TOP 10

Şəhriyar Rəhimov: "Dəvət mənim üçün xoş sürpriz oldu"

Futbol
Tarix: 2019-03-14 12:25

Millimizin xorvatiyalı yeni baş məşqçisi Nikola Yurçeviçin açıqladığı heyətdə yeni futbolçularla yanaşı, bir müddətlik fasilədən sonra dəvət alanlar da oldu. Bunlardan biri Şəhriyar Rəhimovdu. "Səbail"in sol cinah müdafiəçisi, eyni zamanda vitse-kapitanı olan təcrübəli futbolçu Sport24.az-ın suallarını cavablandırıb.

 

- Yəqin ki, Yurçeviçin açıqlayacağı heyəti sən də səbirsizliklə gözləyirdin. Qış fasiləsindən sonra yaxşı oyun göstərən futbolçulardan biri olaraq dəvəti gözləyirdin?

- Açığı, dəvəti səbirsizliklə, ümidlə gözləmirdim. Sadəcə, doğrudan də mənə maraqlı idi ki, dəvət olacaqmı. Şükür Allaha ki, bu oldu. Ancaq fikrim yox idi ki, oturum dəvəti gözləyim.

 

- Bu, yaş amilinlə bağlı ola bilərmi? Hər halda, gənc futbolçular millidən daha çox dəvət gözləyir. Sənin isə artıq 31 yaşın var...

- Deməzdim ki, yaş amiliylə bağlıdı. Elə də qoca deyilik də (gülür). Açığı, fikrimi klubuma cəmləşdirmişdim. Ağır oyunlarımız var. Əlbəttə, maraqlıdı millidən dəvət almaq, oynamaq. Bu, hər bir futbolçu üçün böyük şərəfdi, məsuliyyətdi. Hamı millidə çıxış etmək istəir. Amma hər an gözləyim ki, milliyə çağırılacam, ya yox - belə bir şey yox idi. Dəvət mənim üçün xoş sürpriz oldu.

 

- "Səbail"dən Ruslan Qurbanovla Rahid Əmirquliyevin dəvət almağına öyrəşmişik. Üstəlik, qış fasiləsindən sonra yaxşı təsir bağışlayan Ağabala Ramazanova dəvət gözlənilirdi. Ancaq gözlənilmədən "Səbail"dən yalnız Şəhriyar Rəhimov dəvət alır. Bunu necə qarşıladın?

- Açığı, gözləyirdim bizim klubdan tək mən yox, başqa futbolçular da çağırılsın. Çünki bildiyiniz kimi, qış fasiləsindən sonra pis qrafik cızmamışdıq. Ən yaxşı nəticə göstərənlərdən biri biz idik. Son turda Qəbələdə uduzduq, bunadək yalnız bir məğlubiyyətimiz var idi. "Səbail" doğrudan da pis futbol nümayiş etdirməmişdi. Ağabalaya qışadək zədələr imkan vermədi, fasilədən sonra özünə gəldi. Rahid stabil oynayır. Ruslan bəlkə son vaxtlar zədəli olduğundan çağırılmır. Ancaq onların məndən tam fərqli mövqedə çıxış etdiklərindən belə vəziyyət yaranıb. Hər halda, onların yer aldıqları mövqelərdə başqa futbolçulara ehtiyac oldu, yəqin, ona görə çağırmayıblar. Bunu mən bilə bilmərəm. Buna məşqçilər qərar verirlər. Mənim çağırılmağım, onların isə kənarda qalması başqa bir şeyə aiddiyyatı yoxdu, bu, çıxış etdiyimiz mövqelərlə bağlıdı. Ancaq əlbəttə, adbaad götürsək, onların hamısı məndən öncə də uzun müddət çağırıldıqlarından dəvət alacaqları daha gözlənilən idi. Bunu düz qeyd edirsiniz.

 

- Artıq neçə illərdi millimizlə sol cinah müdafiəçi, solaxay futbolçu problemi var ki, sən bu planda işə yarayırsan...

- Razıyam. Başqa klublarımızda da yerli solaxay müdafiəçilər var. Ancaq götürsək, 3-4 nəfər namizəd olar ki, onun da 2-si cağırılıb. Hardasa o cəhətdən bəxtim gətirdi ki, solaxayam (gülür).

 

- Maraqlıdı, millidən dəvət xəbərini kimdən aldın? AFFA-nın rəsmi saytından?

- Heyət çıxanda məşqdə idik. Bizdə gənc futbolçu var - Elçin Rəhimli, məşq etmirdi. Çünki əvəzedicilərin oyununa gedirdi. O, məni sevindirdi ki, səni milliyə çağırıblar.  Məşqdən çıxdıqda siyahını mənə göstərdi. 

 

- Səndən muştuluq istəmədi? 

- (gülür) Yox, belə bir şey olmadı. Sadəcə, məni sevindirdi. Yanına çağıraraq gülərək dedi ki, milliyə çağırılmısan. Telefonunu açdı, siyahını göstərdi. Hədiyyə alıb deyənlərdən deyiləm. Hədiyyə də omasa, lazım gəlsə, çay qonaqlığı verərəm.

 

- Yalnız bir dəfə milliyə dəvət almısan. O da düz 1 il öncə - elə martda. Millidə olmaq Şəhriyar Rəhimov üçün nə deməkdi?

- Onda "Kəpəz"in futbolçusu idim. Autsayder komandanın üzvü oduğumdan milliyə dəvət alacağıma o qədər də inamım yox idi. Millimi üzvü olarkən tək mənim yox, bütün futbolçular üçün ən öndə gedən şərəfdi. Əlbəttə, klub başqadı, ailənə çörək aparısan, doğma yerindi. Millidə isə dövlət atributlarını daşıyırsan, bu, tam başqadı. Klubunu Azərbaycanda, maksimum avrokuboklarda təmsil edə bilərsən. Ancaq millidə Azərbaycanı bütün dünyada təmsil edirsən. Bu, ən əsas böyük məsuliyyətdi, şərəfdi. Mənim üçün bu iki hiss çox önəmlidi. 

 

- Yurçeviçin təyinatını necə qarşıladın? Bu xorvatiyalı mütəxəssislə bağlı araşdırma apardın?

- Açığı, xüsusi bir axtarış olmadı. Sadəcə, sizlər də mediada yazırdınız ki, Xorvatiyanın tanınmış baş məşqçisi Slaven Biliçin köməkçisi olub. Yəni CV-si yetərincə zəngindi. Biri var hansısa tanınmamış mütəxəssis olar, ancaq Yurçeviç yaxşı komandalarda işləyib, sizin, mətbuatın vasitəsilə tanıdım.

 

- Karyeranda daha çox yerli mütəxəssislərlə işləmisən. Əcnəbi baş məşqçinin futbol fəlsəfəsinə uyğunlaşmaq çətin olmaz?

- Yox. Belə götürəndə, biz futbolçuyuq və istər yerli, istərsə də əcnəbi mütəxəssis olsun, əsas odur ki, onların verdiyi tapşırıqları yerinə yetirəsən. Bu zaman baş məşqçinin milliyyəti fərq etmir. Baş məşqçi bizdən nə tələb edəcək, çalışacağıq ki, onu maksimum yerinə yetirək. İnanmıram ki, ünsiyyətdə və ya iş prosesində hansısa fərq, problem olsun. Öncə də xarici məşqçilərlə işləmişəm. 

 

- Hazırkı formanı nəzərə alsaq, milinin Zaqrebdə çətin oyununda əsas heyətdə yer almağa özünü nə dərəcədə hazır sayırsan?

- Açığı, bu haqda danışmaq düzgün də deyil, heç danışmaq da istəmirəm. Yəqin ki, martın 21-dəki oyunadək 4-5 məşqimiz olar. İnşalah, məşqlərdən də çox şey asılı olacaq. Düzdür, Yurçeviç stadionlara gələrək milli futbolçularının oyununa baxıb. Ancaq sırf özünun məşq prosesində, onun rəhbərliyi altında komanda birinci dəfə yığışacaq. Ona görə rəsmi oyunadək hazırlıqdan da çox şey asılı olacaq. 

 

-Belə demək olarmı ki, tanımadığınız bu baş məşqçinin hazırlıq prosesini böyük maraqla gözləyirsiniz?

- Əlbəttə, nəinki buna, millinin düşərgəsində olmağı səbirsizliklə gözləyirik, intizardayıq. O, birinci dəfə burda işləyəcək, heç vaxt xorvatiyalı məşqçiylə çalışmamışam. Hər bir mütəxəssisin iş prosesi, futbola baxışı var. İnşallah, bunu da gedib görərik.

 

- Son dünya çempionatının vitse-çempionuyla çətin səfər matçından nə gözləyirsiniz? Ayaqlar əsməyəcək ki? Çünki Xorvatiyada uğursuz təcrübəmiz - 0:6 hesablı darmadağınımız olub...

- Narahatçılıq deyəndə, nəinki özümün, bütün futbolçuların da adından danışsam, səhv çıxmaz, hamı Azərbaycanı layiqincə təmsil etmək istəyər. Allah eləməsin, heç kim istəməz ki, gedib böyük hesabla uduzaq. Bunu indi ağlımızdan da keçirmək istəmirik. Maksimum bacardığımız qədər oynayacağıq. Əsas məsələ Azərbaycanı bu matçda layiqincə təmsil etməkdi. Qeyd etdiyiniz kimi, rəqib elə biri deyil ki, deyək çıxıb udmaq olar. Ancaq əlimizi salaq yana ki, bu, Xorvatiyadı, düzgün yanaşma deyil. Mütləq aqressiv oynayıb, var gücümüzü meydançada qoymalıyıq ki, ən azı ölkəmizi layiqincə təmsil edək.

 

- Rəqibin heyətində ciddi itkilər var. Bu, işimizə yaraya bilərmi?

- Xorvatiya millisində çıxış edənlərin hamısı Avropada oynayanlardı. Biri olmasa, deyim ki, onun yerinə zəif çempionatdan futbolçu gələcək, yox, belə deyil. Hamısı Avropanın Top çempionatlarında oynayan futbolçulardı. Ona görə də inanmıram ki, hansısa itki oyun sisteminə təsir etsin, hansısa vacib fiqur olmasın deyə Xorvatiya öz oyununu oynamasın. Belə bir şey inandırıcı deyil. Hamısı yüksək səviyyəli futbolçulardı. Ona görə bu barədə heç fikirləşmək lazım deyil ki, filankəs oynayır, filankəs yox. Oyuna ciddi hazırlaşmaq lazımdı. Biz ilk növbədə öz oyunumuzu fikirləşməliyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB