqiblər arasında millimiz üçün ən çətini hansı olacaq?
- Reallıq budur ki, kağız üzərində ən zəif bizik. Hansısa proqnoz verə bilmərəm. Ancaq dünya praktikasında xeyli misallar var ki, məğlub olacağına heç kimin şübhə etmədiyi komanda 90 dəqiqənin bitimində qələbəni bayram edib. Əgər futbolçularımızın hamısı sağlam olsa, oyuna maksimal motivasiyalı çıxsalar, taktiki cəhətdən bütün tapşırıqları düzgün yerinə yetirsələr, uğurlu nəticələrə ümid edə bilərik. Qeyd etdiklərimlə yanaşı, daha bir məqamı vurğulamaq istəyirəm. Söhbət tribuaların ağzınacan dolmasından gedir. Belədə, oyunçular hər zaman bacardıqlarından da artığını etməyə can atırlar.

 

 

"Azərbaycanlı jurnalistlərin bunu yazacağına çox ümid edirəm"

 

- Siz ümumiləşdirdiniz. İcanəzilə, mən konkretləşdirim. Fikrimcə, qrupumuzda “2-ci mərtəbə” komandası olan Uelslə oyunlar ən mürəkkəbidi. Hər halda, futbolçularımızın boyu, fiziki göstəriciləri məhz bu yöndə aşkar “axsaqlığı” ortaya qoyur...
- Britaniya futbol məktəbi daim standart vəziyyətlərdə üstünlükləri ilə seçiliblər. Onların fiziki göstəriciləri istənilən rəqibin başağrısına çevrilir.

 

- Buna qarşı məlhəm tapmaq mümkündürmü? Hər halda, elə həmin Mirabdullanın boyu 2-3 aya 20 sm artmayacaq... 
- Tələsməməyi tövsiyə edərdim. Çünki addım-addım irəliləməliyik. İndidən Uelsə qarşı necə oynayacağımızı deyə bilmərəm. Ancaq bir məqama dair fikir bildirmək istəyirəm. Macarlar da fiziki cəhətdən olduqca hazırlıqlı futbolçulara sahibdirlər. Ancaq rəqiblər cüssəlidilərsə, bu, o demək deyil ki, əlimizi yanımıza sallamalıyıq. Hazırda işimizi elə qururuq ki, meydanda həm sürətli, həm texnikalı oyunçular olsun, həm də cüssəli. Çünki müasir Avropa futbolunda fiziki göstəricilər olduqca önəmlidi. Mən də komandanı həm gəncləşdirməyə çalışıram, həm də ucaboy futbolçularla zənginləşdirməyə.

 

- İyunda millimizi 2 rəsmi görüş gözləyir. Necə düşünürsünüz, azərbaycanlı jurnalistlər “Yurçeviçin rəhbərliyi altında millimizin ilk qələbəsi” başlıqlı yazı dərc edə biləcəklərmi?
- Buna çox ümid edirəm. Ancaq Avropa futbolunda hazırkı mövqeyimizə də real yanaşmaq lazımdı. İndi söz vermək yox, işləmək lazımdı. Hər gün işləmək! Hər bir futbolçu 100 faizdən də artığını ortaya qoymağa çalışmalıdı. Hər biri öz üzərində gecə-gündüz çalışmalıdı. Bizdən asılı olan maksimumu meydanda qoymalıyıq. Bacardığımızdan da artığını ortaya qoya bilsək, qələbələrə ümid bəsləyə bilərik. Ancaq bir daha təkrar edirəm ki, tribunaların dolması birinci şərtdi.

 

 

"Macarıstan və Slovakiyayla ev matçlarında bir neçə yeni sima olacaq, Ağabala Ramazanovun dəvət olunmasına gəlincə..."

 

- Əlbəttə, Macarıstan və Slovakiya ilə oyunlara hələ ayyarım vaxt qalır. Ancaq yəqin ki, kitbaçanızın qırağına müəyyən qeydlər etmisiniz. Maraqlıdı, ötəndəfəki ilə müqayisədə, yeni dəvətlilər görəcəyikmi?
- Düşünürəm ki, bir neçə yeni sima olacaq. Budəfəki oyunlar spesifik vaxtda keçiriləcək. Mövsüm başa çatacaq və futbolçularımız yorğun olacaqlar. Kimin hansı kondisiyada olacağını indidən proqnozlaşdıra bilmərəm. Ancaq məhz mövsüm qurtardıqdan sonra oynayacağımızı nəzərə alaraq, bir qədər geniş heyət dəvət edəcəm. Martda bilirdim ki, futbolçu yaxşı kondisiyadadı. İndi isə bir qədər fərqli vəziyyətdi.

 

- Sizə bir xatırlatma etmək istəyərdim. Litvayla yoxlama görüşündən 1 gün əvvəl baş tutan məşqdə mənə belə bir sual verdiniz ki, “necə fikirləşirsən, dəvətlilər sırasında kim olmalı idi və siyahıya düşməyib”. Yəqin ki, cavabı da unutmamısınız. Ağabala Ramazanovun adını çəkmişdim. Maraqlıdı ki, məhz həmin söhbətimizdən sonra Ramazanov ardıcıl qollarını sıralamağa başladı...
- Hər zaman fikir mübadiəsinə açığam. Bəzən elə olur ki, hansısa söhbətdən mühüm məqam çıxır və bundan faydalanırsan. Ancaq bütün hallarda, son qərarı mən verirəm.

 

- Maraqlı bir detal qeyd edim ki, Ağabala tək-tük futbolçulardandır ki, heç vaxt ondan müsahibə almamışam. Təbii ki, qohumluq əlaqəmiz də yoxdu. Ancaq adını çəkdiyim futbolçu qolları sıralayır və şərəfini qoruduğu “Səbail”in 3-cü pillədə qərarlaşmasında böyük pay sahibidi. İyun çağırışında necə, Ramazanovu görəcəyik?
- Bu suala konkret cavab verə bilmərəm. Çünki indidən kimin dəvət alacağına dair qərar verməmişəm. Əlbəttə, oyununu izləyirəm. Bir neçə yaxşı qol vurub. Söhbət tək Ağabaladan getmir. Ümumilikdə vəziyyəti daha geniş təhlil etməliyəm. İstənilən futbolçunun 90 dəqiqə ərzində gördüyü işin həcmini təhlil etməliyəm. İstənilən futbolçunun işinə yanaşmasını təhlil etməliyəm. İstənilən futbolçunun taktiki düşüncə bacarığını təhlil etməliyəm. Futbol çətin işdir. Çünki milliyə dəvət alan futbolçulara daxili çempionat prizmasından yox, beynəlxalq oyun “pəncərəsi”ndən baxmalıyam. Söhbət tək Azərbaycandan getmir. Elə Vətənim Xorvatiya çempionatında kimsə parlaq oyun nümayiş etdirə bilər. Lakin həmin futbolçu milliyə dəvət olunmaya da bilər.

 

- Nəhayət, son sual. Müsahibəyə futboldan bir qədər kənar mövzu ilə başlamışdıq. Gəlin, elə də bitirək. Dostunuz, uzun illər çiyin-çiyinə çalışdığınız, vaxtilə millimizi çalışdırmış Robert Prosineçki ilə də bir dəfə olduqca geniş müsahibə götürmüşdüm. Onda o, müsahibənin sonunadək 1 qutu siqareti boşaltmışdı. Bildiyim qədəri ilə siz də siqaret çəkənsiniz, ancaq müsahibə zamanı nəinki siqaret yandırmadınız, heç alışqan da axtarmadınız. Siqaretsiz necə dözdünüz?
- Mənim üçün bu, böyük problem deyil. İş otağımda siqaret çəkmirəm. Ümumiyyətlə, AFFA-nın inzibati binasında siqaret çəkmirəm. Qayda-qanuna hörmətlə yanaşıram.

 

 

CEYHUN ƏLİYEV
 

26 May 2019
25 May 2019
B.eÇ.aÇC.aCŞB