TOP 10

Mən Yurçeviç olsaydım...

Futbol
Tarix: 2019-03-08 15:23

Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Zaqrebdə Xorvatiyaya qarşı debüt matçına 2 həftədən az vaxt qalıb. Artıq növbəti turdan sonra böyük ehtimalla millinin baş məşqçisi Nikola Yurçeviç yeni postunda rəsmi debüt edəcəyi matç üçün yığmamızın heyətini açıqlayacaq. 

 

Bəs Yurçeviç hansı futbolçulara güvənəcək? Millidə yeni simalar görə bilərikmi? Ən ideal “23-lük” necə olmalıdı? Sport24.az bu yazıda öz versiyasına görə ən ideal “23-lüy”ü müəyyənləşdirməyə çalışacaq.

 

Qapı xəttində seçim çox məhduddur. Yurçeviçin Millətlər Liqasında Qurban Qurbanovun güvəndiyi triodan başqa heç seçimi də yoxdu. Yeganə fərq əsas heyətdə Səlahət Ağayevin görünə biləcəyi ola bilər. Ancaq bu, başqa operadandı.

 

Qapı xəttində kimlərəsə güvənmək olarsa, müdafiənin mərkəzi çox düşündürür. Çünki Bədavi Hüseynovla tandem təşkil edəcək ikinci mərkəz müdafiəçisinin adını çəkmək demək olar mümkünsüzdü. Böyük ehtimalla, Yurçeviç əlacsızlıqdan Maksim Medvedevi müdafiənin mərkəzinə çəkəcək. Hərçənd, tətbiq etdiyimiz siyahıda universal Anton Krivotsyuka da yer vermişik. Yeri gəlmişkən, U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç də Serbiya mətbuatına  müsahibəsində iki futbolçusunu əsas milliyə məsləhət gördüyünü bildirib ki, bu ikiliyin məhz müdafiə xəttinin oyunçuları olduğunu düşünürük. Krivotskyukla yanaşı, Amin Seydiyev də dəvət alacağı təqdirdə, buna təəccüblənməyəcəyik.

 

Yarımmüdafiədə seçim geniş olsa da, sağ vinger mövqeyi naməlum formada görünür. Doğrudu, Araz Abdullayevi siyahımıza salmışıq. Ehtiyat versiya kimi isə əks cinahda daha effektiv olacağını düşündüyümüz Mahir Mədətovun adını çəkə bilərik. Yarımmüdafiə xəttindən danışarkən, iki yeni simayla bağlı da proqnoz verək. Söhbət “Sumqayıt”ın yarımmüdafiəçiləri Əli Babayev və Aleksey İsayevdən gedir. Hərçənd, ikinci qış fasiləsindən sonra o qədər də faydalı görünmür. Babayevə gəlincə, onu start heyətində görsək də təəccüblənməyəcəyik.

 

Nəhayət, hücumçular barədə. Rüfət Dadaşovla Ramil Şeydayevin dəvət olunacaqlarına şübhəmiz yoxdu. Doğrudu, Rüfət son zamanlar bir qədər geeiləyib. Buna baxmayaraq, Yurçəviçin seçimi olduqca məhduddu. Adını siyahımıza saldığımız Mirabdulla Abbasov barədə də nikbin fikirləri söyləyə bilmirik. Son turlarda ehtiyatda qalan forvard yenicə isindirməyə başladığı millidəki mövqeyindən də məhrum ola bilər. Həmin yerə alternativ namizədlər isə Rauf Əliyevlə Amil Yunanovdu. 

 

Sonda Sport24.az milliyə dəvət olunmaq şansları daha yüksək olan futbolçuların siyahısını təqdim edir:

 

Qapıçılar: Kamran Ağayev (“Keşlə”) Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan);

 

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Amin Seydiyev ("Qəbələ"), Şəhriyar Rəhimov ("Səbail"), Pavel Paşayev ("Aleksandriya", Qazaxıstan);

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Mahir Mədətov, Araz Abdullayev, Riçard Almeyda (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Ağabala Ramazanov ("Səbail"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Cavid İmamverdiyev ("Sabah"), Dmitri Nazarov ("Aue", Almaniya);

 

Hücumçular: Mirabdulla Abbasov ("Neftçi"), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Ramil Şeydayev ("Krılya Sovetov", Almaniya).

 

 

Sport24.az
 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB