TOP 10

Əhmədov "Sabah"ın dirçəlişinin səbəbini və "Qarabağ"a "asan yem" olmayacağını açıqladı: "Transfer ağlımda var, ancaq..."

Futbol
Tarix: 2019-04-11 17:18

"Sabah" növbəti qələbəsini 64 gün gözləməli oldu. Bu ilə "Zirə"ni səfərdə 2:0 hesabıyla məğlub etməklə başlayan Elşad Əhmədovun komandası sonradan 2 ay meydanı qalib tərk etmədi. Nəhayət, son turda "Səbail" üzərində 3:1 hesablı əzmkar qələbəylə həsrət bitdi. Bu, eyni zamanda "Əlincə Arena"da 4 aydan artıq qələbə qazana bilməməyə son qoymaq demək idi. Axı debütantın son ev qələbəsi hələ ikinci dövrənin əvvəlinə gedib çıxırdı ki, onda da məğlub edilən (2:1) Samir Abasovun komandası idi. Əhmədov Sport24.az-a həm uğursuzluq zolağından çıxmağa toxundu, həm də qarşıdakı çətin sınaq, mövsümün sonunda hədəfləri haqda danışdı. 

 

- "Sabah" uzun fasilədən sonra qalib gələ bildi. Növbəti sınaq isə lider "Qarabağ"la onun meydanındadı. Rəqib nə qədər güclü olsa da, son turda qazanılan nəticə düşərgədə əhval-ruhiyyəni yüksəltməlidi...

- Elədi. 7 turdu qalib gəlmirdik. Oyuna ciddi hazırlaşırıq. Hər dəfə qeyd etdiyimiz kimi, "Qarabağ" son illərin çempionudu. Onunla qarşılaşmaya məsuliyyətlə hazırlaşırıq. Ancaq deyim ki, fərqli hazırlaşırıq - belə bir şey yoxdu. Adi çempionat oyununa olduğu kimi, ciddi hazırlaşırıq. 

 

- "Qarabağ"ın "Sabah"la görüşləri çətin keçir. Ən azı ona görə ki, son 2-də 1:1 hesablı bərabərliyə qalaraq 4 xal itirib. Belə demək olarmı ki, futbolçu karyeranızı həsr etdiyiniz "Qarabağ"ın "damarını tuta bilmisiniz"? Yenə ondan xal biləcəksinizmi?

- Belə deməzdim ki, "damar tutmaq" söhbətdi. Rəqib komanda güclüdü, fərdi ustalıq səviyyəsi olan futbolçuları yetərincədi. Sadəcə, ola bilər ki, boşluqlar verirlər, biz də bundan yararlanırıq. Ancaq son dövrədə inanmıram ki, "Qarabağ" boşluq verər. Baxırıq dördüncü dövrəyə, necə yığışıb, rəqiblərə daha ciddi hazırlaşır. "Neftçi"ylə 1-2-ci yerləri bölüşdürür, çempionluq mübarizəsində daban-dabana getdikərinə görə işə daha məsuliyyətlə, ciddi yanaşırlar. Maraqlı oyun gözlənilir. 

 

- "Neftçi"ylə "Qarabağ"ın çempionluq mübarizəsində hər xal itkisi baha başa gələ bilər. Bu üzdən oyunlarda psixoloji gərginlikdə olurlar. "Sabah"da isə belə gərginlik yoxdu. Məlumdu ki, avrokuboklara vəsiqə qazansanız da, 3 il qaydasına görə çıxış edə bilməzsiniz. Rəqibin üzərində maksimum nəticə qazanmaqla bağlı təzyiqin olması işinizi bir qədər asanlaşdırmır?

- Demək olar bir az asanlaşdırır. Bizdə məsuliyyət "Qarabağ" və "Neftçi" kimi deyil. Çıxıb öz oyunumuzu oynayacağıq. "Asan yem" olacağıq - bu da deyil. Hər bir oyunda olduğu kimi, rəqibə müqavimət göstərəcəyik. Əsas nədi - futbolçular özlərini yaxşı tərəfdən göstərsinlər.

 

- "Sabah" 2 aydı gözlənilən qələbəni bu turda qazansa da, bundan əvvəl heç-heçə etdiyi 2 qarşılaşmada da yaxşı oyun nümayiş etdirmişdi. Dönüş nöqtəsi nə oldu ki, komandanız potensialından aşağı çıxış etməyərək gücünü göstərdi və sonda qalib gəldi? 

- Uğursuz oyunlarımız oldu - "Neftçi"yə və "Keşlə"yə 0:3 hesabıyla uduzduq. Bundan sonra komandadaxili iclas oldu, futbolçularla söhbət etdik, onlara başa saldıq ki. çatışmayan cəhətləri hansıdı, onun üzərində işlədik. Belə götürəndə, yaxşı kollektivimiz var. Ola bilər ki, nəsə alındıra bilmirdik, boşluqlar var idi. Üç oyundu fərqli mənzərə görürsünüz. Hətta "Sumqayıt"la matçda 10 nəfərlə qalsaq da, rəqibdən zəif olmadıq, demək olar üstün oynadıq. Qəbələdə də maraqlı oyun göstərdik. "Səbail"də isə həm yaxşı oynadıq, həm də qələbə qazandıq.

 

- Sanki komandada bir oyanış, tərpəniş oldu...

- Bəli, hardasa elə bir şey oldu. Futbolçularla danışdığımız söhbət yaxşı təsirini göstərdi, nəticə verdi. 

 

- "Sabah"ın oyunu daha çox bombardiri Marko Deviçin çıxışından asılıdı. O da qış fasiləsindən sonra zəif təsir bağışlayaraq "ansaml"la fərqlənmirdi, daha çox qırmızı vərəqələr almasıyla yadda qalırdı. Ancaq "Səbail"ə matçda gözlənilən Deviçi gördük, 36 yaşlı hücumçu 90 dəqiqə durmadan işlədi. Yəqin ki, onunla da xüsusi söhbət olub...

- Marko meydana çıxdığı bütün oyunlarda tam gücünü qoyur. Birdən olur ki, alınmır deyilən bir şey olur. Amma görsənir ki, Deviç peşəkar futbolçudu. 36 yaşı olmasına baxmayaraq. oyunlarda, məşqlərdə, meydançada ən çox hərəkət edən futbolçudu. Öz işini sevir, öz işinə qiymət verən bir adamdı. Qıraqdan biz də görürük ki, azarkeşlər də görür ki, necə zəhmətkeş insandı. Bunu hər bir matçda edir. Ola bilər ki, bir dəfə alınır, bir dəfə yox.  Ancaq "Səbail"lə matçda Marko çox zəhmət çəkdi, meydanda ən yaxşılardan biri idi. Əlbəttə, onun bizim heyətdə olmağı futbolçulara da bir stimul, həvəs verir. Hücumçumuz meydandadı, qol vuran adamımız var. İrəlidə rəqiblərimiz üçün təhlükə var.

 

- Futbolda belə bir deyim ki, qalib heyəti dəyişməzlər. Kərim və Coşqun Diniyev qardaşları son turu cəza üzündən kənarda qaldılar. Onları növbəti turda oynatmağı düşünürsünüz?

- Son vaxtlar bizdə elə bir şey yoxdu ki, nəticədən asılı olmayaraq eyni heyətlə oynayaq. Sarı vərəqəylə "mükafatlanırıq" deyə gələn oyunda mütləq heyətdə dəyişiklik olacaq. Bu dəfə Erik Ramosla Təmkin Xəlilzadə vərəqə limitini aşdıqlarından cəza üzündən buraxırlar. Demək olar hər dəfə kimsə oyunu buraxır.

 

- Təmkin qış fasiləsində "Sabah"a gələndən sonra 2-ci dəfədi vərəqə limitini aşaraq cəzalı olur. 8 tura 5 vərəqə çox deyil?

- O, "Qəbələ"dən bizə gələndə 3-cü sarı vərəqəsi vardı, 4-cünü startda aldı, növbəti oyunu buraxdı. Bundan sonra 4 sarı vərəqə alaraq yenə cəzalıdı. Təmkinin müsbət cəhəti odur ki, bizdə qırmızı vərəqə almır. Bildiyiniz kimi, "Qəbələ"də bu mövsümdə 2 dəfə meydandan qovulmuşdu. Ən azından bu tərəfdən bir az yaxşlığa doğru dəyişiklik var. Əlbəttə, bizə Xəlilzadə və Ramosla da "Qarabağ"la çətin olacaqdı, onlarsız daha çətin olacaq. Hər halda, rəqib "Qarabağ"dı, asan bir şey varmı?

 

- Ramosu son turlarda 3 mərkəz müdafiəçisiylə oynayaraq arxaya çəkirsiniz və müsbət effektini görürsünüz. Ola bilərmi ki, o, daha ön müdafiəçi siyox, mərkəz müdafiəçisi kimi oynasın?

- Qəbələdə 5 müdafiəçiylə oynadıq. Sonra Kərim olmadı, Ramosu məcburiyyətdən mərkəzdə istifadə etdim. Gələcəkdə ola bilər ki, yenə bu mövqedə çıxış etsin. Ancaq Eriki tam olaraq mərkəz müdafiəçisi kimi fikirləşirik - elə bir şey yoxdu.  

 

- Son 5 turdan xal olaraq gözləntiniz nədi? Hazırda 5-ci pillədə olan "Sabah" 4-cü yer uğrunda mübarizə aparacaq? Motivasiyanız nə olacaq?

- Konkret məqsəd yoxdu. Məqsədimiz yuxarı yerlərdə olmaqdı. Kim istəyər ki, 7-ci, 8-ci yerdə olsun? İmkan varsa, yuxarı çıxmağa çalışacağıq. Sağ olsun klub rəhbərliyi, nəticəyə görə mükafat verir. Udursan, evinə pul aparırsan.  

 

- Necə deyərlər, yaxşı oyna, pulunu qazan...

- Əlbəttə, hər şey futbolçuların özlərindən asılıdı. Qələbə olanda mükafat da olur, əhval-ruhiyyə də fərqli. 

 

- İndidən yavaş-yavaş yeni mövsümün heyəti ilə bağlı özünüz üçün cızma-qara aparırsınız? Bir sıra futbolçularınız var ki, onlar oynamırlar və gedişləri gündəmdədi...

- Yox, o barədə hələ söhbət getmir. Çempionatın axırını gözləyirik. Hələ ki heyətlə bağlı dəqiq söhbət yoxdu. Çempionatın oyunlarına başımız qarışıb. Hələ ki heyətdəki mümkün dəyişikliklər barədə fikirləşmirik. 

 

- Yeni futbolçular, transferlərlə bağlı bəs?

- Bu haqda ağlımda var, ancaq rəsmi şəkildə bir şey yoxdu. Bir müddət öncə baxışdan keçirdiyimiz 19 yaşlı qanalı hücumçu vardı, ola bilər ki, onun məsələsinə yayda qayıdaq.

 

 

MEHMAN SÜLEYMANOV

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB