TOP 10

Turun "5-liy"i: "Neftçi" 17-ci medalıyla rəsmən avrokuboklarda və ya hardasan, ay Qriqorçuk?

Futbol
Tarix: 2019-04-08 12:18

Azərbaycan Premyer Liqasının XXIII turu da bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

"Neftçi" ən azı gümüş medalçı - son dəfə Qurban Qurbanovla

Çempionluq mübarizəsində yalnız 2 komandanın - "Neftçi"ylə "Qarabağ"ın qaldığı bu turda rəsmiləşdi. Turnir cədvəlində 3-cü pillədə gedən "Səbail"in son turda "Sabah"a səfərdə 1:3 hesabıyla uduzaraq şərikli liderlərdən artıq 17 xal geri qalır. Bu isə ilk 2 pillənin sahiblərini "dənizçilər" üçün də artıq əlçatmaz edir. "Qarabağ" ən azı bürünc medalı və bununla da avrokuboklara vəsiqəni ötən turda təmin etmişdi. Bu dəfə "Neftçi" ən azı gümüş medalı və avrokuboklara vəsiqəni qazanıb.

 

"Ağ-qaralar"ın kolleksiyasında 8 qızıl, 2 gümüş medal var. Sonuncu çempionluq 2013-cü ildə olub və bundan sonra 5 ildi Qurban Qurbanovlu "Qarabağ" həmin titulu əldən vermir. "Neftçi" son dəfə gümüş medalı isə xeyli əvvəl - 2007-ci ildə qazanıb. Maraqlıdı ki, onda komandanın baş məşqçisi məhz Qurban Qurbanov olub. "Neftçi" ötən mövsümü bürünc mükafatçı kimi başa vuraraq çempionatda 5 illik medal həsrətinə son qoyub. Ümumiyyətlə isə flaqman 17-ci medalı aktivinə yazaraq bu göstəricidə milli çempionatımızın rekordçusu olaraq qalır. 

 

 

"Qəbələ" də "abunəçi" olarmış...

Cari çempionatda 3-cü "abunəçi" qeydə alınıb. Bu, "Keşlə" və "Sumqayıt"dan sonra "Qəbələ" olub. "Qırmızı-qaralar"a da sumqayıtlılar kimi bu damğanı "Qarabağ" vurub. Qurban Qurbanovun komandası "Qəbələ"ni bu çempionatda 4-cü görüşdə də məğlub edib - 2:1. Qəbələdə bundan əvvəlki matçda qonaqların 3:1 hesablı qələbəsi qeydə alınmışdı. "Qarabağ" Sənan Qurbanovun komandasını evdə isə 4:1 və 2:1 hesablarıyla yenib.

 

"Qəbələ"nin belə aqibəti ona görə üzücüdür ki, bu komanda son 3-4 ildə "Qarabağ"ın çempionluq mübarizəsində əsas rəqibi olub. Onda komandanı Roman Qriqorçuk çalışdırırdı. Bu təcrübəli ukraynalı mütəxəssis "Qəbələ"ni tam 3 mövsüm çalışdırıb ki, bu zaman ondan 2, 4 və 4 xal götürüb. "Qəbələ" son dəfə "Qarabağ"ın "abunəçi"si 2013/14 mövsümündə rusiyalı Yuri Syominin baş məşqçisi olduğu dövrdə olub - 0:1, 3:4, 0:1, 0:3. "Qarabağ" "Qəbələ"nin "abunəçi"si olmasa da, ona qalib gələ bilmədiyi mövsümlər olub. 

 

 

Bu il ən məhsuldar tur

Qış fasiləsindən sonra ən məhsuldar tur qeydə alınıb. Belə ki, XXIII turda qapılardan 16 top keçirilib. Bunun çoxuna - 10-na meydan sahibləri, 6-na qonaqlar imza atıb. Həmin 16 qola 14 futbolçu imza atıb. "Neftçi"nin fransalı hücumçusu Baqali Daboyla "Zirə"də botsvanalı həmkarı Mfo Kqasvane dubl müəllifi olublar. Cari mövsümün ikinci yarısında bunadək ən çox qol ötən turda vurulmuşdu - 10. Bunun da 6-sı bir matçda - "Qarabağ"ın "Sumqayıt"ı "Kapital Bank Arena"da 6:0 hesabıyla darmadağın edəndə reallaşmışdı. 

 

Bu çempionatda məhsuldarlığa görə rekord isə XI tur olarar qalır. Belə ki, həmin turda 17 qol vurulub. Sadəcə, onda meydan sahibləri çox az - cəmi 4 qola imza atıblar. Qalan 13-ü isə qonaqların aktivində olub. 

 

 

"Sumqayıt"ın həsrəti bitdi

Qış fasiləsindən sonda qalib gəlməyən komanda qalmayıb. Bu, "Sumqayıt"ın evdə "Keşlə"ni 2:1 hesabıyla məğlub edərək son pilləni rəqibinə təhvil verməsiylə əksini tapıb. Ayxan Abbasovun komandası 9 oyunluq qələbəsiz seriyasına son qoyub. Axırıncı qələbə bu gənc mütəxəssisin "Sumqayıt"ın baş məşqçisi postunda evdə debüt matçında - XIII turda "Səbail"i 1:0 hesabıyla yendiyi qarşılaşmada gerçəkləşmişdi. "Gənclik şəhəri"nin təmsilçisi Premyer Liqanın bu mövsümündə 5-ci qələbəni 126 gün gözləməli olub. 

 

 

Ruslan Abışov 261 gün gözləməli oldu

"Neftçi"nin kapitanı Ruslan Abışov cari mövsümdə ilk dəfə meydana çıxıb. Bu, son turda "Zirə"ni "Bakcell Arena"da 4:2 hesabıyla məğlub etdikləri matçda 90+2-ci dəqiqədə baş verib. Ruslan kamerunlu həmkarı Mamadu Mbodjun yerinə meydana daxil olub və bu mövsümdə kapitan olan Emin Mahmudov sarğını onun qoluna taxıb. Abışov ötən ilin iyulun 19-da Avropa Liqasıın I təsnifat mərhələsində "Uypeşt"ə Budapeştdə 0:4 hesabıyla darmadağın olunduqları qarşılaşmada 41-ci dəqiqədə ağır zədələnərək meydanı tərk etməli olmuşdu. Bundan sonra Almaniyada əməliyyat olunan 32 yaşlı mərkəz müdafiəçisi 261 gündən sonra yaşıl meydana qayıtdı.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB