TOP 10

"Yurçeviç işinə tələbkardı, mən də xoşlayıram tələbkar məşqçilərlə işləməyə"

Futbol
Tarix: 2019-03-13 10:50

Milli komandamızda baş məşqçi postu ilə yanaşı, menecer postunda da dəyişiklik oldu. Belə ki, əsas yığmanın baş meneceri vəzifəsinə Zaur Hacı-Məhərrəmov təyin olundu. Artıq bu vəzifədə işinə başlayan Hacı-Məhərrəmov Sport24.az-a müsahibəsinə saytımızın bir neçə gün öncə 2 yaşının tamam olmasını təbrik etməklə başlayaraq ardından təyinatı haqda danışıb.

 

- Millimizə yeni baş məşqçinin gəlişindən sonra rəhbərlik tərəfindən belə qərar oldu. Mənə bu haqda məlumat verildi və razılığımı bildirdim. Həm də yığmalarda bu sahədə neçə illik iş təcrübəm də vardı - U-15-dən başlayaraq U-21-dək bütün millilərdə təşkilati işləri koordinasiya edirdim. Yəqin, bu sahədə təcrübəm olduğuna görə rəhbərlik belə məsləhət gördü. Sağ olsunlar, etimad göstəriblər. Çalışacağam ki, etimadı doğruldum.

 

- Bunadək bir neçə sahədə koordinator idiniz. Onlardan hansılarda işinizi dayandırmısınız?

- Futzalda koordinator kimi qalıram. Ordakı işlər yolunda gedir. Əsas işləri görən insanlar var ki, millidə olmağım mənə problem yaratmır. Yığma ildə təxminən 5-6 dəfə yığışır. İlin qalan müddətində vaxt baxımından çatdırmaq problem deyil. Hələ ki məsləhət oldu ki, burda qalım, sonrasına baxarıq. Yayda dəyişiklik olsa, bu haqda məlumatlandıracaqlar. AFFA məşqçi kurslarında və Klublar Komitəsində koordinator işlərim vardı. Artıq ikisini də təhvil verdim - Klublar Komitəsini Orxan Əhmədova, məşqçi kurslarını Anar Şıxəliyevə. 

 

- Yeni işdə qarşınızda hansı vəzifələr durur?

- İşimin mahiyyəti çox sadədi. A millinin bütün təşkilatı işləriylə məşğul olmaq - təlim-məşq toplanışının təşkili, səfərlər, bütün futbolçuların problemlərinin, sənədlərinin həlli. Loru dildə, adi kağız-kuğuz işləridi. Ümumi olaraq belə deyərdim, ancaq əslində, əlbəttə, xırda detallar çoxdu. Ancaq bunlar sizə maraqlı olmayacaq (gülür). Komandanın hazırlığıyla məşqçilər korpusu məşğul olur. Təlim-məşq toplanışının ən yüksək səviyyədə təşkili üçün çalışırq ki, bundan, yaradılan şəraitdən həm məşqçilər, həm də futbolçular narazı olmasınlar. Bildiyiniz kimi, millimiz martın 16-dan yığışır. Təlim-məşq toplanışına Bakıda başlayacağıq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq, məşqlərini orda edəcək. Həmin gün saat 16:30-da çarter reysilə Zaqrebə təxminən 4 saatlıq uçuş edəcək millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq. Millimizin Zaqrebdə 1 məşqi olacaq. Bu, oyunöncəsi - martın 20-də Xorvatlarla qarşılaşmanın keçiriləcəyi "Maksimir" stadionunda olacaq. Millimiz Xorvatiya paytaxtında "Şeraton" otelində qalacaq. 

 

- Millinin texniki personalında hansı dəyişiklər olub?

- Millinin həkimi vəzifəsində dəyişklik yoxdu. Ukraynalı həkim Vyaçeslav Xomenko işini davam etdirir. O, neçə illərdi burda çalışır. Yeni baş məşqçi də işindən razıdı, AFFA rəhbərliyi də. Millinin inzibatçısı isə yeni simadl - Əli Davudov. Təcrübəmdən istifadə edərək ona yeni işində tövsiyələrimi verirəm və birgə işi qururuq. İşindən tam razıyam. Başqa inzibatçı yoxdu. İkimiz əsas yığmada təşkilatı işləri görürük.

 

- Yurçeviç sizdə hansı təəssürat yaradıb?

- Bir insan kimi ancaq xoş təəssürat oyadıb. Onu qeyd edim ki, Yurçeviç işinə peşəkardı, tələbkardı. Biz də onun istədiyini maksimum yerinə yetiririk. Baş məşqçi hər şeydən razıdı. Mərdəkanda bazamızda da olub, bütün şəraitdən razılığını ifadə edib. Yurçeviçin təcrübəsi böyükdü. Xorvatiya millisində xeyli müddət məşqçi işləyib, Slaven Biliçin uzun illər köməkçisi olub. Yurçeviçlə çox söhbətləşmişəm. Özüm də istəyirəm ki, baş məşqçi tələbkar olsun. Xoşlayıram tələbkar məşqçilərlə işləməyə. O da bunu bilir. Yurçeviçlə çox yaxşı dil tapmışıq. İnanıram ki, birgə işimiz uğurlu olacaq.

 

MEHMAN SÜLEYMANOV

 

 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB