TOP 10

Yurçeviçin məğlubiyyətinə canlı şahid olduğu "Qarabağ" - yenə finalsız?

Futbol
Tarix: 2019-04-24 19:00

Azərbaycan Kubokunu ən çox qazanan 2 komandadan biri olan "Qarabağ". Turnirin yenə əsas favoriti olsa da, ilk yarımfinal matçlarından uduzan yeganə komanda da məhz o oldu. Hərçənd, Qurban Qurbanovun yetirmələrinin "Qəbələ"ni yenə məğlub edəcəyini gözləmək olardı. Axı, "Qarabağ" bu rəqibi cari çempionatda hər 4 görüşdə məğlub edərək "abunəçi"si etmişdi. Ancaq kubok matçlarının çempionatdan fərqli olduğu bir daha təsdiqini tapdı. "Qəbələ" bu dəfə toparlandı və güclü rəqibinə indiki məqamda bəlkə də ən arzuolunan hesabla qalib gəldi. Hər halda, Qurban Qurbanov da oyundan sonra mətbuat konfransında qeyd etdiyi kimi, rəqib ilk oyunda evdə yaxşı nəticə əldə etdi, evdə qol buraxmadan qalib gəlməklə üstünlük qazandı. 

 

Ümumiyyətlə, "Qarabağ" əksər vaxtlar "Qəbələ"ylə kubok duellərdən qalib ayrılsa da, onun meydanında heç vaxt qalib gəlməyib. Göründüyü kimi, bu tendensiya yenə davam etdi. Özü də maraqlıdı ki, "Qarabağ" "Qəbələ"ylə iki oyundan ibarət qarşılaşmalardan həmişə birincisi səfərdə keçirib. Qəbələdən ilk 3 dəfə heç-heçəylə (2:2, 1:1 və 0:0) qayıtsa da, bu dəfə məğlubiyyət qaçılmaz oldu. Əslində, ağdamlılar "Qəbələ" üzərində evdə də qələbə qazanmayıb. İlk 2 1/4 final duellərində qolsuz bərabərlik cütün qalibi olmağa imkan vermişdi ki, bu dəfə səfərdə vurulan qollara görə idi. Son dəfə isə həmin mərhələdə evdə 1:2 hesabıyla uduzduğundan, "Qəbələ" cütün qalibi olmuşdu. "Qarabağ" "qırmızı-qaralar"ı oyunda bir dəfə məğlub edib ki, bu, 2017-ci ilin finalında 2:0 hesabıyla olub. Bu dəfə də final Naxçıvanda olacaq, ancaq bu əyalət təmsilçilərinin yalnız biri ora yollanacaq.

 

"Qarabağ"ın çalışdırıcısı çempionluq mübarizəsində sıx qrafiki nəzərə alaraq bəzi əsas futbolçularını ehtiyatda saxlamışdı. Bunlar kapitan Rəşad Sadıqov, Miçel Madera, Dani Kintana, Riçard Almeyda və Abdullah Zubir idi. Qurbanov son 2 futbolçuya ikinci hissədə ehtiyac duyaraq meydana buraxdı ki, bu da komandasının oyununu canlandırdı. Ancaq Zubir bir epizodda yaxşı qurtadı. Çünki onun rəqib futbolçu Amin Seydiyevi vurduğuna görə baş hakim sarı yox, qırmızı vərəqə göstərsəydi, çox vacib olan cavab matçını, finala çıxsaydılar, həmin görüşü də buraxacaqdı. Yəni, kubokda mövsüm Zubir üçün vaxtından əvvəl bitəcəkdi.

 

Ehtiyat oyunçular skamyasından komandanı ruhlandıran "Qarabağ"ın kapitanının hesabda 0:1 geri düşəndən sonra meydana çıxacağı gözlənilirdi. Hər halda, Rəşad fəal şəkildə isinmi hərəkətləri etməyə başlayırdı və gözləmək olardı ki, 3-cü dəyişiklik onun meydana daxil olması olacaq. Ancaq Sadıqovun yoxluğunda kapitan sarğısını daşıyan Maksim Medvedevin yeganə qol müəllifi Ceyms Adeniyi ilə mübarizəsindən sonra aldığı zədənin ciddi olması planları dəyişdirdi. Meydana daxil olan tibbi personal futbolçulara kömək etsə də, Ceymsdən fərqli Maksimin oyunun davam etdirə bilməyəcəyinə işarə verildi. Axsayaraq meydanı tərk edən və birbaşa paltardəyişmə otağına yollanan Medvedevi müdafiənin sağ cinahında Abbas Hüseynov əvəzlədi.

 

Maksim oyunu ümumilikdə yaxşı keçirsə də, qolda millidə də komanda yoldaşı olan Bədavi Hüseynovla inamsız çıxış etdilər. Adeniyi bir hərəkətlə topu elə ram etdi ki, təcrübəli müdafiəçilərin hər ikisini arxada qoydu və yaxın məsafədən qarşısıalınmaz zərbə vurdu. Qəbələdə "qol kralı" olan Adeniyi artıq 9-cu dəfədi burda fərqlənir. Onun qələbə topu ümumiyyətlə, komandasını finala çıxara bilər. Çünki "Qəbələ"yə cavab matçında istənilən hesablı heç-heçə, hətta qol vurmaq şərtilə minimal fərqli məğlubiyyət də sərf edir. "Qarabağ" isə rəqibindən buraxacağı hər qolun qarşılığında ikisini vurmalı olacaq. 

 

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov bu matça iki hücumçuyla çıxsa da, əslində, Adeniyi arxadan oynayaraq oyun qurucusu funksiyasını yerinə yetirir, irəlidə tək mərkəz hücumçusu olan Rauf Əliyevi topla təchiz edirdi. "Qəbələ"nin oyun qurucusu olan Cavid Hüseynov isə gözlənilmədən əsas heyətdən kənarda qalmışdı ki, belə olan halda, dayaq yarımmüdafiəçiləri  Elvin Camalovla Sabiel Lilayin hər ikisi ilk dəqiqələrdən meydanda idi. Komandanın liderllərindən olan Stiven Monroz bəlkə də ən zəfi oyununu keçirərək ikindi hissədə haqlı olaraq əvəzləndi. "Qarabağ"ın zəif bəndi isə qış fasiləsində qaytardığı Reynaldo Silva idi. Braziliyalı hücumçu əvvəlki dövrünün kölgəsini xatırladırdı. Reynaldonun rəqib müdafiəçilərini keçə, onları gərginlikdə saxlaya bilmir, top itkiləri saysız-hesabsız idi. Bunun da məntiqi nəticəsi olaraq Reynaldo artıq fasilədə əvəzləndi və çətin ki bundan sonra bir də cari mövsümdə meydana çıxsın.

 

"Qarabağ"ın əsas heyətində artıq yerlərini itirən Qara Qarayevlə Araz Abdullayev xoş təəssürat oyatdılar və millimizin baş məşqçisi Nikola Yurçeviç dəvət etdiyi bu yarımmüdafiəçilərə qiymət vermək imkanına malik idi. Bəli, Yurçeviç ilk dəfə Qəbələyə gəlmişdi və oyunu stadiondan izləyirdi. Özü də ailə üzvləriylə birgə - xanımı Sandra və qızlarıyla Laura və Lanayla birgə. "Qəbələ"nin yeni prezidenti Fariz Nəcəfov Yurçeviçi görüncə baş meneceri Zaur Əzizovla birgə yaxınlaşdı. Əzizov prezidentini xorvatiyalı mütəxəssisə təqdim edincə onlar isti görüşdülər və klub rəhbərliyi qonaqlara diqqətini göstərdi. Qarşılaşmanı stadionun VİP lojasından Yurçeviç və onunla ailə üzvləri "Qəbələ"nin rəhbərliyi tərəfindən hədiyyə olunan çay dəstgahını da böyük məmnuniyyətlə qarşılayıblar. Belə qənaətə gəldin ki, Qəbələnin əsrarəngiz mənzərəsi Yurçeviç və ailə üzvlərinin çox xoşuna gəlmişdi, həta deyərdim yaxşı mənada təəccübləndirmişdi. Onlar oyundan dərhal sonra qayıtmayaraq orda qalıblar və bu gün Bakıya qayıdıblar. 

 

Məlumdu ki, Yurçeviç ilk siyahısında "Qəbələ"dən heç bir futbolçuya yer verməmişdi. Qarşıdakı toplanışına isə bu komandaya dəvət göndərəcəyi gözlənildi. Hər halda, milliyə namizəd sayılan Rauf Əliyev, Ürfan Abbasov, Elvin Camalov, Bəhlul Mustafazadə və Amin Seydiyev ümumilikdə yaxşı təsir bağışladılar. 

Qəbələyə ötən cümə səfərim zamanı - "Zirə"ylə çempionat matçından fərqli bu dəfə günəşli, əls futbol havası idi. Elə tribunalarda da bu dəfə boş deyildi, xeyli dolmuşdu. Özü də stadiona gələnlər tum çırtlayaraq sanki teatrda baxmır, doğma komandalarına əsl azarkeşlik edirdilər, sektorlarda fəallıqları ilə seçilirdilər. Yəni, Qəbələ stadionunda çoxdandı görmədiyim canlanmanı müşahidə etdim. Ancaq kubokun əsas favoritlərinin görüşünə medianın marağı çox aşağı id. Təsadüfi deyil ki, yazılı mediadan Qəbələdə yeganə yalnız Sport24.az idi və və baş məşqçilər oyunsonrası mətbuat konfransında yalnız bəndənizin suallarını cavablandırdılar.

 

Bəli, "Qarabağ" kuboku 6 dəfə, bunun son 4-nü Qurban Qurbanovla qazansa da, ardıcıl 2-ci mövsüm finalsız qalmaq təhlükəsiz ilə üzləşib. Ötən dəfə 1/4 finalda "Sumqayıt" səddində "ilişən" Ağdam təmsilçisi bu dəfə yarımfinalda "Qəbələ" maneəsi ilə üzləşib. Bunun necə yekunlaşacağını isə mayın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda biləcəyik.

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB