TOP 10

Lider Gözəl olaraq qaldı...

Futbol
Tarix: 2019-04-11 15:00

Premyer Liqa klublarının baş məşqçilərinin istefası demək olar hər mövsümdə olur. Özü də bir yox, bir neçə dəfə. Elə bu mövsümü götürsək, 3 istefa reallaşıb. "Zirə"dən gedən Ayxan Abbasov "Sumqayıt"ın "sükanı arxası"na keçdi. O, bu postda Nazim Süleymanovu əvəzlədi. "Zirə"nin baş məşqçi vəzifəsinə "Sumqayıt"ın sabiq çalışdırıcısı Samir Abasov keçdi. "Keşlə"də serbiyalı Mladen Milinkoviçi Tərlan Əhmədov əvəzlədi.

 

Klub prezidentlərinin istefası isə hər mövsüm müşahidə olunmayan bir olaydı. Sonuncu istefa ötən mövsüm qış fasiləsindən az sonra "Neftçi"də olmuşdu. Klub Orxan Hüseynzadənin gedişindən sonra onu "Sumqayıt"dan istefa verən Kamran Quliyevlə əvəzlədi. Quliyevi isə əvvəlki klubunda bunadək milli komandamızın baş meneceri çalışmış Riad Rəfiyev əvəzlədi.

 

Cari mövsümdə klub prezidenti istefası isə dünən reallaşdı. Tale Heydərov "Qəbələ"nin rəhbəri postundan getməyə qərar verdi. Bu, eyni zamanda uzun müddətli hakimiyyətin sonu demək oldu. Çünki "Qəbələ" Premyer Liqada çıxışına başlayandan, hələ 2006-cı ildə "Gilan" adlanmağa başladığı dövrdən onun prezidenti Heydərov idi. Göründüyü kimi, gənc prezident 13 il bu postda oldu.

 

Bu, futbolumuz üçün rekord olmasa da, hər halda, ən uzun seriyalardan biridi. Məsələn, futbolumuzun ən "qoca" klubu olan "Neftçi"də belə uzunmüddətli prezident olmayıb. Lider Aydın İbrahimov sayılır ki, 1988-ci ildən 1997-ci ilədək, yəni 9 il kluba rəhbərlik edib. Yalnız 1992-ci ildən keçirilən milli çempionatlar üzrə götürsək, ən uzunmüddətli prezidentilər onunla Sadıq Sadıqovdu (2010-15-ci illər) - hərəyə 5 il.

 

"Neftçi"nin hazırkı prezidenti isə ötən ilin fevralından, yəni 14 aydı bu vəzifədədi. Ancaq Quliyevin prezident kimi uzun seriyası var. Çünki o, "Sumqayıt" Premyer Liqada çıxış etməyə başladığı 2011-ci ilin ortasından 2018-ci ilin fevralınadək - 7 il  onun rəhbəri oldu. "Sumqayıt"ın hazırkı prezidenti olan Rəfiyev də 14 aydı bu vəzifədədi. Yeri gəlmişkən, onun atası olan məhrum Rasim Rəfiyev İbrahimov "Neftçi"nin prezidenti olduğu dövrdə klubun himayədarı olub.

 

"Zirə" 2015-ci ildə Premyer Liqada çıxışına keçmiş futbolçu, millimizin sabiq üzvü Vüqar Astanovun rəhbərliyi altında başladı. Ancaq bu gənc prezident növbəti mövsümün startında - 2016-cı ilin avqustunda vəzifəsindən ayrıldı. Bundan sonra "qartallar"da prezident postu 1 ildən artıq boş qaldı. Həmin müddətdə bu vəzifəni icraçı-direktor Natiq İsmayılov icra etdi. Nəhayət, 2017-ci ilin sentyabrında həmin şəxs prezident təyin olundu.

 

Premyer Liqamızın debütantı olan "Sabah"ın prezidenti Maqsud Adıgözəlov klub yaranandan, 2017-ci ildən onun başındadı. 

 

"Səbail" 2016-cı ildə yaranaraq I Divizionda çıxışına başlayanda onun prezidenti AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev idi. O, komanda Premyer Liqaya vəsiqə qazandığı 2017-ci ilin mayında vəzifəsindən getdi. Bundan sonra klubun Müşahidə Şurasının sədri veteran futbolçumuz Əbdülqəni Nurməmmədov təyin olunub. 

 

"Keşlə" sələfi olan "İnter"də uzun müddətli prezidentlik dönəmi oldu. Bu, bolqarıstanlı Gerogi Nikolovun 9 illik hakimiyyəti dövrü (2006-15-ci illər) idi. Hazırkı prezident Zaur Axundov isə 2007-ci ilin aprelindən bu vəzifəyə təyin olunub. Əslində, 46 yaşlı Axundov klubun Müşahidə Şurasının sədri gedir. Onun gəlişindən yarım il sonra klub adını dəyişdirərək "Keşlə" oldu. Axundov klub rəhbərləri arasında yeganə şəxsdi ki, futbolumuzun ali qurumu olan AFFA İcraiyyə Komitəsinin üzvüdü. 

 

Ən nəhayət, Premyer Liqamızın son 5 ilin lideri "Qarabağ" haqda. Bəli, elə prezidentlər arasında da aşkar lider onun 19 ildi rəhbəri olan Abdolbari Gözəldi. Bu şəxsin rəhbəri olduğu "Azərsun Holdinq" Şirkətlər Qrupu 2001-ci ilin iyulunda "Qarabağ"ın himayəyə götürdüyü dövrdən özü də kluba prezidentlik edir. "Qarabağ"ın 32 illik tarixində ən uğurlu dövr də məhz Gözəlin dönəmidi. Bu müddətdə 10 titul - 5 çempionluq, 5 kubok qazanılıb, ardıcıl 5 il avrokubokların qrup mərhələsində iştirak olunub, "Qarabağ" Çempionlar Liqasında qrupunda ilk və hələ ki yeganə təmsilçimiz olaraq qalır. Bu uğurların əsas memarı baş məşqçisi Qurban Qurbanovdu ki, 2008-ci iln avqustundan həmin postda olan təcrübəli mütəxəssis Premyer Liqada bu vəzifədə olanlar arasında ən uzunmüddətlidi. Göründüyü kimi, "Qarabağ" həm prezidentinin, həm də baş məşqçisinin fəaliyyət müddətinə görə liderdi.  

 

 

 

MEHMAN SÜLEYMANOV

19 May 2019
B.eÇ.aÇC.aCŞB