TOP 10

Nazarovun hərəkətləri Vəli Qasımovun xoşuna gəlməyib: "Demək olmaz ki, Şeydayev "ulduz"umuz olacaq"

Futbol
Tarix: 2019-03-27 00:00

Milli komandamız xorvatiyalı yeni baş məşqçisi Nikola Yurçeviçin rəhbərliyi altında həm rəsmi debütünü etdi, həm də yoldaşlıq görüşü keçirdi. AVRO-2020-nin startında Xorvatiyaya Zaqrebdə 1:2 hesabıyla uduzan millimiz Litvayla "Bakcell Arena"dakı sınaq matçında qolsuz bərabərliyə qaldı. Milli komandamızın sabiq hücumçusu, bu il Bakıda keçiriləcək Avropa Liqasının finalının rəsmi səfiri olan Vəli Qasımov Sport24.az-a müsahibəsinə bu qarşılaşmalarla bağlı fikirlərini bölüşməklə başlayıb.

 

- Belə baxanda, komandamız bu 2 matçda pis oynamadı. Hamı bilirdi ki, ilk rəqibimiz olan Xorvatiya yığması güclü komandadı. Ona görə millimiz müdafiədən oynayırdı ki, bu da normal idi. Deyim ki, pis oynadı, yox, komandamız bütün gücünü qoydu. İkinci qarşılaşmada bəlkə ilk hissədə istədiyimiz oyunu göstərməsə də, fasilədən sonra yaxşı çıxış etdi. Bunu ilk 45 dəqiqədə də göstərsəydik, daha yaxşı olardı. Bir şey də var ki, indiki gündə nəsə demək çox çətindi. Çünki baş məşqçi futbolçuların çoxunu yoxlayırdı. Bəzilərinin meydandakı yerini də dəyişmişdi. Ancaq görünən bu idi ki, Nikola Yurçeviç üçün bugünkü gündə vacib olan futbolçuları daha yaxından tanımaq idi. Ona görə bəzi yerdəyişmələr etmişdi, bəzi yeni futbolçuları da meydana buraxmışdı ki, onlara baxsın. 

 

- Ümumiyyətlə, milliyə dəvət edilən "22-liy"ə baxış bucağınız maraqlıdı. Bu heyət seçimi Vəli Qasımovu tam razı saldımı?

- Məncə, heyət normal idi. Baş məşqçi yeni futbolçuları yavaş-yavaş çağırır. Məqsədi onlarla, ümumiyyətlə, milli komandamızla daha yaxından tanış olmaqdı. Yurçeviç bizim futbolçuların heç birini tanımır. Biz ondan yaxşı tanısaq da, o, bu imkana malik deyil. Biri var sözlə deyəsən ki, bu futbolçu filan ölkədə çıxış edir, ancaq orda oynamır. Biri də var ki, gözünün qabağında görəsən. Yurçeviç siyahısında olan bütün futbolçuları çağırıb və onlarla yaxından da tanış olub. Gələn oyunlara kimi çağıracaq, ondan sonra heyət haqda danışmaq olar. Məncə, bugünkü gündə futbolçuları tanışlığa görə çağırıb. 

 

- Xorvatiya ilə oyunda nələri müşahidə etdiniz? Sizcə, sensasiya üçün nə çatışmadı: təcrübə, yoxsa ustalıq?

- Təbii ki, ustalıq bizdə çatmırdı. Onların oyunçularına baxın, bizimkilərə baxın. Xorvatiya yığmasının bir futbolçusunun transfer qiyməti Azərbaycan yığmasının büdcəsidi. Onların futbolçuları çox səviyyəlidi. Xorvatiyaya qarşı hər şeyi etdik ki, yaxşı oyun göstərək. Sadəcə, ondan artıq heç nə göstərə bilməzdik. Əsas məsələ futbolçularımız ürəyini, hər şeyini qoydu ki, komanda kənardan pis görünmədi. Düzdür, iki qol imkanımız oldu, birini istifadə etdik. Əsas da budu. Futbol gözlənilməz oyundu.

 

- Qolçuluq bacarığı, bombardirlik keyfiyyətləri ilə seçilən hücumçu olmusunuz. Sizcə, indiki hücumçular niyə qol imkanlarından yararlanmaqda çətinlik çəkirlər? Məsələn, Dmitri Nazarov hesab 1:1 olanda yüzfaizli qol şansından istifadə etsəydi, Zaqrebdən böyük ehtimalla xalla qayıdacaqdıq...

- Bu gün oynanılan futbol ayrıdı, biz oynadığımız futbol ayrıdı da. Küçə, məhəllə futbolu olmayandan sonra bir uşaq hansısa klubda məşq etməklə heç vaxt böyük futbolçu ola bilməz. Gərək küçədə də oynasın, məktəbdə də oynasın, bundan başqa məşqə gedərək orda da oynasın. Bugünkü gündə Bakıda belə şərait yoxdu. Nəticədə elə yüksək səviyyəli futbolçularımız yoxdu. Bizim vaxtda küçədə oynayırdıq, sonra gedirdik məşqə oynayırdıq, məşqdən çıxıb gedib yenidən məhəllə futbolu oynayırdıq. Gündə neçə saat futbol oynayırdıq. Futbol da olmasa voleybol, həndbol oynayırdıq. Fərq ondadı da...O vaxt futbolçuların çoxu hər şey oynaya bilirdi. Ancaq bugünkü bizim futbolçular futboldan başqa çox şey oynaya bilmirlər. Söhbət dediyim top oyunlarından gedir. İndiki vaxtda küçədə belə şey görə bilməzsən. Ona görə də çoxu bilmir.

 

- Nazarovdan söz düşmüşkən, Zaqrebdəki oyunda ən zəif bənd olan bu futbolçunun Litvayla matçda, ikinci hissədən etibarən olsa da, yenidən şans qazanması sizi təəccubləndirmədi?

- Sözün düzü, Nazarovu pis futbolçu kimi görmürəm. Ancaq son oyunda nə olmuşdusa, meydana çox hirsli çıxmışdı. Bu, ilk dəqiqədən görünürdü. Açığı, kənardan baxanda mənim də xoşuma gəlmədi onu hərəkətləri. Belə hərəkətlə sənin qol imkanın olsa da, topi qapıdan keçirə bilməzsən. Hirsli-hirsli oynamaqla heç vaxt qol şansından yararlana bilməzsən. Gərək sakit oynasan ki, nəsə istifadə edəsən. 

 

- Nazarovun aqressiyası kənardan görünür. Ya klubunda az oynadığından belədi, ya da Zaqrebdəki matçda həmin qol şansından istifadə edə bilmədikdən sonra əvəzlənməsinə, bu dəfə isə sonradan meydana buraxılmasına etiraz edir...

- Mən də elə fikirləşirəm ki, yəqin, klubunda oynamır, bura gələndə lider kimi gəlir, istəyir hər şey etsin, ancaq belə deyək ki, burda heç nə alınmır. Millimizdə yeni baş məşqçidi, ona heç nə sübut edə bilməzsən. Hər şey tərsinə olacaq. Baş məşqçi üçün milliyə gələn futbolçuların hamsı eynidi. Qıraqdan da özü hər şeyi görür. Nazarovun hərəkətləri, hirslənməyi heç bir baş məşqçinin xoşuna gəlməz. Düzdür, Dmitrinin bir şeyi yaxşı idi ki, istəyi var idi nəsə etsin. Ancaq heç nə alınmırdı.

 

- Düşünürsünüz ki, Nazarov millimizə lazımdı?

- Bəli, lazımdı. Ancaq camaata qarşı davranışları, qışqırmağı düzgün deyil. Hamı bilir ki, futbolçu peşəkar olmalıdı. 

 

- Litvayla matçda yığmamız ərazi üstünlüyünə malik olsa da, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. Sizcə, millimiz “1-ci nömrə”ylə oynamaq üçün hansı komponentlərdə artırmalıdır?
- Bunu demək çətindi. Baş məşqçinin özündən asılıdı. O, ilk olaraq komandayla tanış olur və bundan sonra fikirləşir ki, əlinin altında olan hansı "materail"la necə oynamaq lazımdı. Yurçeviç hələ ki tanış olurdu. Bundan sonra görəcəyik ki, hansı futbola üstünlük verəcək. Düzdür, rəqib Litva olduğundan udmalı diik. Ancaq baş məşqçi üçün birinci məsələ futbolçularla tanış olmaq idi. Ona görə əziyyət çəkirdi. Bəlkə həmin heyəti Xorvatiaya qarşı qoysaydın, tamam başqa cür olardı. Ancaq onda da bir şey var ki, digər futbolçularla tanış ola bilməzdi. Baş məşqçinin yoldaşlıq görüşündə bütün futbolçuları yoxlaması normaldı. 

 

- Mirabdulla Abbasov ancaq Litvaya qarşı matçda şans qazandı, o da görüşün 89-cu dəqiqəsində. Az deyildimi?
- İkinci hissəyə baxanda, baş məşqçi qalib gəlmək istədiyini öz tərəfindən göstərirdi. Gördünüz ki, ikinci hücumçunu da meydana çıxardı, udmaq üçün nəsə etmək istədi. Alınmsa da, komandamız ikinci hissədə daha yaxşı oynadı, qol imkanlarımız da daha çox yarandı. Mirbadullanın az oynamağıma gəlincə, bunu demək çətindi. Baş məşqçi futbolçuların düşərgədə, məşqdə hər dəqiqəsinə fikir verir. Buna görə çətindi demək ki, niyə məhz bu futbolçuya az vaxt verildi.

 

- Sizin kimi futbol həyatı İspaniyaya bağlı olan Eddi İsrafilov həm Zaqrebdə, həm də Bakıda yetərincə inamlı təsir bağışladı. Bunu biz belə düşünürük. Bəs sizin fikrinizcə necə idi? Və razılasırsınızsa, onun hansı komponentlərdə artırmalı olduğunu düşünürsünüz?
- Eddini mən özüm də yaxşı tanmırdım. Meydanda görünür ki, Avropa üslublu oyunu var. Ancaq o da görünür ki, az oyun praktikası var. Klubunda az oynayır deyə tələsik qərarlar verir, özünə inamsızlığı hiss olunur. Amma futbolçu kimi yaxşı potensialı, təcrübəsi var. Görünən budu ki, İsrafilov tam fərqli futbol oynayır. Ancaq oyun təcrübəsi çatmır ki, bu da klubunda daim oynamamağına görə ola bilər. Millimizin bəzi futbolçuları Azərbaycan çempionatında çıxış etsələr də, rahat oynayırlar. İlk dəvət olunanların isə meydana bir az aqressiv çıxdıqları görünür. Ya özünəinam yoxdu, ya da "mandraj"dı. Elə bil ki, ilk imtahandı. Bura çıxan istəyir ki, özünü yaxşı tərəfdən göstərsin, ancaq həyəcan olduğundan hər şey istədiyi kimi olmur. 

 

- Demək olarmı ki, millimiz yaxın illər üçün Ramil Şeydayevin timsalında əvəzolunmaz forvardına qovuşdu?
- Seydayev yaxşı oyunçudu, bizim üçün yaxşı hücumçudu. Ancaq demək olmaz ki, bizim "ulduz"umuz olacaq. Sadəcə, axırıncı oyunlar onu göstərir ki, klubunda da qol vurur, bizdə də vurdu. Litvayla oyunla bağlı öz fikirimi deyə bilərəm ki, Ramili sol tərəfdə yoxladılar, mənə görə onun yeri deyildi. Ancaq ikinci hissədə gördük ki, yenidən hücuma çəkdilər. Sadəcə, ilk hissədə o qədər qaçdı ki, məncə, ikinci hissədə gücünü itirdi. 

 

- Hesab edirsiniz ki, Şeydayev taran tipli forvard olduğundan, əsl mövqeyi mərkəz hücumçusudu...

- Mənim üçün belədi. Ancaq baş məşqçi necə baxacaq, təbii ki, əsas onun fikridi. Bu, onun oyun sistemindən asılıdı. Şeydayev güclü komandaya qarşı solda oynasa, bəlkə əks-hücumlar daha yaxşı olar. Hər şeyi dəqiq demək çətindi. Hansı komandaya qarşı necə taktika seçiləcək - bundan da asılıdı.

 

- Arxada qalan 2 turdan sonra millimizin qrupundan şeytan da baş çıxara bilməz. Bəs millimiz necə, iyunda ardıcıl ev matçlarından baş çıxara biləcəkmi?

- Bilirsiniz, digər komandalara baxanda, qrupumuzda ən zəif bizik. Nə var, onu da deyirəm. Millətlər Liqası bizim səviyyəmizdi, orda nəsə edə bilərdik. Burda isə bir az çətindi. Bəxtsizlikdən də çox güclü qrupa düşmüşük. Bu rəqiblərə qarşı nəsə etmək, bizim üçün yaxşı olacaq. Bu, futboldu, heç vaxt nəticəni əvvəldən bilmək olmaz. İndi deyirik ki, Slovakiya, Uels, Macarıstan bizdən güclüdü. Ancaq meydança ayrı şeydi. Onda komanda ayrı cür ola bilər. Elə ola bilər ki, rəqibdə 5 qol imkanı olsun, 1-ni vursun. Bizdə isə 2-si olsun, 2-ni də dəyərləndirək. Futboldu, hər şey ola bilər. 

 

 

MEHMAN SÜLEYMANOV

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB