TOP 10

Tale Heydərovun istefasının görünməyən tərəfi: “Qəbələ”dən getsə də, getməyib

Futbol
Tarix: 2019-04-11 11:36

Bu istefa, o istefadan deyil. Söhbəti uzatmadan, konkretləşdirək. Tale Heydərovun “Qəbələ”ylə vidalaşmasını nəzərdə tuturuq. Əslində əl dəyişməyib. Sponsor yerində qalacaq. Məsələ imic məsələsidi. Daim iddiasıyla seçilən, hətta ilk illərdə uğursuz çıxış etsə də, maliyyə sarıdan “sandığı açıq” olan “Qəbələ” yenə də Tale Heydərovun himayəsində qalacaq. Bəs, istefa barədə yayılan rəsmi məlumat nə üçündü? 

 

Tale Heydərovun klubu daim samballı personalarla çalışıb: Toni Adams, Yuri Syomin, Roman Qriqorçuk. 

 

Böyük Britaniyadan Azərbaycana gəlmiş Adams milyonçu idi. Ancaq bu, 100 il əvvəl ingilislərin neft səltənəti arxasınca gəlməsinin bənzəri deyildi. Adams “Qəbələ”yə “saç düzümü” - düzgün inkişaf strategiyası gətirdi. Futbol Akademiyası isə “inkubator”un yaradılması demək idi. Adams məşqçi kimi nəticə qazanmasa da, məhz klub funksioneri kimi, böyük futbola içindən bələd olan biri kimi Heydərovun komandasına təməlin inkişaf planını qavratdırdı.

 

Yuri Syomin erası “qırmızı-qaralar”ın ilk medalı, ilk kubok finalı, ilk avrokubok vəsiqəsi ilə yadda qaldı. Rusiyalı qocaman mütəxəssis kluba özünəinam, iddialı statusu qazandırdı. 

 

Nəhayət, Roman Qriqorçuklu “Qəbələ” barədə. Bu zaman kəsiyində “qırmızı-qaralar” “qırmızı kitab”a düşəcək nəticələrə imza atdılar. Ardıcıl iki mövsüm ilk təsnifat mərhələsindən başlayaraq Avropa Liqasının qrupuna qədər irəliləməyə bacardılar. “Maribor”, “Lill”, “Panatinaikos” kimi “canlı bomba”ları zərərsizləşdirmək böyük şücaət tələb edirdi.

 

Bütün bu uğurların arxasında Heydərovun düzgün kadr seçimi dayanırdı. O, kluba bir qohumunu belə yerləşdirmədi. İşə rəhbərliyi Fariz Nəcəfova həvalə edən klub prezidenti bəlkə də həlledici qələbəsini qazandı. Sirr deyil ki, Heydərov harınlamış məmur övladları sırasına heç vaxt daxil olmayıb. Nəcəfovun timsalında da biz eyni xəttin davamçısı olan məmuru gördük. Növbəti pillələrə də nəzər yetirək. Zaur Əzizov - uzun illərdi futbolun içində bişmiş kadrdı - baş menecer. Səbuhi Səfiyarlı - intellektual səviyyəsinə heç kimin şübhəsi olmayan, 15 ildi futbol təsərrüfatında can qoyan menecer. Uşaq futbol akademiyasında isə əli heç vaxt çirkaba bulaşmayan, mədəniyyəti ilə daim hər kəsin sevimlisi olan Nail Kərimov. Bu cür komanda uğurlara məhkum idi. 

 

Bəs, Heydərov niyə istefa verdi? Axı, ilk abzasda qeyd etdiyimiz kimi, o, əlini klubdan çəkmir. Burda ön plana ambisiya çıxır. Onu kölgədə qalmaq qane etmir, edə bilməz. Lakin indiki məqamda kluba lazımınca maliyyə ayıra bilmir. Bu da komandanın ortabab statusu ilə barışmasını şərtləndirir. Növbəti mövsümdən etibarən isə “Qəbələ” ancaq uşaq akademiyasının futbolçularından təşkil olunacaq. Belədə, hansısa iddiadan söhbət gedə bilməz. Bu da Heydərovun ambisiyaları ilə tərs mütənasibdir. Adının “autsayder klubun prezidenti” kimi hallanmaması üçün rəsmən istefa verdi. Ancaq kiçik büdcəylə oynamağı planlaşdıran klubun maliyyəsini yenə də özü qarşılayacaq.

 

Bu vida bəlkə də müvəqqətidir. Kim bilir sabah necə açılacaq. İşləri qaydasına düşəcəyi təqdirdə isə böyük ehtimalla “Qəbələ”nin 1-ci kreslosuna yenidən sahib çıxacaq.
 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB