TOP 10

Ay səni, Nikola!

Futbol
Tarix: 2019-03-25 10:07

Ötən axşam “Bakcell Arena”da Nikola Yurçeviç mətbuat konfransı keçirdi. Media mənsubları qarşısına çıxan xorvatiyalı mütəxəssis xeyli sayda sual cavablandırdıqdan sonra meydançaya tərəf tələsdi. 53 yaşlı məşqçi bu gün Litvayla baş tutacaq yoxlama oyunu öncəsi millinin son məşqini keçirməli idi. Aydın məsələdir ki, KİV üçün məşqin açıq elan olunan ilk 15 dəqiqəsi  zamanı ekstravaqant yeniliklər olmayacaqdı. Ənənəvi isinmə hərəkəti və bir-iki toxunuşlu “kvadrat”. Bax, həmin zaman kəsiyindən də bəhs etmək istəyərdik...

 

Bir neçə jurnalistlə arenanın 2-ci qatında dayanmışdıq ki, istiqamətimizə doğru gələn çalışdırıcı aşağıdan yuxarı bəndənizlə dialoq qurmağa başladı. Sözün düzü, 18 il ərzində əksər hallarda sual vermişəm. Lənət heçə, əvvəlcədən bilsəydim, yenə nələrəsə hazırlaşardım. Ancaq Yurçeviç bəndənizi “gözlənilməz mövqedə yaxaladı”. Dialoq çox maraqlı alındı, hətta sonluq da ətrafımdakı həmkarlarımla yanaşı, AFFA rəsmilərinin xeyli gülüşünə səbəb oldu. Elə bu səbəbdən də qeyri-adi hadisəni nəql etməyi qərara aldım. Dialoq rusca gedirdi və doğma dilimizdə təsvir edilir.

 

- (N.Y.) Necə düşünürsən, Xorvatiyaya qarşı oyunda ən yaxşı/yaxşılar kim(lər) idi?
- Ramil Şeydayevlə Eddi İsrafilovu xüsusi qeyd edərdim. Hansının daha yaxşı olduğunu  deməyəcəm. İkisi də əla idilər!

 

- Bəs, ən zəif bəndlərimiz barədə nə deyə bilərsən? Kim xoşuna gəlmədi?
- Nazarov faciə idi. Dmitri ən faydasız, ən çox ziyan vuran futbolçumuz idi.

 

- Ok. Necə fikirləşirsən, kənarda qalan kimsə oldumu ki, milliyə dəvəti haqq etmişdi, amma çağırmadım?
- Məncə, Ağabala Ramazanov dəvət edilməli idi. Əla forma yığıb!

 

- Hə-hə, izləyirəm, bəyənirəm. Yaxşı futbolçudu. Ancaq stabil deyil. Bəzən elə oynayır ki, heyran qalırsan, bəzən də ümumi ansambldan düşür. Amma böyük ölçüdə bəyənirəm onu.
- Bir də Seydiyevi çox bəyənirəm. Uşaqdı, amma əzmkardı, döyüşkəndi, istəklidi...

 

- Mustafazadə? “Qəbələ”nin müdafiəçisini deyirsən?
- Müdafiəçi olmağına müdafiəçidi, amma Bəhlulu demirəm, o, “Sumqayıt”da gördüyümüz formasında deyil. “Qəbələ”nin mərkəz yox, sağ kənar müdafiəçisini deyirəm - Amin Seydiyev.

 

- Həə, diqqət mərkəzimdədir. Yaxşı uşaqdı, bəyənirəm onu.
- Litvaya qarşı xorvatlarla meydanda olmayan futbçuların hamısına şans verəcəksiniz?

 

- Çalışacam. Start heyətində 4-5 yeni oyunçu çıxa bilər. Altı əvəzetməyə icazə verilməlidir. Çalışacağam ki, bütün oyunçular, az da olsa, meydana çıxsın...
- Məni cavanlar maraqlandırır: Anton Krivotsyukla Ömər Buludov...

 

- Biri start heyətində çıxacaq...
- Aha, Krivotsyuk...

 

- (Gülərək dayandığımız tribunanın altından yetirmələrinə sarı qaçır)... Bunu mən demədim, sabah baxarıq...

 

Bax, belə, dəyərli oxucu. Bəlkə də bu dialoqu bölüşməməli idim. Ancaq həqiqətən də maraqlı məqamlar olduğu üçün qələmə almağı üstün tutdum. Fikir mübadiləsinə açıq olan xorvatiyalı ilə geniş müsahibə götürməyi planlaşdırırıq. Amma bu ünsiyyətlə Azərbaycan torpağında ilk qolunu hələ müsahibədən öncə vurmağı bacardı. Ay səni, Nikola!

 

 

CEYHUN ƏLİYEV
 

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB