TOP 10

Çempionluq matçı formal xarakter daşımağa doğru: "Sabah" bunu reallaşdıracaq, yoxsa "abunəçi" olacaq?

Futbol
Tarix: 2019-04-15 10:19

Premyer Liqamızda cari mövsümdə bəlkə də sonda həlledici olacaq məqam bu tur baş verdi. "Neftçi" XXIV turda "Səbail"lə səfər matçında heç-heçə edərək "Qarabağ"la şərikli liderliyini əldən verdi. Artıq Qurban Qurbanovun komandası prinsipial rəqibindən 2 xal önə keçməyi bacarıb və vahid liderdi. 

 

İndiki məqamda futbolsevərlərimizi daha çox maraqlandıran odur ki, hadisələrin belə axar almasından sonra çempionluğun taleyi son tura qalacaqmı? Məlumdu ki, bu komandalar mayın 11-də son turda "Bakcell Arena"da görüşəcək. Ancaq ola bilər ki, həmin qarşılaşma həlledici yox, formal xarakter daşısın. Bu da komandalar arasında ən azı 4 xal fərqin olacağı halda reallaşacaq. Deməli, "Neftçi" daha bir dəfə xal itirərsə, "Qarabağ" isə təbii ki, qalan 3 matçda qalib gələrsə, bu, gerçəkləşəcək. 

 

Bəs, görəsən, çempionluğa namizədlərin kimlərlə oyunları qalıb? Növbəti turda da "Qarabağ" ilk oyun günündə evdə oynayacaq, "Neftçi" isə ertəsi səfərə gedəcək. Qurban Qurbanovun komandası aprelin 18-də son pillənin sahibi "Keşlə"ni qəbul edəcəyindən, 3 xal qazanmaq işi asan görünür. Düzdür, Tərlan Əhmədov bu komandanın baş məşqçisi postunda debütündə ağdamlılardan evdə xal alıb - 1:1. Ancaq bu, yeganə uğurlu nəticə olub. Bundan sonra "Qarabağ" çempionatda rəqibinir üstələyib, üstəlik, ölkə Kubokunda da mübarizədən kənarlaşdırıb. "Qarabağ" Premyer Liqada Respublika stadionunda "Keşlə"ni 5:1 hesabıyla darmadağın edib ki, onda da əsas qapıçı Kamran Ağayev zədəli idi, "çərçivə" Davud Kərimiyə tapşırılmışdı.

 

"Neftçi" isə Bayıldan sonra Masazıra səfər edərək bu dəfə "Sabah"ın qonağı olacaq. Düzdür, statistika flaqmanın xeyrinədi. Belə ki, Roberto Bordinin komandası Premyer Liqanın debütantını hər 3 matçda məğlub edib. Özü də "Bakcell Arena"dakı qarşılaşmalardakı qələbələr qol buraxılmadan əldə olunub - 2:0, 3:0. "Əlincə Arena"da isə 3 xal çətinliklə əldə olunub - 2:1. Özü də bu matçda cari çempionatın antirekordu - 3 qırmızı vərəqə qeydə alınıb ki, onun 2-ni baş hakim Rəhim Həsənov "Neftçi"yə göstərib. Yəni, qonaqlar qələbəni 9 nəfərlə qazanıb. "Sabah"ın "Neftçi"nin "abunəçi"si olacağını, yoxsa onu büdrədərək "Qarabağ"ın çempionluğunu böyük ölüçdə təmin edəcəyini aprelin 19-da axşam saatlarında biləcəyik. Bu yerdə qeyd edək ki, "Qarabağ" Masazıra ilk səfərində 2:0 hesabıyla qalib gəlsə də, qələbəni son dəqiqələrdə vurduğu qollarla qazanıb, sonrakında isə 2 xal itirib - 1:1.

 

XXVI turadək çempionatda 8-9 günlük fasilə olacaq. Bu da onunla bağlıdı ki, aprelin 24-də ölkə Kubokunun ilk yarımfinal matçları keçiriləcək. "Neftçi" bu turnirdən kənarda qaldığından, gərgin qrafikdən azad olacaq. "Qarabağ" isə həmin turnirdə mübarizəni davam etdirərək iki "cəbhə"də sıx qrafikdə olacaq, Qəbələyə yenə səfər edəcək.

 

XXVI turun görüşləri eyni gündə - aprelin 27-də keçiriləcək. "Neftçi" bu dəfə evdə oynayaraq "Sumqayıt"ı qəbul edəcək. Bu rəqib hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparsa da, flaqmana elə onun meydanında 2 dəfə zərbə vurub. Belə ki, Ayxan Abbasovun komandasıyla ötən ilin sonunda 6 gündə keçirilən 2 matçda "Neftçi" qol da vura bilməyib - çempionatda 0:0, kubokda 0:2. Elə bu məğlubiyyət Roberto Bordinin komandasını kubokdan kənarlaşdırdı. Çünki Sumqayıtdakı 1:0 hesablı qələbə cütün qalibi olmağa yetərli olmadı.

 

"Qarabağ" isə həmin tarixdə rəqib meydanında çıxış edərək Zirəyə səfər edəcək. Məlumdu ki, "Zirə" tarixində heç vaxt bu komandaya qalib gəlməyib. "Qarabağ" üçün cari mövsümdə bu rəqiblə ev matçları çətin keçib. Belə ki, "Azərsun Arena"da 3:2 hesabıyla qalib gəldikləri görüşdə qələbə topu sonda vurulub, mərkəzi arenada isə qolsuz bərabərliklə 2 xal itirilib. Əvəzində Ağdam təmsilçisi səfərdə Samir Abasovun komandasına ağır məğlubiyyət yaşadıb - 0:6. 

 

"Neftçi"ni daha çətin səfər sona 1 tur qalmış gözləyir. Bəli, Qəbələ səfəri. Həmin səfər ki, Bordin "Neftçi"nin "sükanı arxası"nda Premyer Liqada ilk məğlubiyyətini məhz "Qəbələ"dən onun meydanında alıb - 1:3. Onu da qeyd edək ki,  "ağ-qaralar"ın cari çempionatda balansda uduzduğu yeganə komanda məhz "Qəbələ"di - evdə 2:1 və 1:1. "Neftçi" 3-cü dövrənin son turunda bu rəqibin onu büdrətməsində nəticəsində vahid liderliyini əldən verərək "Qarabağ"la liderliyi bölüşdürməli olmuşdu.

 

"Qarabağ" isə həmin gün - mayın 5-də "Səbail"i qəbul edəcək. Qurban Qurbanovun komandası bu rəqibi cari çempionatda hər 3 oyunda məğlub edib - evdə 1:0, səfərdə 2:0, 2:1. Ancaq "Azərsun Arena"dakı matçda adı protokolda olmayan futbolçu - Abbas Hüseynov meydana daxil olduğundan, "Qarabağ"a texniki məğlubiyyət verilib. Bu dəfə isə Aftandil Hacıyevin komandası ilk dəfə Respublika stadionunda çıxış edəcək.  

 

Sonda onu da bildirək ki, "Neftçi" "Qarabağ"la cari çempionatda şəxsi oyunlarda hələ ki üstündü - evdə 3:1, səfərdə 2 dəfə 1:1. Yəni, Roberto Bordinin komandası son tura 3 xal geridə daxil olaraq meydanı qalib tərk edərsə, "Qarabağ"ı məhz şəxsi oyunlara görə üstələyərək 6 ildən sonra çempion olacaq. "Qarabağ" isə "Neftçi"ylə xalları bərabər olarkən çempion olmaq üçün "Bakcell Arena"da ən azı 2 top fərqliylə qalib gəlməlidi. Bu halda səfərdə daha çox qol vuran komanda kimi Qurban Qurbanovun yetirmələri ardııcl 6-cı dəfə qızıl medaçı olacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB