TOP 10

Azərbaycan Kubokunda 7 ildən sonra

Futbol
Tarix: 2019-04-24 09:26

Azərbaycan Kubokunun ilk yarımfinal matçları qeyri-məhsuldarlığı ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, 2 oyuna cəmi 1 qol qeydə alınıb. 

 

Buna da "Qəbələ" - "Qarabağ" matçında sona yaxın - 72-ci dəqiqədə meydan sahiblərinin nigeriyalı hücumçusu Ceyms Adeniyi imza atıb. "Sumqayıt" - "Zirə" görüşündə isə qolsuz bərabərlik qeydə alınıb. Göründüyü kimi, paytaxtdan kənardakı qarşılaşmalarda komandalar qol vurmağa meylli olmayıblar. 

 

Bu mərhələ üçün sonuncu belə qolsuzluq 7 il öncəyə - 2011/12 mövsümünə gedib çıxır. Onda ilk yarımfinal oyunları Bakıda olmuşdu. "İnter" (hazırkı "Keşlə") - "Neftçi" matçında hesab açılmamışdı. "Qarabağ" isə "Bakı"nı səfərdə gürcü hücumçusu Georgi Adamiyanın 90-cı dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabıyla məğlub etmişdi. 

 

Göründüyü kimi, belə vəziyyətdə finala çıxmağa ən az şanslı "zolaqlılar" olub. Ancaq artıq tarixin yaddaşına köçən "Bakı" səfərdəki cavab matçında əzmkarlıq göstərərək Qurban Qurbanovun komandasını mübarizədən kənar qoyub. Lukas Mario Horvat 39-cu dəqiqədə ümumi hesabı bərabərləşdirib və əlavə 30 dəqiqədə də nəticə dəyişməyib. Matçsonrası penaltilərdə isə "Bakı" 5:4 hesabıyla qalib gəlib. Finldakı rəqibi evdə 1:0 hesabıyla qələbə qazanan "Neftçi" olub. Həlledici matçda da qalib gələn - həmşəhərlilərini "Dalğa Arena"da 2:0 hesabıyla məğlub edən "Bakı" tarixində son kuboku, ümumiyyətlə, son titulunu qazanıb. Bu statistika təkrarlansa, onda "Qarabağ" ilk qarşılaşmalardan sonra ən az şanslı olsa da, kuboku qazanacaq. 

 

Ümumiyyətlə, cari mövsümdə kubokda çox da qol vurulmayıb - 14 oyuna 29 qol. Bunun da az qala yarısı - 14-ü ilk mərhələyə təsadüf edib. Bu da gözlənilən idi, çünki Premyer Liqa klublarının rəqibləri I Divizion təmsilçiləri olduğundan, onları darmadağın ediblər. Sonradan isə 10 görüşdə cəmi 15 qol qeydə alınıb. Oyunlar əsasən 1 qolla nəticələnib, uzağı 2 qol olub. Hazırkı kubokda ən məhsuldar matç Bayılda keçirilib - 5 qol. "Zirə" "Səbail"i cavab 1/4 final matçında 3:2 hesabıyla yenərək yarımfinala yüksəlib. Yeri gəlmişkən, bu turnirdə ilk qolsuz matç da indi - "Zirə"nin iştirakıyla oynayıldı  Bu yerdə qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunda qolsuz görüş olmayıb. Sonuncu 0:0 2 mövsüm öncəyə gedib çıxır ki, onda da yarımfinal mərhələsi idi. "Qarabağ" "Neftçi"ylə evdəki cavab matçında qolsuz bərabərlik edərək finala çıxıb və sonda kuboku qazanıb. 

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB