TOP 10

Milyonların gözü önündə: azərbaycanlılar Moskvadan çempion qayıdır!

Digər
Tarix: 2019-04-22 10:00

Ötən gecə azərbaycanlı balaları Moskvada tarix yazdı! Rusiyanın 1-ci kanalının izləyicilərinin sayının neçə milyon olduğunu dəqiq bilmirəm. Ancaq 44 ildi fasiləsiz yayımlanan “Что? Где? Когда?” (ÇQK) verlişinin tək Rusiyada, postsovet məkanında deyil, “köhnə qitə”də də böyük populyarlığa sahib olmasına heç bir şübhəm yoxdur. Ötən gecə isə bu milyonların sevimlisi olan ÇQK-nın yubiley - 500-cü buraxılışı idi. Sevindirici idi ki, məhz bu yarışmada üç azərbaycanlı balası - Balaş Qasımov, Elman Talıbov və Dmitri Avdeenko da “bilicilər”in komandasında yer alırdılar. Özü də bunlardan ikisi gecənin qəhrəmanı olmağı bacardı!

 

Balaş komandanın kapitanı idi və belədə, verilən suallara kimin cavab verəcəyinə dair qərarları çıxaran sima idi. Talıbov isə... Gəlin, tələsməyək, ardıcıllıq o qədər fantastikdir ki!..

 

Start, de-fakto, Azərbaycan komandası üçün olduqca uğursuz alındı. Ardıcıl 2 səhv cavab və “tamaşaçılar” hesabda önə keçdilər. Doğrudu, bundan sonra, futbol dili ilə desək, buraxılan qollardan birinin əvəzini çıxmaq mümkün oldu. Ancaq növbəti iki sual qarşısında da aciz qalan “bilicilər” yaz seriyasının finalından qalib ayrılmaq şanslarını minimuma endirdilər. 

 

Bəli, komandanın kapitanı olan Qasımov 6-cı sualın öhdəsindən gəldi, özü də 1 dəqiqəyə qənaət etməklə. Ancaq fərqin 2-yə enməsi hələ dönüş demək deyildi. “Bilicilər” 7-ci suala da səhv cavab verdikdən sonra isə ən optimist azarkeşlərin də ümidi söndü. Axı, indi hesab 2:5 və “tamaşaçılar”ı qələbədən cəmi 1 xal ayırırdı. Ancaq hər şey bundan sonra başladı!

 

Əvvəlcə, “klub köməyi” hüququndan istifadə edildi və fərq yenidən 2-yə endirildi. Ardınca daha iki düzgün cavab və hesab bərabərdi - 5:5. 

 

Nəhayət, sonuncu sual müəyyənləşir və aydın olur ki, “superblits” oynanılacaq - masa arxasında komandanın yalnız bir üzvü qalmaq şərti ilə, 3 sual və hər birinə düşünmək üçün cəmi 20 saniyə vaxt. Kapitan - Balaş Qasımov masa arxasında qalacaq oyunçunu müəyyənləşdirməlidir. Oyun kuliminasiya nöqtəsinə çatıb. Nəzərə alsaq ki, əvvəlki 10 sualın ikisinə Talıbova cavab vermək şansı tanınıb və hər iki halda həmyerlimiz səhv edib, onun masa arxasında saxlanılacağına ümid demək olar ki, yoxdu. Bəs, Balaş kimə etimad göstərəcək? Kapitan qərarını səsləndirir: “Masa arxasında Elman Talıbov qalacaq”. 

 

...İlk iki sual heç də “superblits” ənənəsində deyildi. Lakin Talıbov bu çətin sınağın öhdəsindən gəldi. Nəhayət, sonuncu sual və 34 yaşlı azərbaycanlı “suflyor”u da tapır. Onu ilk bağrına basan Balaş olur. İki azərbaycanlının qol-boyun olmasını, 44 yaşlı intellektual yarışmada milyonların gözü qarşısında yubiley verlişində baş qəhrəman olmasını on milyonlarla insan izləyir. Biz isə həm izləyir, həm qürur duyur, həm də ölkə adına necə böyük bir uğur olmasının fərqinə varırıq. 

 

Əlbəttə, illər ötdükdən sonra bu mübarizəni əksəriyyət unudacaq. Ancaq 500-cü verlişin qalib komandası heç vaxt tarixdən silinməyəcək. Həmin komandanın kapitanı Balaş Qasımovun həlledici “superblits” qərarı, Elman Talıbovun isə azərbaycanlı intellektinin benefisinə dair fantastik cavabları - 21 aprel, 2019!

 

CEYHUN ƏLİYEV

 

P.S. Əlbəttə, bu verlişin idmana nə aidiyyatının olmasına dair sual yarana bilər. Cavab üzdədir: bir yerdə ki, hesab (6:5), yarışma var, orda idman mütləq mövcuddur.
 

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB