TOP 10

Balayev "El Klasiko"dakı səhvini anlatdı, özünü Lyorislə müqayisə etdi: "Qazzayev bu riskin əsassız olduğunu diqqətimə çatdırdı"

Futbol
Tarix: 2019-04-08 14:00

Qazaxıstan Premyer Liqasını ardıcıl 2-ci mövsümdü böyük maraqla izləyirik. Bu, ötən mövsüm "Astana"da çıxış edən millimizin futbolçusu Riçard Almeydaya görə idi ki, təcrübəli yarımmüdafiəçi qış fasiləsində "Qarabağ"a döndü. Bununla belə, həmin ölkədə yenə təmsilçimiz, millimizin üzvü var. Bu, fevralda "Səbail"dən "Tobol"a keçən Emil Balıayevdi. Yeni komandasında əsas heyətdə yerini hələ ki qoruyan 24 yaşlı qapıçının son turda buraxdığı kobud səhv müzakirə obyektinə çevrildi, narahatçılığa əsas verirdi. Maraqlıdı, Emil hazırda özünü necə hiss edir və bu xətasından sonra Kostanay təmsilçisində əsas qapıçı olmaq perspektivini necə görür? Balayev Sport24.az-a müsahibəsində bu kimi məqamlara toxundu.

 

- Komandanız yeni mövsümdə ardıcıl 4-cü qələbəni qazanaraq yüzfaizli seriyasını davam etdirir. Ancaq "Aktobe"ni 2:1 hesabıyla məğlub etdiyiniz ev matçı son dəqiqələrdə səhvindən qol buraxdığını nəzərə alsaq, sənin üçün uğurlu olmadı. Yəqin ki, ikili təəssüratlar oldu və qələbəyə doyunca sevinə bilmədin...

- Bu oyun Kostanay şəhərinin əhalisinin diliylə desək, yerli "El Klasiko" adlanır. İnternetdə maraqlansanız, görərsiniz ki, yerli camaat belə deyir. Qazaxıstanda bunu böyük derbi kimi görürlər.  Derbi deməzdim, çünki bu, eyni şəhərin komandaları arasında olur. Təbii ki, oyuna komanda olaraq çox yaxşı köklənmişdik. İlk dəqiqələrdə istədiyimiz kimi oyun göstərməsək də, get-gedə təşəbbüsü ələ aldıq. Artıq sonuncu dəqiqələr idi və belə bir səhv etdim. Təbii ki, mənim üçün heç xoş olmadı. Düzdür, komandanın 3 xal qazanması çox böyük amildi. Amma məndə ikili təəssürat oldu. Yəni, qələbəyə tam ürəkdən sevinə bilmədim. Amma sağ olsunlar, həm yerli camaat, bütün fanatlar, həm də klub rəhbərliyi, məşqçi heyəti, bütün kollektiv - hamı bir olub mənə dəstək oldular. Qolda da diqqət yetirsəniz, Gürcüstan millisinin kapitanı olan komanda yoldaşım Jaba Kankava mənə tərəf qaçdı, o da dəstək oldu. Qoldan sonra oyun bitənədək bütün stadion adımı səsləyirdi, belə çox xoş şeylər oldu. Bu cür dəstəyin mənə çox yaxşı təsiri oldu. Oyundan sonra da baş məşqçimiz Vladimir Qazzayev dedi ki. bu səhvi çıxmaq şərtilə ümumən oyunun yenə çox yaxşı idi, komandaya köməyin dəydi. Amma onu da diqqətimə çatdırdı ki, belə bir risk əsassız idi. Bu cür risk etmək düzgün olmaz. Elədim və qapımızda qol gördük. Amma şükürlər olsun ki, nəticəyə təsir etmədi, 3 xalı qazandıq. 

 

- Belə bir hərəkəti Azərbaycan çempionatında bir neçə dəfə etmisən. Nəyi fikirləşərək, bunu legioner karyeranda da etdin? Və yəqin ki, bu, sənə dərs oldu və bir daha təkrarlamazsan...

- Təbii ki, dedikləriniz doğrudu. Özüm üçün müqayisə aparmışam və digər matçın videosuna baxdım. Bu, son dünya çempionatında Fransa - Xorvatiya fnalıdı. Onda eyni şeyi fransızların qapıçısı, eyni zamanda kapitanı olan Uqo Lyoris etmişdi. O da səhv nəticəsində öz qapısında top gördü. Bu, hardasa ola bilər ki, özünə əminlikdən irəli gəlir. Bunları Azərbaycan çempionatında dəfələrlə etmişəm - yalan olmasın, minimum 10 dəfə. Sadəcə olaraq, bu, Qazaxıstanda debüt oldu (gülür). Elədim və axırda üzülən tərəf də mən oldum. Həmin epizodda bir az yubandım və gördüm ki, artıq rəqib mənə çox yaxındı. Bu zaman onu aldatmaq istədim və bu, məndə alınmadığından qol buraxdım. İnşallah, bundan nəticə çıxararaq gələcəkdə belə bir səhvi təkrarlamaram.

 

- İndi futbolsevərlərimizi əsas bir şey maraqlandırir ki, baş məşqçiniz sənə bu səhvi bağışlayacaqmı, bu səhv sənə əsas heyətdə yerini itirmək bahasınabahas gələcəkmi? Düzdür, Qazzayev oyundan sonra mətbuat konfransında sənə dəstəyini nümayiş etdirib. Ancaq eyni zamanda yerli qapıçı Sultan Busurmanova da şans verəcəyini qeyd edib. Səncə, baş məşqçin artıq növbəti turda rotasiya edərək səni ehtiyata göndərə bilərmi?

- Konkret olaraq bu haqda bir şey deyə bilmərəm. Çünki seçim təbii ki, məşqçilər korpusunun olacaq. Deyə bilmərəm ki, bu səhvə görə ehtiyat oyunçular skamyasında oturacam, ya yox. Əvvəlki müsahibələrimdə də demişəm ki, bizdə ilk "11-lik"də oynamaq heç kimə "bron" deyil. Bunu ən azı məşqlərlə, ona yanaşmayla göstərmək lazımdı. Gələn oyunlarda rotasiya olacaqsa, təbii ki, bu, məni heç cür həvəsdən sala bilməz. Əksinə, mənə daha da motivasiya verər ki, daha da yaxşı işləyim, daha da yaxşı özümü göstərim.

 

- "Tobol" yeni mövsümı çox uğurla başlayaraq 4 oyunun hamısında meydanı qalib tərk edib. Nəticədə çempionluğa əsas namizəd olan "Astana" və "Kayrat"la üçhakimiyyətlilik yaratmısınız. Komandanızın bu mübarizədə sonadək gücü çatacaqmı, buna potensialı varmı? Yoxsa yenə elə 3-cü pillə real yeriniz olacaq?

- Çempionat hələ yeni başlayıb, 4 tur keçib. Düzdür, "Astana"nın yayda Çempionlar Liqasında (ÇL) təsnifat mərhələsinin oyunları olacağına görə bizdən 1 oyun artıq keçirib. Bu arada - ötənhəftəiçi "Atırau"yla qarşılaşıb. Onlar yay aylarında görüşməli idilər. Ancaq ÇL matçlarına görə matçın tarixini aprelin 3-nə keçirdilər. Buna görə də "Astana"yla "Atırau"nun 5, qalanlarının 4 oyunu var. "Astana" həmin qarşılaşmada heç-heçə edərək vahid liderdi. "Kayrat"la biz 2-3-cü yerləri bölüşürük. Çempionat təzə başladığına görə öncədən qəti sözlər demək olmaz. Bizim bir komanda olaraq sadəcə, fikirmiz odur ki, hər bir oyuna çıxaraq əzmkar mübarizə aparıb, maksimum yaxşı oyun nəticə qazanaq. Ancaq konkret olaraq çempionluq barədə belə bir söhbət olmayıb.  Biz fakt olaraq hər bir matça köklənirik. İnşallah, mövsümün sonuna daha aydın görünər.  

 

 

MEHMAN SÜLEYMANOV

19 May 2019
B.eÇ.aÇC.aCŞB