TOP 10

Urbonas Sport24.az-a "Qarabağ"a "lakmus parçası" kimi qiymət verdi: "Millinizlə yoldaşlıq görüşündə bizə nəticə də vacib olacaq..."

Futbol
Tarix: 2019-02-20 12:30

Onunla şəxsən tanış olmaq imkanım olub. Düz 10 il öncə "Bakı"yla Litvaya həmkarlarımla birgə səfərimiz zamanı rəqib komandanın - "Ekranas"ın baş məşqçisi idi. Yenə rəqibimiz də olacaq. Ancaq bu dəfə Litva millisinin yeni baş məşqçisi kimi. Bəli, Valdas Urbonasdan bəhs edirəm. İnşallah, yenə görüşmək imkanımız olacaq. Ancaq bu dəfə Panevejisdə yox, Bakıda. Axı, litvalılar millimizlə martın 25-də "Bakcell Arena"da yoldaşlıq görüşü keçirəcək. Məhz bu matçla bağlı Urbonasla əlaqə saxladım. "Whatsap"la zəngdə fotomu görən 52 yaşlı litvalı mütəxəssis özümü təqdim edərək, onu həm uzaq keçmişə apardım, həm yaxın gələcəkdən söhbət açdıq. 

 

- Şəkliniz mənə tanış gəldi. Yadımdadı, o vaxt Azərbaycandan xeyli jurnalist oyunumuza gəlmişdi. Hətta matçöncəsi meydançanın kənarında sizlər üçün brifinq keçirdim. Mənə təəccübləndirdi ki, sizdən bu qədər çox media işçisi gəlmişdi. Maçta marağınız böyük idi. Deyəsən, "Bakı"dakı həmkarımın soyadı Hacıyevski idi.

 

- Bəli, makedoniyalı mütəxəssis Qyoko Hacıyevski...

- Həmin vaxtı gözəl xatırlayıram. Vaxt sürətlə uçur. Yenidən Bakıya gəlməli olacam. Ancaq bu dəfə Litva millisinin baş məşqçisi kimi. 

 

- Millilərin matçının keçirilməsi ilə bağlı xəbəri necə qarşıladınız?

- Yoldaşlıq görüşü olsa da, beynəlxalq səviyyəli matçdı. Ən əsası, milli komandalar səviyyəsində qarşılaşmadı. İki ölkənin əsas yığmasının görüşüdü. Ona görə aydındı ki, maraqlı oyun olacaq. Bizim üçün yoldaşlıq görüşü keçirmək vacib idi. Hesab edirəm ki, Azərbaycan yığması yaxşı sparrinq rəqibdi. Azərbaycan futboluna hörmət bəsləyirəm. Bilirəm ki, futbolunuzun inkişafı üçün az güc sərf etmirsiniz və bu müddətdə irəliləyişə nail olmusunuz. Bakıya qonaq gələrək yenidən matç keçirmək mənə xoş olacaq. Böyük məmnuniyyətlə Azərbaycana gələcəm.

 

- Niyə məhz Azərbaycan millisi?

- Detallara o qədər də varmıram. Baş məşqçiyəm və rəqib seçmirəm. Bunu federasiyada edən müvafiq şəxslər var. Mənə deyəndə ki, Azərbaycan yığmasıyla yoldaşlıq görüşü keçirmək variantı var, bunna dərhal razılığımı verdim. Niyə də olmasın? Bizə martın 25-də mütləq yoldaşlıq görüşü keçirmək lazım idi. Çünki martın 22-də növbəti seçmə mərhələyə Lüksemburq yığmasıyla səfər matçıyla başlayacağıq. Ordan da birbaşa Azərbaycana gələcəyik. Bu matç mənim üçün bir baş məşqçi olaraq da vacibdi. Əlbəttə, debütüm rəsmi matç olacaq və bundan sonrakı qarşılaşma yoldaşlıq görüşüdü. Prinsipcə, bunun fərqi yoxdu. Mənim üçün yığmamızla yoldaşlıq görüşü də çox vacibdi. Çünki çox futbolçuya baxa bilərəm və bu, sparrinq mənim üçün yerinə düşdü. Bundan razıyam və nəticədən asılı olmayaraq sınaq matçının özünə böyük önəm verirəm. 

 

-  "Bakı"yla matçlar və paytaxtınız yadınızda necə qalıb?

- Əlbəttə, bu, klub səviyyəsində beynəlxalq qarşılaşma idi. Yadımdadır ki, "Bakı" güclü rəqib idi. Yaxşı, maraqlı mübarizə alındı, çoxlu qol oldu. "Bakı" bizi keçdi və adını tarixə yazdırdı. Ancaq bildiyimə görə, hazırda nə o klub var, nə də bu. Təəssüf ki, dünya futbol xəritəsində daha nə "Bakı" var, nə də "Ekranas".

 

- "Ekranas" niyə dağıldı? Onda da "Bakı" kimi maliyyə problemi oldu?

- Bəli, həmin problemdi. "Bakı"nın nə vaxt dağıldığını bilmirəm, ancaq "Ekranas" 2015-ci ildə fəaliyyətini dayandırıb. Digər tərəfdən, Bakını bir şəhər kimi xoş xatırlayıram. Hələ o vaxt gələndə, çoxlu inşaat gedir, hündür binalar tikilirdi. Bu, hər yerdə hiss olunurdu, paytaxtınızı gəzdikcə görülən işlərə şahid olmuşdum. Həmin vaxtdan bu yana Bakıya gəlmək imkanım olmamışdı. Fikrimcə, paytaxtınız xeyli dəyişib. Bilirəm ki, daha da gözəlləşib. Ona görə müasir Bakıda olmaq baxımından da maraqlı səfər olacaq. 

 

- Ancaq bu dəfə mərkəzi arenamız olan Respublika stadionda yox, "Bakcell Arena"da oynayacaqsınız...

- Bu haqda məlumatım var. Bəzən çempionatınızın matçlarını izləyirəm. Bilirəm ki, həmin stadion hazırda "Neftçi"nin arenasıdı. Yaxşı, rahat, kompakt stadiona bənzəyir. Ola bilər ki, böyük azarkeş tutumuna malik deyil. Yəqin ki, təbii ot örtüyüdü, elədi?

 

- Elədi...

- Əla. Düşünürəm ki, bizi yenə də qonaqpərvərliklə qəbul edəcəksiniz. Bu planda rahatam. Yenidən Azərbaycanın qonağı olacağıma görə şadam. 

 

- Bu 10 ildə Azərbaycan futbolunu, millimizi izləyə bilmisiniz?

- Xüsusi diqqət yetirməmişəm. Sualınıza belə tez cavab verməliyimsə, onu deyə bilərəm ki, "Qarabağ" son illərdə daim avrokuboklarda qrupda çıxış edir. Bu, Azərbaycan futbolunun hazırkı səviyyəsini, stabilliyini göstərir. Görünür ki, bu klub sabit nəticə göstərir və bütün futbolunuz üçün "lakmus parçası"dı. Onu da xatırlayıram ki, "Bakı" Çempionlar Liqasında 3-cü mərhələyə çıxan ilk Azərbaycan klubu olmuşdu. Təbii ki, yaddaşım məni yanıltmırsa. 

 

- Yanıltmır. Belə görünür ki, yaddaşınız yaxşıdı...

- Görürsünüz, siz indi qrupdasınız, "planka"nı belə yüksək qaldırmısınız. Ancaq milli komandanız haqda çox şey deyə bilmərəm.

 

- Millimizin ötən il Millətlər Liqasında matçlarını görməmisiniz?

- Yox. Azərbaycan yığmasına hörmət edirəm və istənilən halda, oyun üslubunuz, əzmkarlığınız, texnikanız qalır. Bu, Azərbaycan futbolunun stilidi və həmişə futbolunuzun siması olub. Təbii ki, yoldaşlıq görüşündən öncə millinizin Xorvatiya yığmasıyla səfərdəki rəsmi matçını izləyərək təhlil edəcəyik. Hər rəqibə hörmətə yanaşırıq və ciddi hazırlaşaraq oyuna tam hazır çıxmağa çalışırıq. 

 

- Millimizdən hansısa futbolçunu tanıyırsınız?

- İndi yox. Təəssüf ki, belədi, hazırda məqamda ad-soyad çəkə bilmərəm. "Bakı"da çoxlu legioner çıxış edirdi. Onlardan biri olan braziliyalı hücumçu Feliks (Feliks Felipe Almeyda-müəllif.) daha çox yadımda qalıb. Bizə 2 oyuna 3 qol vurmuşdu, özünü ən yaxşı tərəfdən göstərmişdi. Ümumiyyətlə, "Bakı" maraqlı oyunuyla, səviyyəli baş məşqçisi ilə yaxşı komanda idi. Çox xoşuma gəlmişdi. 

 

- Millimizdə baş məşqçi dəyişikliyi olub. Uzun illər Slaven Biliçin köməkçisi olmuş Nikola Yurçeviçin təyinatınızdan xəbəriniz olar...

- Bəli. Ancaq bundan artıq informasiyam yoxdu. Hər halda, oyunadək bu haqda da məlumat toplayacam.

 

- Xorvat həmkarınız kimi sizin də millinin baş məşqçi postuna təyinatınız bu ayın əvvəlində olub. Hərçənd, bunadək Litvada daim klublarda çalışmısınız. İndisə daha məsulliyyətli işin altına girmisiniz...

- Bəli, məşqçilik karyeramda yeni mərhələ başlayır. İllərlə klub səviyyəsində çalışdım və bu, mənə bir məşqçi kimi böyük təcrübə qazandırdı. Ona görə millidən gələn təklifi böyük məmnuniyyətlə qəbul etdim. Fikrimcə, milli komandanın baş məşqçisi olmaq hər bir mütəxəssis üçün böyük şərəfdi. 

 

- Qarşınıza hansı vəzifə qoyulub? Millinizin Bakının da qəbul edəcəyi AVRO-2020-nin final mərhələsinə çıxmağı nə dərəcədə real sayırsınız?

- Qarşımıza yerinə yetirə bilməyəcək vəzifə qoymuruq ki, qrupdan çıxacağıq. Belə şüarlarla çıxış etmirəm. Çalışacağıq ki, hər matça maksimal konsentrasiyalı yanaşaq, pozitiv nəticə üçün vuruşaq. 

 

- Millimizlə yoldaşlıq görüşündə əsas nəticə olacaq, yoxsa futboluları yoxlamaq?

- Bunların hamısı vəhdətdi. Həm nəticə vacibdi, həm də futbolçuları iş başında görərək yaxşı futbol nümayiş etdirmək. Ona görə də hesab edirəm ki, yığma səviyyəsində bunların hamısı bir-biriylə bağlıdı.   

 

- Premyer Liqamızda yeganə litvalı futbolçu var ki, o, sizə yaxşı tanışdı. Söhbət bir vaxtlar "Ekranas"da rəhbərliyi altında oynamış, hazırda isə "Keşlə"də çıxış edən Edvinas Girdvainisdən gedir. Bu müdafiəçi millimizlə çatçda iştirak etməyi çox istəyir. Onu qarşıdakı oyunlara çağıracaqsınız?

- Yekun siyahı hələ hazır deyil. Ancaq milliyə namizədlərdən ibarət olan geniş siyahıya baxıram. Edvinas da bu namizədlərdən biri kimi siyahımızda yer alıb. Sonda necə olacağını zaman göstərəcək. Vaxtı gələndə qərar verəcəyik. Prinsipcə, sevinirəm ki, futbolçu özünə karyera düzəldir, Azərbaycanda legioner həyatı yaşayır. Edvinasa görə şadam. 

 

- Azərbaycan millisiylə oyunadək Girdvainislə əlaqə saxlayaraq rəqib haqda məlumat toplamaq fikrindəsiniz? Hər halad, futbolumuzun, millimizin hazırkı durumunu daha yaxşı bilir...

- Buna baxarıq. İnformasiya almaq üçün təkcə onunla yox, çox adamla əlaqə saxlamaq olar. Bizə lazım olan mənbələri tapacağıq.

 

- Heyəti nə vaxt açıqlayacaqsınız?

- Martın ortalarında. 

 

 

MEHMAN SÜLEYMANOV

22 Iyul 2019
21 Iyul 2019
B.eÇ.aÇC.aCŞB