TOP 10

Yenə 2-ci dəqiqə, tarixə düşən Xulio və "Neftçi" "Qarabağ"a çatdı

Futbol
Tarix: 2019-02-13 00:00

Premyer Liqada son tura yekun vuran matç erkən qolun vurulmasıyla yadda qaldı. "Zirə"nin qış transferi olan Xulio Sezar Rodriges "Səbail"lə "Bayıl Arena"dakı matçın artıq 2-ci dəqiqəsində hesabı açıb. 

 

Maraqlıdı ki, bu çempionatda ən tez qollar məhz 2-ci dəqiqədə vurulur və artıq 5-ci dəfə belə göstərici qeydə alınır. Əvvəlki qollar daha çox "Zirə"nin qarşılaşmalarında olub. Belə ki, bir dəfə bu komandanın futbolçusu Mirsahib Abbasov fərqlənibsə, Marko Deviçlə ("Sabah") Adil Nağıyev ("Zirə", avtoqol) "qartallar"ın qapısına yol tapıblar. Mirsahibin kiçik qardaşı, "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov "Keşlə"ni 2-ci dəqiqədə məyus edib.

 

Rodrigesə Azərbaycanda qol hesabını açması üçün 2-ci oyun, əsas heyətdə meydanda çıxdığı ilk qarşılaşma bəs edib. O, 1992-ci ildən keçirilən milli çempionatımızda çıxış edən 2-ci venesuelalı futbolçu olub. Bunadək ölkəsinin təmsilçisi "Neftçi"də çıxış edən yarımmüdafiəçi Edson Katsilyo olub. Ancaq 24 yaşlı bu yarımmüdafiəçiyə 2016/17 mövsümündə çıxış etdiyi 20 matçda qol vurmaq nəsib olmayıb. Deməli, Xulio ölkəmizdə legioner həyatı yaşayan venesuelalı futbolçular arasında ilk qol vuran olub. 

 

Qış fasiləsindən ilk dubla "Neftçi"nin kapitanı Emin Mahmudov imza atıb. Bu, 27 yaşlı yarımmüdafiəçinin "ağ-qaralar"la bağlı olan Azərbaycan karyerasında ilk dublu kimi tarixə düşüb. Emin cari çempionatdakı dublların sayı 14-də çatdırıb. "Neftçi" isə bu göstəricidə vahid liderə "Qarabağ"şərik olub. Hər iki komanda hərəyə 3, "Səbail" və "Zirə"də hərəyə 2 dubla imza atıb. "Sabah", "Qəbələ", "Sumqayıt" və "Keşlə" hərəyə 1 dəfə bunu reallaşdırıb.

 

Dubllarda yerli və əcnəbilər arasında mütənasiblik hələ də ikincilərin xeyrinədi. Belə ki, gəlmələr dubllarının çoxunun - 9-nun müəllifidi. Hər halda, Mahmudov bu fərqi bir qədər də azalıb. Digər yerli futbolçulardan Mahir Mədətov, Mirsahib Abbasov, Şəhriyar Əliyev və Amil Yunanov dubl müəllifidi. Ümumilikdə isə 14 dublu 14 futbolçu gerçəkləşdirib. 

 

Yalnız 1 oyunda 2 dubl qeydə alınıb ki, bu, məhz "Neftçi"ylə bağlıdı. Bu, VI turda “Neftçi” – “Səbail” (4:0) qarşılaşmasında Dario Federiko (7, 42) və Baqali Dabo (25, 70) ilə reallaşıb. Emin isə dublunu 33 dəqiqəyə (35 və 68-ci dəqiqələrdə) gerçəkləşdirməklə komandasında buna ən erkən nail olub. 

 

Bu turdan sonra da lider "Neftçi" ilə ən yaxın izləyicisi "Qarabağ" arasında 3 xallıq fərqi qalsa da, 3-cü yer uğrunda mübarizə gərginləşir. Belə ki, "Sabah"ı "Əlincə Arena"da məğlub etməklə 4-cü pilləni onun əlindən alan "Qəbələ" 3-cü yerə də iddiasını göstərdi. Hər halda, "Səbail" uduzmaqla bu komandayla xal fərqinin minimuma enməsinə gətirib çıxardı. Yeri gəlmişkən, "Qəbələ" "Sabah"ı kubokda olduğu kimi bu dəfə də - ardıcıl 3-cü dəfə 1:0 hesabıyla məğlub edib. Ümumiyyətlə, bu komandalar arasında qarşılaşmalarda məhz bu hesab populyardı. Təsadüfi deyil ki, 5 görüşün 4-ü 1 cavabsız qolla yekunlaşıb. Daha bir dəfə isə "Sabah" "Qəbələ" üzərində bu hesablı qələbəyə sevinib. 

 

Turnir cədvəlinin aşağısında da 3 pillənin sahibləri arasında xal fərqi azalır. "Sumqayıt"la "Keşlə" qış fasiləsindən sonra qol da vura bilməyərək hər 2 matçlarını uduzub. "Zirə isə bu turda qələbə qazanmaqla son pilləni "Keşlə"yə təhvil verib, 6-ci yerdə gedən "Sumqayıt"dan isə indi cəmi 2 xal geri qalır. Yəni, məntiqlə növbəti turda yerdəyişmə mümkündü.  

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB