TOP 10

“Xəzər Lənkəran” futbolumuza lazımdırmı? Lazımdı, ancaq...

Futbol
Tarix: 2019-03-06 19:32

Biri var idi, biri yox idi, bir heç də uzaq olmayan zamanlar var idi. Həmin zamanlar ki, futbolçular müqavilə imzalamaq üçün klub ofislərinə çantalara gedirdilər. Hə, bu dəbi (Allahın Azərbaycan futbolunu lənətlədiyi gün) bu məmləkətə “Xəzər Lənkəran” gətirdi. 300 min dollar? Nə problem, buyur! 400 min? Qurbandı e! Ay qardaş, ay başına dönüm, nə görməmişlikdi? Hə, yeni yaranan klub Mübariz Mənsimovun milyonlarını beləcə, eybəcər formada külə çevirirdi. Nə üçün, hansı məqsədlə? Elə həmin “xidmətlərin” nəticəsidir ki, bu günədək yerli oyunçular klublara qiymət oxuyur, ölkə xaricinə getmək, inkişaf etmək barədə düşünmürlər.

 

...İllər ötürdü, cənublular isə ancaq lokal vəzifələr uğrunda mübarizə aparırdılar. Daxili arenada titul qazanmağı nəzərdə tuturam. Bəs beynəlxalq? Həə, burda Kərəmi ağlamaq tutur. Kimləri sevindirmədi “Xəzər Lənkəran”?! Moldovanın kənd komandasını da, İsrailin ortababını da. Müxtəlif cür sevindirirdi, ancaq azərbaycanlı futbolsevərlərdən başqa Avropanın dörd bir bucağına sevinc bəxş edirdi.

 

Gəl ki bunula da missiyası bitmirdi. İndiyə qədər “Xəzər Lənkəran”ın neçə futbolçusunun şikayətinə görə Azərbaycanın adı FİFA-da hallanıb? Müqavilə imzalanıb, ancaq fəxri prezidentin baş qoşmadığı, daha doğrusu təngə gəldiyi layihədə əsas söz sahibi olan qardaşı - Mais Mənsimovun yarıtmaz idarəçiliyi nəticəsində qovulan onlarla əcnəbi futbolçu FİFA-ya şikayət edirdi. Sivil qaydada hansısa məsələni həll etməyən klubun idarəçiləri də elə prezidentlərinə layiq idilər. Necə deyərlər “su axar çuxurunu tapar”. 

 

İmzalanan müqavilələrin məbləğlərindən neçə “Xəzər Lənkəran” rəsmisi nə qədər pul yediyini deyə bilmərik. Ancaq reallıq budur ki, mövcud olduğu dövrdə o qədər boynubükük idilər ki, azacıq tənqid görən kimi, əsməcəyə düşürdülər. Hələ çox şeyləri, kimin hansı hoqqayla işə qəbul edilməsi barədə yazmağı ar edirik.

 

Həmin illər ərzində futbol akademiyası yaradılsa da, heç bir futbolçu yetişdirməyən klub ölkəyə nə qazandırdı? Bax, bu sualın cavabı yazının bunaqədərki hissəsindədi. Hələ ən minimal qeydlərlə bu rəzalət barədə yazmışıq ha.

 

Ancaq hələ də ağızlarında şirə yeri qalanlar eyni sistemin tətbiq edilməsini, ənənəvi formada büdcənin talan edilməsi arzularından əl çəkə bilmirlər. 

 

“Xəzər Lənkəran” Azərbaycan futboluna lazımdı, özü də çox lazımdı! Ancaq fırıldaqçılar, şantajçılar yığını ilə yox! “Xəzər Lənkəran”  Azərbaycan futboluna lazımdı, özü də çox lazımdı! Çılğın, şəffaf, təmənnasız azarkeşləri, peşəkar idarəedicilərlə! “Xəzər Lənkəran” brendi altında gizlənib, özlərini futbol fədaisi göstərmək istəyənlərə isə nə “Xəzər Lənkəran”, nə də digər Azərbaycan klublarında yer yoxdu, olmamalıdı! Unutmayın ki, vaxtilə məhz bu “fədailər” bu klubun məhv olmasını təmin etdilər.

 

 

CEYHUN ƏLİYEV

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB