TOP 10

Borets "Neftçi"də 14 il sonra baş verən olaydan xoş oldu: "Qarabağ"la çempionluq mübarizəsində həlledici bu, olacaq ki..."

Futbol
Tarix: 2019-02-21 12:04

Azərbaycanda uğurlu legioner həyatı yaşamış futbolçulardan biri olan Vadim Borets. 2005-2012-ci illərdə ölkəmizdə çıxış etmiş, futbolçu karyerasını bitirmiş, artıq neçə vaxtdı məşqçiliyə başlayan moldovalı keçmiş yarımmüdafiəçi "Neftçi"yə böyük rəğbət bəsləməsini heç vaxt gizlətməyib. Hərçənd, onun Azərbaycan karyerasında əsas titulları digər paytaxt təmsilçisi "Bakı"yla bağlıdı. 43 yaşlı Boretsə hazırkı "ağ-qaralar"da tanış olan simalar var. Bu, Moldovanın "Şerif" klubunun italiyalı baş məşqçisi Roberto Bordin, onunla orda da birgə işləmiş köməkçiləri ilə yanaşı, son transfer Petr Rakudu. Azərbaycan çempionu və Kubokunun qalibi olan Borets Sport24.az-a müsahibəsində bir çox mətləblərdən söz açdı. 

 

- İşləriniz necə gedir? PRO kateqoriyasını nə vaxt alırsınız?

- Yaxında kursu bitirirəm. Artıq 1 aydan sonra PRO lisensiyasına sahib olacam. Cari mövsümdən Moldovanın "Petrokub" klubunun əvəzedici komandasının baş məşqçisiyəm. İşlərimdə hər şey qaydasındadı. Azərbaycanda vəziyyət necədi? Mənim üçün doğma ölkədi, onun üçün darıxıram. 

 

- Çoxdandı yolunuz bura düşmür...

- "Qarabağ"ın Çempionlar Liqasınında qrupda "Roma"yla "Çelsi"ylə matçlarını izləmək üçün Bakıya gəlmişdim, stadionda olmuşam. Ancaq Avroliqada son qrup matçlarını izləmək üçün paytaxtınıza gələ bilmədim. Sonuncu dəfə il yarım öncə Azərbaycanda olmuşam. Ancaq çempionatınızı mütəmadi izləyirəm.

 

- Eləsə çempionluq uğrunda "Neftçi" - "Qarabağ" dueli haqda fikirləriniz maraqlıdı...

- Bəli, bu qarşıdurmanı diqqətlə izləyirəm. Bu iki komandaya simpatiyam var. Onların oyunu xoşuma gəlir. Sevinirəm ki, Azərbaycanda belə çempionluq mübarizəsi yaranıb. Bu, futbolunuz üçün yaxşıdı. Prinsipial, tarixi rəqabətdi.

 

- "Neftçi" 5 ildi çempionluq mübarizəsindən kənarda qalmışdı və bu müddətdə "Qarabağ" Premyer Liqamızın qalibi olurdu. Nəhayət, keçmiş komandanız yenidən səhnəyə qayıtdı...

- Buna görə şadam. "Neftçi"nin çempionluq yarışına dönüşü çox yaxşıdı. Ürəyim həmişə "Neftçi"ylədi. Onun dirçəlişi məni yalnız sevindirir. "Neftçi"yə bağlı olan insanlara saytınız vasitəsilə salamlarımı çatdırıram və uğurlar arzulayıram. 

 

- "Qarabağ"da isə sizə çox yaxşı tanış olan simalar var - Qurban Qurbanov, Rəşad Sadıqov, Elçin Rəhmanov, Zaur Tağızadə...

- Onlara görə də sevinirəm, azarkeşlik edirəm. Dediyim kimi, avrokuboklarda oyunlarını maraqla izləyirəm, yaxşı çıxışı məni həmişə sevindirir. "Qarabağ"ın Avropada qələbələri mənə xoşdu. Qurban Qurbanov sabiq baş məşqçim olub. Rəşad Sadıqov, Elçin Rəhmanov və Zaur Tağızadəylə də "Neftçi"də komanda yoldaşı olmuşam, bir yerdə oynamışıq.

 

- "Neftçi"nin hazırkı baş məşqçisi olan Roberto Bordin sizə yaxşı tanışdı. Çünki o, bunadək Moldovada keçmiş komandanız "Şerif"də uğurlu fəaliyyət göstərib. Sizcə, "Neftçi"nin çempionluq mübarizəsində səhnəyə qayıtması məhz italyan mütəxəssislə bağlıdı?

- (gülür) Təxribatçı suallar verirsiniz. Gəlin, gözləyək, hələ iş görülməyib. Qarşıda hələ ciddi sınaqlar var. Mövsümün ikinci yarısı həmişə daha çətin olur. İndi "Qarabağ" "Neftçi"yə daha da yaxınlaşıb, qış fasiləsindən sonra daha yaxşı çıxış edir. Fikrimcə, bundan sonra daha maraqlı qarşıdurma olacaq. 

 

- Belə qənaətə gəldim ki, çempionluq mübarizəsində "Qarabağ"ı daha şanslı sayırsınız? "Neftçi"ni hələ çempion olmağa hazır saymırsınız?

- Yox. Niyə ki hazır deyil? Zaman hər şeyi göstərəcək. Fasilədən sonra ilk turlar daim çox vacib olur.  Qış fasiləsindən sonra ilk 4-5 turda kim özünü daha yaxşı tərəfdən göstərərsə, o da məqsədinə çatacaq. Kimin daha az xal itirməsi həlledici olacaq. Məhz bu komanda çempionluğa ən real namizəd olacaq. 

 

- "Neftçi" bu mövsümdə "Qarabağ"a uduzmayıb. Sizcə, bu, göstəricidi?

- Əlbəttə, əsas rəqibinə uduzmursansa, bu, yaxşıdı və uğur qazanmaq şanslarını yüksəldir. Bu, aydın məsələdi, məntiqəuyğundu. Əsas rəqibinə yenilməyəcəksənsə, deməli, ondan bir addım üstün olacaqsan. 

 

- Bordinli Şerif"lə Bordinli "Neftçi"ni necə müqayisə edərdiniz?  

- Bilirsiniz, istənilən halda, hər bir ölkənin öz spesifik cəhətləri var. Azərbaycanda həmişə kombinasiyalı, texnikalı futbolu seviblər. Azarkeşlərin, mütəxəssislərin belə oyun xoşuna gəlib. Aydın məsələdi ki, "Neftçi"yə indi nəticə vacibdi. Digər tərəfdən, hamı məzmunlu, gözəl oyun görmək, bundan zövq almaq istəyir. Azərbaycanda insanlar futbolu bilirlər. Ola bilər ki, Bordinin gəlişindən sonra "Neftçi"nin oyunu bir az dəyişilib. 

 

- İndi daha çox belə müzakirə gedir ki, Bordin bir italyan mütəxəssis olaraq "Neftçi"ni daha çox müdafiə futbolu oynadır...

- Bir daha qeyd edirəm ki, hər yerin özünəməxsus cəhətləri var. Bordinin burda işinin ilk ilində "Neftçi" nəticə verə bilər. Ancaq sonradan istənilən halda, gözəl, baxımlı futbol vacib olacaq. Azərbycanda oynayan futbolçu kimi bilirəm ki, azarkeşlər bunu həmişə istəyiblər. Onlar üçün əsas izlədiyikləri oyundan zövq almaqdı. Kombinasiyalı futbol görmək istəyirlər. Məhz bu gözəlliyə görə Azərbaycanda futbolu sevirlər.

 

- Hansı proqnozu verərdiniz: "Neftçi" çempion olacaq, yoxsa "Qarabağ"?

- (gülür) Heç bir proqnoz vermək istəmirəm. Tam səmimi deyirəm, məndən proqnoz verən çıxmaz. Bunu həmişə söyləmişəm. Hətta məndən Moldova çempionatında turla bağlı proqnoz soruşanda, çalışıram bundan yayınım. Çünki dediyim hesablar düz çıxmır. Deyəcəm nəticəni, bunun tam əksi olacaq. 

 

- "Şerif"in əvəzedicio komandasına göndərdiyi belçikalı hücumçu Ziquy Badibanqa var ki, qış fasiləsində "Neftçi"nin maraq dairəsində olduğu deyilirdi. Moldovada bu haqda nə danışırlar? Badibanqanın Bakı klubuna keçidi niyə baş tutmadı?

- Burda həmin mövzuyla bağlı az danışırlar. Badibanqanı tanıyıram, oyununu görmüşəm, xoşuma gəlib. Yaxşı futbolçudu. Hesab edirəm ki, Badibanqa Azərbaycan çempionatında da aparıcı fiqur olardı. Cəld, texnikalı, komandanın oyununu gücləndirən hücumçudu. Ancaq deyə bilmərəm ki, niyə "Neftçi"yə keçə bilmədi. Çünki nüansları bilmirəm. 

 

- "Neftçi" son klubu "Şerif" olan digər futbolçunu transfer edə bildi. Bu, Moldova yığmasında da uzun illər oynamış Petr Rakudu. Sizə yaxşı tanış olan bu futbolçunun keçidini necə dəyərləndirərdiniz?

- Petrunu yaxşı tanıyıram. Hətta vaxtilə Moldova millisində bir yerdə çıxış etmişik. Ona ilk növbədə uğurlar arzulayıram. Arzu edirəm ki, Rakuda "Neftçi"də hər şey alınsın. Futbolçuya yeni komandada ilk vaxtlar həmişə çətindi. "Neftçi"yə gəldiyim ilk vaxtları xatırlayıram, onda da mənə asan deyildi. İlk yarım il həmişə çətin olur. Düşünürəm ki, Petrin bərkə-boşa düşməyə heç vaxtı olmayacaq, dərhal özünü göstərməli olacaq. Bu işdə ona uğurlar diləyirəm.  

 

- Ümumiyyətlə, Raku necə müdafiəçidi?

- "Yapışqan" müdafiəçidi. Arxa xətdə etibarlı çıxış edir. Birinci ötürməylə hücumu yaxşı başlaya bilir. Bordin onu yaxşı tanıyır, müdafiəsində necə oynatmaq lazım olduğunu bilir. Rakunun əsas üstünlüyü universal olmasıdı. Müdafiənin cinahlarında, mərkəzində, dayaq yarımmüdafiəçisi kimi oynamağı bacarır. Hətta yadımdadı, "Milsami"də onu hücumçu oynadıblar və burda da fərqlənməyi bacarıb. 

 

- Maraqlıdı ki, "Neftçi"də ilk moldovalı futbolçu siz olmusunuz və bundan 14 il sonra bu komandada yenidən həmyerliniz çıxış edəcək...

- Bu, mənim üçün xoş oldu. Doğrudan da maraqlı faktdı. Deməli, bu qədər uzun müddət "Neftçi"də moldovalı futbolçu yox imiş. Arzu edirəm ki, Raku da "Neftçi"də uğurlu karyera yaşasın. 

 

MEHMAN SÜLEYMANOV

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB