TOP 10

Turun "5-liy"i: Yeni lider, yeni rekordçu

Futbol
Tarix: 2019-04-15 13:20

Azərbaycan Premyer Liqasının XXIV turu da bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

Nəhayət ki...

 

"Qarabağ" cari çempionatda ilk dəfə vahid lider olub. Maraqlıdı ki, son 5 ilin qalibi bu çempionatda heç vaxt 1-ci pillədə olmamışdı. Bunun reallaşması üçün Qurban Qurbanovun komandası 24 tur gözləmək məcburiyyətində qalıb. Ağdam təmsilçisi bunadək "Neftçi"ylə bir neçə dəfə şərikli lider olsa da, rəqibindən şəxsi oyunlardakı nəticələrdə geri qaldığından 2-ci pillədə yer almaqla barışmalı olub. İlk dövrədə bu komandalar arasında matçda isə qalib müəyyənləşməmişdi - 1:1. Sadəcə, onda "Qarabağ" topların fərqinə görə 1-ci yerdə olmayıb. İlk dövrənin son turunda "Qarabağ" "Keşlə" səfərdə büdrədiyindən (1:1) "Neftçi" ilk dövrəni 2 xal üstünlüklə vahid lider kimi başa vurub. Roberto Bordinin komandası 2-ci dövrəni "Qarabağ"dan 3 xal irəlidə başa vuraraq qış çempionu olub. Üçüncü dövrədə isə mübarizə şərikli liderliklə bitib. 

 

Qurban Qurbanovun komandası ilk dövrədə 17, ikincidə 13, üçüncüdə 15 xal toplayıb. Yeni lider eyni zamanda son dövrədə yüzfüaizli nəticə göstərən yeganə komandadı. Belə ki, "Qarabağ" ardıcıl səfər qələbələrindən - "Sumqayıt"ı 6:0, "Qəbələ"ni 2:1 hesabıyla məğlub edəndən sonra evdə "Sabah"ı da böyük hesabla yenib - 3:0. 

 

 

Ədilxan yenə mövsümə "damğa"sını vurdu

 

"Səbail"in futbolçusu Ədilxan Qarəhmədov cari mövsümdə ikinci dəfə rekordçu olub. Belə ki, gənc yarımmüdafiəçi bunadək cari çempionatda meydana çıxan ən gənc futbolçu olmuşdusa, bu dəfə ən gənc qol vuran futbolçu adına sahib çıxıb. “Sumqayıt”la XIX turun Bayılda keçirilən matçının (0:0) ilk dəqiqələrində zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi əvəzləyən Ədilxan ölkə çempionatının yüksək dəstəsində debüt etmiş və bu, 17 yaş 268 günlüyünə təsadüf etmişdi. 

 

İndisə Qarəhmədov "Neftçi"ylə XXIV turun ev matçında 76-cı dəqiqədə Fəhmin Muradbəylinin yerinə meydana daxil olaraq fərqlənib. Ona hesabı 1:1 etmək üçün cəmi 5 dəqiqə yetərli olub. 2001-ci ilin iyunun 5-də dünyaya gələn Ədilxan 17 yaş 313 günlüyündə qol vurub. 

 

Bunadək rekord isə Qarəhmədovun qol vurduğu komandanın - "Neftçi"nin müdafiəçisi Anton Krivotsyuka məxsus idi. 1998-ci ilin avqustun 20-da anadan olan Anton IV turda "Keşlə"yə "Bakcell Arena"da 2:0 hesabıyla qalib gəldikləri görüşdə 88-ci dəqiqədə hesabı açmışdı. Krivotsyuk sentyabrın 16-da keçirilən həmin matçda qol vuranda 20 yaş 21 günlüyündə olub. Ədilxanadək meydana daxil olan ən gənc futbolçu ilə bağlı rekord isə “Sabah”ın yarımmüdafiəçisi Şakir Seyidova məxsus idi. XII turun “Qarabağ”la matçında debüt edən Şakir meydana 17 yaş 326 günlüyündə çıxıb. 

 

 

İlin futbolçusu "qol orucu"nu pozdu

 

"Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "qol orucu"nu pozub. Belə ki, 2018-ci ilin ən yaxşı futbolçusu seçilən gənc hücumçu bu il ilk qolunu indi vurub. Mirabdulla XXIV turda "Səbail"lə 2:2 hesabıyla nəticələnən səfər matçının 50-ci dəqiqəsində baş zərbəsi ilə hesabı açıb. Üçüncü dövrəni boşa verən Abbasov sonuncu dəfə XIII turda - dekabrın 1-də "Sabah"ı "Əlincə Arena"da 2:1 hesabıyla məğlub etdikləri matçda 39-cu dəqiqədə fərqlənib və bu, sonda qələbə topu olub. "Aqaska" cari çempionatda 7-ci qolunu vurmaq üçün 134 gün gözləməli olub.

 

 

Ən gec qol - yenə afrikalı

 

Cari çempionatda ən gec qol bu tur vurulub. Bu, "Neftçi"nin qış transferi olan Mamadu Mbodjla reallaşıb. Seneqallı mərkəz müdafiəçisi "Səbail"lə səfər matçında 90+6-cı dəqiqəsində komandasını məğlubiyyətdən xilas edib. Artıq hesabına 4-cü qolu yazan Mbodj yeni rekordçu olub. Bunadək ən gec qol digər afrikalı futbolçuya - Sadio Tounkaraya məxsus idi. Maraqlıdı ki, "Zirə"nin malili cinah yarımmüdafiəçisi də Bayılda "Səbail"ə qol vurmuşdu - 2:0. Əslində, "Səbail" - "Neftçi" matçının baş hakimi Səbuhi Bayramov 2-ci hissəyə 5 dəqiqə əlavə etmişdi. Ancaq həmin vaxtda da fasilə yarandığından, final fiti 90+6-cı dəqiqədə səsləndirilib və qol da protokolda həmin vaxtda göstərilib. 

 

 

Monrozun tərbiyəsizliyi

 

 

Stiv Monrozun “Keşlə”ylə matçda etdiyinin ən yumşaq adı tərbiyəsizlikdi! Əlbəttə, yaxşı futbolçu olmaq üstünlükdür, ancaq mərifət, tərbiyə yaxşı futbolçu olmaqdan öndədir. Bu mövsümün sonu o, “Qəbələ”dən gedəcək, amma hələ uzun illər buna bənzəyən tərbiyəsizliyə rast gəldikdə “Monroz kimi hərəkət etdi" deyəcəyik.

 

 

 

 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB