TOP 10

“Neftçi” üçün 4 final, Və ya Rabitə itərsə...

Futbol
Tarix: 2019-04-15 12:00

Ötən gün “Qarabağ” uzun müddətdən sonra liderlik kürsüsünü ələ keçirdi. Şənbə günü “Sabah”ı darmadağın edən ağdamlılar ertəsi gün “Səbail”in “Neftçi”dən xal almasına sevindilər...

 

“Səbail” - “Neftçi” qarşılaşmasında isə hər şey var idi - mübahisəli anlar, bol qol, meydanın hər qarışı uğrunda amansız mübarizə, sürətli oyun, qırmızı vərəqə - özü də bunlar hamısı bir 45 dəqiqəyə sığdı. 

 

Fasiləyədək “ağ-qaralar” dominantlıq edən tərəf olsalar da, “dənizçilər” təmkinlə müdafiə olunurdular. İkinci hissədə isə... Bu oyuna baxmayanlar itirdilər. Sözlə ifadə oluna bilməyəcək dramatiklikdə döyüş alındı.

 

Bu matçda vərəqə limitinin dolması səbəbindən iştirak edə bilməyən Emin Mahmudov ötən gecə komandasının liderliyi əldən verməsindən  sonra azarkeşlərə müraciət edib: 

 

“Əziz “Neftçi” azarkeşləri, biz də sizin kimi bir hədəf – çempion olmaq üçün yaşayırıq! Buna görə də sizin məyusluğunuzu anlayıram! Bizim son 4 turda qələbə qazanmaqdan başqa yolumuz yoxdur! Sizsiz bunu həyata keçirmək çox çətin olacaq! Gəlin, geridə qalan 24 turda olduğu kimi, yenə də birlikdə olaq! Biz uzun yol keçmişik, artıq son addımlar qalıb! 4 tur! Birlikdə olaq və inşallah, hədəfimizə çataq! Biz meydanda vuruşacağıq, siz isə bizim dayağımız olacaqsız! Forza Neftçi!”.

 

Komandanın kapitanının bu cür müraciəti təbiidir. Çünki şans varsa, ondan istifadə etmək üçün mütləq səy göstərmək lazımdı.

 

Ancaq soyuq başla təhlil etdikdə, daha bir məqam qabardılmalıdı. Uzun illərdi “kölgə”yə çəkilən “Neftçi” cari mövsüm çempionluq uğrunda mübarizəyə xüsüsi rəng qatdı.  Qarşıdakı 3 oyundan qalib ayrılacağı təqdirdə isə XXVIII tur futbol bayramına çevriləcək. Çünki belədə, qızıl medalın taleyi son görüş - “Neftçi”- “Qadabağ” duelində müəyyənləşəcək. Və belə məqamda azarkeş-klub birliyi maksimal dərəcədə həmrəylik nümayiş etdirməlidir. 

 

Əlbəttə, hələ qış fasiləsində “süvarilər”in çempionluq şansının daha yüksək olduğunu dəfələrlə bildirmişdik. Bunun bir neçə səbəbi var idi, ancaq ən vacibi odur ki, Qurban Qurbanovun komandası “çempionluq aşı”nın təamına yaxşı bələddir. Zarafat deyil, ardıcıl 5 ildi komanda ölkə daxilində rəqib tanımır! 

 

Bəli, “Neftçi” ən köklü Azərbaycan klubudur. Ancaq meydana nə tarix çıxır, nə əvvəlki futbolçular. Bu heyət, bu komanda isə heç 1 il deyil çiyin-çiyinə oynayır. Bax, elə bu üzdən də “Neftçi”, Roberto Bordin üçün sona 4 tur qalmış hələ də çempionluq şanslarını qorumaq özlüyündə uğurdu. 

 

Gümüş medal olacağı təqdirdə yenidən köklü islahatlara əl atılacaqsa, bu, ancaq və ancaq “Neftçi”nin əleyhinə işləyəcək. Yenicə yığılan komanda ilk turdan “çempionluğa oynayırıq” deyib, finişə 4 tur qalınca dediyinin üstündə dura bilirsə, deməli, hər cür alqışa layiqdi. 

 

Əlbəttə, səhvlər də olub, özü də yetərincə. Ancaq indi bunların araşdırılmasına başlansa, azarkeş - klub rabitəsi itəcək. Həmin rabitə ki, uzun illərdən sonra məhz cari mövsümdə möhkəmlənməyə və nəticə verməyə başlayıb. Qarşıda isə “ağ-qaralar”ı 4 finala bərabər oyun gözləyir.
 

 

 

CEYHUN ƏLİYEV

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB