TOP 10

İkihəftəlik fasilə öncəsi son dayanacaq: 3-cü dövrə necə yekunlaşacaq?

Futbol
Tarix: 2019-03-15 12:00

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulur. Sport24.az xəbər verir ki, milli komandanın oyunları ilə əlaqədar XXI tur bir gündə keçiriləcək. Bu üzdən "CBC Sport" 2 matçı canlı yayımlanacaq. Zirədəki qarşılaşmanı isə PFL-in rəsmi saytından canlı izləmək mümkündü.

 

Turun açılış oyununda qış fasiləsindən sonra ən uğursuzlar qarşılaşacaq. Bu dövrədə 6 oyunda 4 xal toplayan "Sabah" qələbə üzünə həsrət "Sumqayıt"ı qəbul edəcək. Debütant Premyer Liqada ilk ev matçını məhz "gənclik şəhəri"nin təmsilçisiylə görüşərək darmadağın olunub. Yəni, Elşad Əhmədovun komandası yüksək liqada ilk məğlubiyyətini məhz "Sumqayıt"dan alıb. Ancaq bu dəfə qonaqların baş məşqçisi Nazim Süleymanov yox, Ayxan Abbasovdu. Düzdür, Abbasov cəzalı olduğundan, "Əlincə Arena"dakı qarşılaşmanı tribunadan izləyəcək. O da maraqlıdı ki, Abbasov bu çempionatda "Sabah"la "Zirə"nin baş məşqçisi kimi görüşərək III turda "Dalğa Arena"da 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. "Sabah" cari mövsümdə evdə çox az - cəmi 2 qələbə qazanıb. Bunlardan sonuncusu 5 ay öncə elə "Zirə" üzərində olub - 2:1.

 

"Zirə" isə bu turda turnir cədvəlində "qonşu"su olan "Keşlə"ni qonaq edəcək. Bu komandaların xalları da bərabərdi. Sadəcə, Tərlan Əhmədovun komandası şəxsi oyunlardakı nəticələrə görə irəlidədi. Samir Abasovun komandası qalib gələrsə, hətta 2 pillə irəliləyərək 5-ci yeri "Sabah"ın əlindən ala bilər. Bunun üçün adıçəkilən komanda uduzmalıdı. Çünki "Sabah"ın "Zirə"ylə xalları bərabər olarsa, şəxsi oyunlardakı nəticələrə görə onu qabaqlamış olacaq.

 

Digər "qonşu"lar "Bayıl Arena"da görüşəcək. Bu, 2-ci yerdə gedən "Qarabağ"ın ən yaxın izləyicisi olan "Səbail"in qonağı olacağı oyundu. Düzdür, bu komandalar arasında xal fərqi çox böyük olduğundan istənilən nəticə turnir cədvəlində yerdəyişməyə səbəb olmayacaq. Onu da nəzərə alaq ki, "Qarabağ" "Səbail"lə son görüşündə ona evdə 1:0 hesabıyla qalib gəlsə də, texniki səhvə görə texniki məğlubiyyət alıb.

 

Tura mərkəzi oyunla yekun vurulacaq. Lider "Neftçi" mükafatlara iddialı "Qəbələ"ni qəbul edəcək. "Ağ-qaralar" bu matça ciddi itkiylə çıxacaq. Belə ki, nəinki "Neftçi"nin, çempionatımızın bombardiri olan fransalı hücumçu Baqali Dabo cəza üzündən matçı buraxacaq. Bununla da o, ölkəmizdə ilk klubu olan "Qəbələ"yə qarşı oynaya bilməyəcək. "Neftçi"nin Dabosuz necə təsir bağışlayacağı maraq doğrurur. Roberto Bordinin komandası qalib gələrsə, 3-cü dövrənin də qalibi, "Qarabağ"la xalları bərabər olarsa isə şərikli lider olacaq. Bu halda "Neftçi" yenə 1-ci pillədə olacaq ki, bu da prinsipial rəqibini şəxsi oyunlardakı nəticələrdə üstələməsinə görədi. 

 

Qeyd edək ki, bu turdan sonra çempionatımızda ikihəftəlik fasilə olacaq. Bu da millimizin qarşıdakı oyunları - Xorvatiya ilə AVRO-2020-nin matçı və Litva ilə yoldaşlıq görüşüylə bağlıdı. Dördüncü dövrənin qarşılaşmaları martın 30-da və aprelin 1-də baş tutacaq.  

 

 

 

XXI tur

15 mart

16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı. “Əlincə Arena” stadionu
Cari çempionatdakı matçlar - 1:4, 0:0
 

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev 
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev  
Bakı. Zirə İdman Kompleksinin stadionu (pfl.az/canlı) 

 

16:45. “Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov 
Bakı. "Bayıl Arena" stadionu (CBC Sport/canlı)

 

19:00 “Neftçi” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli 
Bakı. “Bakcell Arena” stadionu (CBC Sport/canlı)

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB