TOP 10

Bakıdakı "Formula-1" başa çatdı - Azərbaycan Prezidenti İlham Əliyev qalibə kubok təqdim etdi

Digər
Tarix: 2019-04-28 23:05

“Formula-1” SOCAR Azərbaycan Qran Prisində qaliblər müəyyənləşib. Sport24.az xəbər verir ki, 51 dövrəli yarışın qalibi adını finlandiyalı Valteri Bottas qazanıb.  “Mercedes” komandasının finlandiyalı pilotu 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.

 

İkinci yeri Luis Hamilton (“Mercedes”) tutub. Britaniyalı pilot komanda yoldaşından 1,524 saniyə geri qalıb.

 

Ççüncü yeri isə almaniyalı Zebastian Fetel (“Ferrari”) tutub - 11,739 saniyə. Günün sürücüsü isə “Ferrari”nin monakolu pilotu Şarl Lekler seçilib.

 

“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.

 

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Finlandiyanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Qran-Prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib. Dövlət başçımız Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

 

İkinci yerin sahibi, “Mercedes”in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

 

Beləliklə, Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsindən - Azərbaycan Qran-Prisindən sonra pilotların mübarizəsinə 87 xalla “Mercedes”in sürücüsü Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel 52 xalla üçüncü, “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 51 xalla dördüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 47 xalla beşinci pillədə qərarlaşıblar.

 

Konstruktorların yarışında isə “Mercedes” komandası 173 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 99, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 64 xalı var.

 

Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.

 

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 26-da start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralama yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

 

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.

 

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB