TOP 10

"Mütəxəssis rəyi": "Yarımfinala layiq oyun deyildi"

Futbol
Tarix: 2019-04-24 16:28

Azərbaycan Kubokunun ilk yarımfinal qarşılaşmaları arxada qaldı. İlk oyunlardan sonra nə “Qəbələ” - “Qarabağ”, nə də “Sumqayıt” - “Zirə” cütlüyündə aşkar favorit yarandı. Elə fikirlərini öyrəndiyimiz U-19 yığmamızın baş məşqçisi Samir Əliyev də şanslar barədə ehtiyatlı danışdı. Sport24.az-a verdiyi müsahibədə 40 yaşlı mütəxəssis əvvəlcə “Qəbələ” -“Qarabağ” matçı barədə fikirlərini bölüşdü.

 

Həmsöhbətimiz Kubok qarşılaşmalarının 90 yox, 180 dəqiqə oynandığını bildirdi: “Cütün taleyi iki oyunun nəticəsinə görə müəyyənləşir. Görünən bu idi ki, hər iki komanda həm çempionatı, həm də Kuboku düşünür. Bəli, “Qəbələ” ilk oyunda əlverışli nəticə əldə edib: həm qalib gəliblər, həm də qapılarının toxunulmazlığını qorumağı bacarıblar. Bu da bölgə təmsilçisinin finala yüksəlmək şanslarının az olmaması anlamına gəlir. Çünki “Qarabağ” digər “cəbhə”də də “Neftçi”ylə çempionluq mübarizəsi aparır. Zənnimcə, cavab görüşü daha maraqlı alınacaq”.

 

Bəs, Ağdam təmsilçisinə nə çatışmadı ki, daha sərfəli nəticəylə dönsün? Əliyevi dinləyək: “Deməzdim ki, çatmadı. Heyətdə müəyyən rotasiyalar edilmişdi. Bu da aydın məsələdir ki, komanda çempionatı da düşündüyü üçün edilib. Məncə, “Qarabağ” əsas diqqətini çempionluq mübarizəsinə yönəldib”.

 

O ki qaldı bilavasitə ilk matçın yekun nəticəsinə... “Fikrimcə, burda başlıca rolu Ceyms Adeniyinin fərdi ustalıq səviyyəsi oynadı. Ancaq bu, ilk oyun idi. Düşünürəm ki, cavab qarşılaşmasında Qurban Qurbanov optimal heyətə şans tanıyacaq. Doğrudu, meydana çıxanlara da “əvəzedici” deməyə adamın dili gəlmir. İstər Rahil Məmmədov olsun, İstər Araz Abdullayev, istərsə də Qara Qarayev - bu uşaqların hamısı millinin üzvləridir. Sadəcə, son turlarda daha az oynayıblar. O ki qaldı cavab görüşünün gözlənilən ssenarisinə, fikrimcə, “Qəbələ” əsas diqqətini müdafiəyə yönəldəcək ki, qapısında qol görməsin. Hətta bunu etmək istəməsə də, “Qarabağ” məcbur edəcək. Bəli, ağdamlıların heyətində individual baxımdan yetərincə keyfiyyətli futbolçu olsa da, rəqib müdafiəyə oturanda, qol vurmaq çox çətin olur”.

 

Daha sonra mütəxəssis qolsuz bərabərliklə nəticələnən “Sumqayıt” - “Zirə” matçına dair fikirlərini bölüşdü: “Bu cütlükdən favorit adı çəkmək çətindi. Düzdü, “Zirə” cavab oyununda evdə oynayacaq. Ancaq bunun meydan sahiblərinə əlavə üstünlük qazandıracağını düşünmürəm. Çünki əlavə üstünlük olması üçün tribunalarda 10-15 min azarkeş toplaşmalıdı. Ancaq həyətlərə nəzər saldıqda “Zirə”nin futbolçularının ustalıq səviyyəsinin daha üstün olduğunu söyləyə bilərəm. Bunula “Sumqayıt”ı kiçiltmək niyyətim yoxdu. “Kimyaçılar”da da oyunun taleyini həll etmək gücündə olan futbolçular var. Burda bir məqam da var ki, tərəddüd etməyimi şərtləndirir: “Zirə” stabil futbol oynamır. Məncə, bu cütlükdə şanslar bərabərdi”.

 

İlk oyunda nə “Sumqayıt”, nə də “Zirə” çoxsaylı qol imkanı yaxalamadılar. Maraqlıdı, gənc mütəxəssis Sumqayıtdakı görüşün belə sönük keçəcəyini gözləyirdimi? Əliyev də bu matçdan narazı qaldığı gizlətmədi: “Fikrimcə, yarımfinala layiq oyun deyildi. “Sumqayıt”ın fərqlənmək üçün qonaqlardan daha çox imkanı oldu. Ancaq parlaq, aqressiv futbol görmədim. Hərçənd, evdə oynayan “Sumqayıt”a qol vurmaq lazım idi. Hər iki komanda əsas diqqətini qol buraxmamağa yönəltmişdi. Qol vurmaq istəyi isə arxa plana keçmişdi. Cavab görüşündə bir qol cütlüyün taleyini həll edə bilər”.

 

Sonda həmsöhbətimiz bir qədər təxribatçı - kimi finalda görmək istəyərdiniz  - sualımızı da cavablandırdı: “Əlbəttə, kim layıqdirsə, o da olsun. Ancaq  “Qarabağ” çempionluğa oynayır və istəyərdim ki, qızıl medalların taleyi son turda - “Neftçi” - “Qarabağ” görüşündə müəyyənləşsin. Bunu nəzərə alaraq, finalçının birinin “Qəbələ” olmasını istəyərdim. Digər cütlüyə gəlincə, bu komandaların heç biri Kubokun finalında iştirak etməyib. Hər birini finalda görmək xoş olardı”.
 

 

 

CEYHUN ƏLİYEV

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB