TOP 10

Azərbaycanlı “müşketyor”dan tarixi nəticə: ilk dəfə dünya üçüncülüyü - VİDEO+FOTOLAR

Digər
Tarix: 2019-04-13 13:00

Şpaqaçımız Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində tarixi nəticəyə imza atıb. Sport24.az xəbər verir ki, “muşketyor”umuz ümumilikdə keçirdiyi 12 görüşdən 11-də qalib gələrək bürünc medal qazanıb.

 

Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran həmyerlimiz mütləq nəticə ilə pley-offa yüksəlib. 1/64 finalda yunan Dimitrios Markisə 15:6 hesabı ilə qalib gələn Ruslan, ardınca rumıniyalı Adam Maskanı 15:10 hesabı ilə məğlub edib. Həsənov 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı yolundan kənarlaşdırıb (15:8). Şpaqaçımız 1/8 finalda israilli Stanislav Qalperə gücünü göstərib (15:13). 1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə müstəqillik tariximizdə ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb. Şpaqaçımız yarımfinalda fransal Artur Filippə 7:15 hesabı ilə uduzub. 

 

Digər şpaqaçılarımızdan qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Xalid Əliyev pley-offda çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 6 görüşdən 2-də qalib gələn Barat Quliyev isə pley-offda Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub. Daha öncə isə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Murad Əkbərov çıxışını başa vurmuşdu.

19 May 2019
B.eÇ.aÇC.aCŞB