TOP 10

"Keşlə"nin legioneri Premyer Liqamızda çox qol vurmağı asan saymır: "Həmin gün Ayite ailəsinin günü idi"

Futbol
Tarix: 2019-03-15 00:00

"Keşlə" bu il ilk böyükhesablı qələbəsini Premyer Liqanın son turunda evdə "Sabah" üzərində 3:0 hesabıyla qazandı. Bu uğurda komandanın cari mövsümün gedişində heyətinə cəlb etdiyi toqolu hücumçu Conatan Ayitenin böyük rolu oldu. Ölkəmizə 2014-cü ildən legioner həyatı yaşadığı Türkiyədən gələn təcrübəli hücumçu Sport24.az-a müsahibəsində hazırkı klubunda qol hesabını gec açmasından, İngiltərə Premyer Liqasında çıxış edən kiçik qardaşının uğuruna sevinməsindən və digər məqamlardan danışıb.  

 

- "Sabah"la matç öncəsi zədə problemin, hücum xəttinizdə isə ciddi itkilər vardı. Ancaq etdiyin dublla bunu hiss etdirmədin. Buna ilk növbədə nəyin hesabına nail oldun? 
- Buna necə nail olduğumu bilmirəm, ancaq həmin oyun mənim üçün normal matçlardan biri idi. Həftənin əvvəlində baş məşqçimiz mənə dedi ki, oyuna çıxacaqsan və buna görə də, özümü “Sabah”la oyuna kökləmişdim.


- Vurduğun qollarda rəqibin qapıçısı Saşa Stamenkovçin səhvlərinin nə dərəcədə payı oldu? Karyeranda 2-ci qolun kimi asan qol vurmuşdun? 
- Bu sualınıza qısa cavab verəcəyəm: futbolda asan qollar olmur.


- Maraqlıdı, bu dublunla bağlı vətənin Toqodan zəng edib səni təbrik edən oldu? "Fulhem"də çıxış edən qardaşın Floyd Ayite necə? 
- Xeyr. Oyundan sonra həyat yoldaşımı və övladımı görmək üçün evə getdim, sonra televizorda qardaşımın “Lester”ə qarşı keçirdiyi matça baxdım. Allaha şükür, həmin oyunda qardaşım da qol vurdu və düşünürəm ki, həmin gün Ayite ailəsinin günü idi.


- "Keşlə"də qol hesabını açmaq üçün xeyli gözləməli oldun. Niyə uzun müddətdi buna nail ola bilmirdin? Ümumiyyətlə, əsas heyətdə möhkəmlənə bilməməyini nəylə əlaqələndirirsən? 
- Birincisi, payızda buraya gəldiyimdə hazır deyildim, çünki bir müddət oynamamışdım. Buna görə də, mənə adaptasiya lazım idi. İkincisi, zədələr üzündən daha çox oyuna çıxa bilmədim. Bununla belə, hər zaman komandaya kömək etmək istəyirəm və çalışacağam ki, oyundan oyuna daha yaxşı oyun nümayiş etdirim.


- İndiyədək bir sıra çempionatlarda oynamısan. Azərbaycan Premyer Liqasının hansı spesifik cəhətləri var? Doğrudanmı, bizim çempionatda qol vurmaq çətindi? 
- Doğrusu, Azərbaycan çempionatında oyunçuların səviyyəsinə görə çox qol vurmaq asan deyil. Burada hər bir oyun gərgin keçir və hücumçunun üzərinə daha böyük məsuliyyət düşür. Ancaq onu da qeyd etmək istəyirəm ki, futbol komanda oyunudur və hansısa hücumun qol ilə nəticələnməsində bütün komanda üzvlərinin payı olur. 


- "Keşlə"nin potensialını necə görürsən? Avroliqaya düşməyiniz nə dərəcədə realdı? 
- Futbolda hər şey mümkündü. Uğur qazana bilsək, düşünürəm ki, Avropaya gedə bilərik.

 

- Növbəti turda 3-cü dövrənin ən yaxşılarından olan "Zirə"nin qonağı olacaqsınız. "Neftçi" və "Qarabağ"dan xal alan bu komandanı məğlub edə bilərsiniz?
- Ələbttə, maraqlı oyun olacaq və hər iki komandaya qələbə lazımdı. İnşallah, komandamın qalib gələcəyinə inanıram. 
 

 

 

MEHMAN SÜLEYMANOV

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB