TOP 10

“Layiqli qələbə qazandıq”

Futbol
Tarix: 2019-04-16 12:00

Futzal üzrə Serbiya yığması ilə ilk yoxlama oyununda (2:1) qələbə topunun müəllifi olan Azərbaycan milli komandasının üzvü Sezar Conatan federasiyanın rəsmi saytına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir:


- Serbiya ilə oyundan başlayaq. Braziliyanı məğlub etmiş rəqibi yenəcəyini gözləyirdinmi?
- Çox çətin oyun oldu. Serbiya yaxşı komandadır. Onlar bir neçə gün əvvəl güclü rəqib olan Braziliya ilə yoldaşlıq oyunları keçirib. Bizim komanda da nüfuzlu yığmalardan hesab edilir. Məncə, layiqli qələbə qazandıq. Ancaq bu qarşılaşma tamaşanın birinci hissəsidir. Sabah (bu gün-red.) onlarla daha bir görüşümüz olacaq.


- Bu oyunu digər iki matçdan fərqləndirən məqamlar hansılardı?
- Çox intizamlı oynadıq. İstər hesabı açdıqdan, istərsə də rəqib qol vurduqdan sonra oyunumuzda dağınıqlıq olmadı. Bu baş məşqçinin əsas tapşırığı idi. Biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Bugünkü oyunu fərqləndirən əsas məqam budur.


- Serbiyanın Braziliyaya qarşı oyunlarını izləmisən?
- Xeyr, heç birini izləməmişəm. Ancaq eşitdiyimə görə Serbiya xüsusilə də qələbə qazandığı oyunda yaxşı çıxış edib. Braziliya mətbuatı da bunu yazıb. Onlar müdafiədə düzgün oynamaqla rəqibi əks-hücumlarda tutdular və qollar vurdular.


- Son 5 gün ərzində 3 yoldaşlıq oyunu keçirmisiniz. Hansı oyunda komanda daha yaxşı çıxış etdi?
- Serbiyaya qarşı çox yaxşı oynadıq. Üç qarşılaşma arasında bu görüşü seçərdim. Yenə deyirəm, düzgün oynadıq, intizamımızı pozmadıq, vurduqlarımızdan başqa da qol epizodları yaratdıq.


- Müqayisə etsək güc baxımından Latviya Serbiya səviyyəsində komanda deyil. Bəs onlara qarşı zəif oyunun səbəbini nədə görürsən?
- Yorğunluq var idi. Oyunlar çox çətin keçdi. Həm də komanda çoxdan idi bir yerə yığılmırdı. Oyunlar keçirdikcə anlaşma da artır, oyun keyfiyyətində irəliləyiş hiss olunur.


- Müdafiədə oynasan da, 3 oyunda 3 qol vurmusan.
- Bu, yaxşı göstəricidi. Əlbəttə, nə qədər çox qol vursaq, həm komandanın durumu yaxşı olar, həm də özünəinam artar. İndiki məqamda durumumdan razıyam. Ancaq bu maksimum deyil.


- Millinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri haqda nə düşünürsən?
- Kağız üzərində asan görünə bilər, ancaq çətin rəqiblərlə qarşılaşacağıq. Keçilməz deyil, sadəcə, bugünkü kimi intizamlı oynamalıyıq. Rəsmi oyunlara qədər hazırlıq səviyyəmizi yaxşılaşdırmaq üçün vaxtımız var.


- Baş məşqçi çıxışından razıdırmı?
- Hələ bir söz deməyib. Üzərimə düşəni edirəm. Hər gün məşqlərdə maksimumu etməyə, oyunlarda komandama yardımçı olmağa çalışıram. Alesioya demişəm ki, komandada qalmaq, kömək etmək istəyirəm. Təbii ki, heyətlə bağlı son qərarı baş məşqçi verir. Seçiminə hörmətlə yanaşacağam.

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB