TOP 10

Yurçeviç AVRO-2020-yə vəsiqəyə köklənib: "Mənim də motivasiyam yetərincədi"

Futbol
Tarix: 2019-02-12 12:02

Bakı Olimpiya Stadionunda milli komandanın baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib. Sport24.az tədbirdən mətn reportajı apardı. İlk olaraq Yurçeviç təyinatı ilə bağlı təəssüratlarını bölüşüb.

- Çoxsaylı jurnalist görürəm və bu, millinin necə əhəməyyətli olduğunu göstərir. Mənim də motivasiyam yetərincədi. İnanıram ki, daim sıx əlaqədə olacağıq. Çox nikbinəm.

 

- Pozitiv olduğunuzu bildirdiniz. Uğurlu nəticə nəyi sayırsınız?
- Xorvatiya FİFA reytinqində 4-cüdü. Amma biz çalışmalıyıq ki, AÇ-yə vəsiqə əldə edək. Slovakiya, Macarıstan kimi rəqiblərlə qarşılaşacağıq.

 

- Azərbaycan çempionatının bir neçə oyununu izləmisiniz. Hansı təəssüratlar yaranıb?
- Bəli, ötən həftə "Sumqayıt" - "Qarabağ" və "Neftçi" - "Keşlə" matçını izlədim. Evdən də "Neftçi" - "Qarabağ" görüşünü izləmişəm. Xüsusilə, son qeyd etdiyim görüşü bəyəndim.

 

- Hansı yenilikləri gətirməyi düşünürsünüz və millidə qapıçı kimi hansı əlcək sahibini görürsünüz?
- Bundan əvvəlki seçmə oyunları izləmişəm. Bir sıra matçları çox bəyənmişəm. Düzgün konsentrasiya ilə istəyimizə çata bilərik. Qapıçı barədə 2-3 həftəyə qərar verəcəm. Mənim üçün çox vacibdir ki, milli forma geyinən oyunçular 90 dəqiqə ərzində mübarizə aparsınlar.
 

 

- Bir aydan azacıq çox vaxt qalıb. Bu zaman kəsiyi millini istədiyiniz kimi formalaşdırmağa yetəcəkmi?
- Xorvatiyaya qarşı martın 21-də gərgin oyunumuz olacaq. Təqribən 20-yə yaxın oyunçu kitabçamda qeyd olunub. Tam olaraq bütün yerli oyunçular haqda informasiya toplamışam. Milliyə namizədlər barədə yerli futbolçular haqda tam məlumatım var. Qalan zaman kəsiyində isə ölkə xaricində çıxış edən futbolçular barədə məlumat toplayacam.


- Köməkçiləriniz arasında azərbaycanlı mütəxəssislər olacaqmı?
- Bir köməkçim Xorvatiyadan olacaq. İkisi isə Azərbaycandan. Xorvatiyalı köməkçim yalnız oyundan-oyuna gələcək. Söhbət Tokiçdən gedir. Yerli mütəxəssislərlə bağlı Assosiasiya rəsmiləri ilə görüşdən sonra qərar verəcəm. 
 

- Robert Prosineçki barənizdə xeyli xoş söz deyib. Onunla Azərbaycan barədə fikir mübadiləniz olubmu?
- Onunla 30 ildən artıqdı tanışıq. Ondan da, köməkçisindən də yetərincə informasiya almışam. Yalnız pozitiv sözlər eşitmişəm.

 

- Millimizin fiziki hazırlığı axsayır. Xüsusilə, 4 gündə 2 oyun keçirəndə futbolçularımız çatdırmır...
- Bəli, bundan məlumatlıyam. Çalışacam bu problemi aradan qaldırım.

 

- Federasiya qarşısınıza hansı məqsəd qoyub?
- Oyundan oyuna artırmaq. Qrup mərhələsində yaxşı çıxış edib, AÇ-yə vəsiqə qazanmağa çalışacağıq. Qitə çempionatına çıxmaq çox çətindi.

 

- Martın 21-dək neçə təlim-məşq toplanışı keçməyi planlaşdırırsınız? Tarixlər məlumdurmu? Həmin toplanışlar Azərbaycanda, yoxsa ölkə xaricində baş tutacaq?
- Bakıda keçirməyi planlaşdırırıq. Ancaq tarixi deyə bilmərəm. Çünki Premyer Liqanın təqviminə baxmalıyam.

 

- Müqavilə şərtlərini açıqlaya bilərsiniz? Qurban Qurbanovla görüşmüsünüzmü?
- Qurbanovu yaxşı tanıyıram. Onun futbolçu kimi də, məşqçi kimi də işlərinə bələdəm. Hələ ki görüşməyə vaxtım olmayıb. O ki qaldı müqavilə şərtlərinə, cəmi 5 dəqiqəlik söhbətimiz olub. Yəqin ki, bir həftəyə daha səlis informasiya verə bilərəm. 

 

Məsələylə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bunları söylədi: "Müqavilə imzalandıqdan sonra rəsmi açıqlama veriləcək".

 

- Burda Prosineçkiylə bağlı xeyli paralellər aparıldı. O da daim start heyətini əvvəlcədən açıqlayırdı...
- Yüz faiz əmin olanda 1 gün öncədən start heyətini açıqlayacam.

 

- Övladlarınızı, xanımınızı bura gətirəcəksiniz?
- Həyat yoldaşım burda mənimlə yaşayacaq. Qızlarım isə Zaqrebdə təhsillərini davam etdirəcəklər. Ayda bir dəfə Bakıya səfər edəcəklər.

 

- Hansı oyun fəlsəfəsinə üstünlük verəcəksiniz?
- Hücuma meylli futbolu bəyənirəm və üstünlük verirəm. Ancaq rəqiblərə uyğun olaraq taktika dəyişə bilər. Əsas konsentrasiyadı ki, 90 dəqiqə ərzində itirilməməlidi. Əlbəttə ki, Xorvatiya ilə səfər və Macarıstanla ev matçlarına taktika fərqli olacaq.
 

 

CEYHUN ƏLİYEV

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB