TOP 10

Məlikov qalxan adrenalindən danışdı: "Bunu gizlətmək bizə yaraşmaz, Rəşad Sadıqov dedi ki, mən də belə edərdim"

Futbol
Tarix: 2019-02-11 18:00

O, karyerasında çıxış etdiyi çoxsaylı klublarda gərgin matçların iştirakçısı az olmayıb. Premyer Liqamızda son tur da bunlar sırasında idi. "Qarabağ"la "Kapital Bank Arena"dakı qarşılaşmaları kuryoz, böyük mübahisəyə səbəb olan epizodla da yadda qaldı ki, bu zaman əsas diqqət mərkəzində olanlardan biri idi. Bəli, "Sumqayıt"ın Rail Məlikovdan bəhs edirik. Təcrübəli müdafiəçi Sport24.az-a müsahibəsində maraqlı məqamlara toxundu. 

 

- "Qarabağ"a evdə 0:2 hesabıyla uduzduğunuz matça necə hazırlaşmışdınız? Xal qazanmağınıza nə imkan vermədi?
- İtkilərimiz vardı. Mən özüm də tam hazır deyildim. Soyuqdəyməm vardı. İnşallah, növbəti oyunadək tam sağalaraq yüz faiz hazır olaram. Özünüz də bilirsiniz ki, qripin maksimum bir həftə zamanı var. İynə-dərmanın xeyri yoxdu. həqiqətən vaxtı var. Ancaq oyunuma baxan səhhətimdə problemin olduğunu deməzdi. Üç gün məşq edirdim. Həkimlər sağ olsun, matçadək iynəylə məni bərpa etdilər. Heç büruzə vermədim, öz gücümdən aşağı səviyyədə oynamadım. Qarşılaşma elə gərgin idi ki, heç halsızlıq insanın yadıa düşmürdü. Adrenalin qalxmışdı. 

 

- Həqiqətən belə idi. Səncə, adrenalinin qalxması Sumqayıtda güclü azarkeş dsətəyi qarşısında oynadığınıza, yoxsa rəqibin "Qarabağ" olmasına görə idi?
- Birincisi, ev matçlarımızda adrenalin çox olur. İkincisi də əsas adrenalin ikinci hissə oldu. İlk hissədə komandamızdan əsər-əlamət yox idi, bir az gərginlik, sıxıntılıq vardı. Ancaq baş məşqçimzin fasilədə təlimatlarından sonra ikinci hissə öz oyunumuzu ortaya qoyduq. Həm azarkeşlər, həm də doğma divar həmişə adrenalini artırır. Sumqayıtda oynadığımızda fanatlarımızın güclü dəstəyi həmişə belə olur. Baxmayaraq ki rəqib "Qarabağ"dı. Düzdür, o, hazırda "1 nömrə"li komandadı və hamı ona qarşı xüsusi hazrlaşır. Əlbəttə, rəqib "Qarabağ" olduğuna görə stadiona çox adam gəlir, azarkeşlər daha canfəşanlıq edir. Hər bir amil rol oynayır. Xüsusilə də azarkeşlərimiz.

 

- Yeri gəlmişkən, "Qarabağ"ı, yoxsa uzun müddətdi lider olan, kubokdan kənarlaşdırdığını "Neftçi"ni daha güclü sayırsan?
- Keçən mövsüm "Qarabağ" lider idi, onu kubokda 1/4 finalda mübarizədən kənarlaşdırdıq. İndi "Neftçi" liderdi, onu da bu mərhələdə keçdik. "Qarabağ" "oturuşmuş" komanda olduğundan indiki məqamda oyun üslubu daha yüksəkdi, nəinki "Neftçi"nin. Düzdür, bu komandanı da aşağılamaq olmaz, hazırda yaxşı formadadı. Ancaq bir az üstünlük "Qarabağ"da görürəm. Fərqli oyun nümayiş etdirirlər. Kiməsə yaxşı, kiməsə pis deyə bilmərəm. Ancaq hal-hazırda "Qarabağ" "Neftçi"dən üstündü. 

 

- Matçın ən diqqətçəkən anı buraxdığınız ilk qolda oldu. Topun tordan çölə çıxmasına görə baş hakim Orxan Məmmədov qolu sayıb-saymamaqda tərəddüd edirdi. Həmin epizodda əsas diqqət mərkəzində olan futbolçu kimi düşüncələrin maraqlıdı...
- Qol olan zamanı futbolçularımıza hirslənirəm ki, zərbəyə niyə imkan verildi. Qoldu, hamı görür. Sadəcə, baş hakim tərəddüd edir və gedir yan xət hakimindən öyrənməyə. O anda hirsimdən heç fikir vermirdim ki, nə söhbət gedir. Başa düşmürdüm niyə hay-küy düşüb, elə bilirdim ki, kiməsə sarı vərəqə verilib. Sonra rəqibin bir neçə futbolçusu, hətta qapıçısı (Vaqner Silva) gəldi yanıma ki, qoldu. Mən də topu qapıçımız Rəşad Əzizlidən alaraq mərkəzə vurdum ki, qoldu, istəyirdim ki, vaxt uzanmasın. Çünki təmiz qoldu, bunu durub gizlətmək düzgün çıxmır. Gizlətdik, 0:0-dan başladıq, qapıdan zərbəylə oyunu davam etdirdik. Sonra kameralara düşəcək, birinci hakimə, ikinci özümüzə, "Sumqayıt" klubuna - mən də bu komandanın bir üzvü olaraq - sığışdarmarıq ki, kiminsə halal qolunu saymayaq. Bu, bizə yaraşmaz. 

 

- Vəziyyətin aydınlaşmasında sənin də köməkliyin oldu...
- Köməkliyim deyəndə ki, referilər qərar verərkən onlardan uzaqda idim. Elə bilirdim ki, kiməsə "sarı" verib, ona görə qırğın düşüb. Topu mərkəzə vuraraq "qol" deyə qışqırdım. Yanımda Riçard Almeyda və rəqibin başqa futbolçuları vardı. Dəqiq deyə bilmərəm ki, əsas səbəbkar mən idim. Topu mərkəzə vurmağıma görə belə nəticə çıxarıblar. 

 

- "Qarabağ" hərəkətinə biganə qalmayaraq rəsmi "Facebook" səhifəsi vasitəsilə sənə təşəkkür edib....
- Sizdən öyrəndim, sağ olsunlar. İnanırdım ki, belə bir şey "Qarabağ"ın qapısında olsaydı, onlar da həmin şeyi edərdilər. Məsələn, Bədavi Hüseynov, Rəşad Sadıqov belə edərdi, çünki müdafiəçilər qapıya daha yaxındı. Əlbəttə, Rəşad komandasının ən təcrübəli futbolçusudu, kapitanıdı. Mən deyəndə ki, qoldu, Sadıqov mərkəzdə olanda dedi ki, bizdə də olsaydı, onun hesaba alınmasına səy göstərərdim, problem yoxdu. Başqa cür düzgün çıxmaz, bizə yaraşmaz. Əlbəttə, kim ki əziyyət çəkib qol vurur, onu gizlətmək düzgün olmaz. Belə gözəl oyuna belə mənfi halın kölgə salmağını yaraşdıra bilməzdim. 

 

- Karyeranda legioner həyatı da yaşamısan. Maraqlıdı, “Dənizlispor”da və ya Azərbaycanda iştirakçısı olduğun qarşılaşmalarda belə kuryoz halla rastlaşmısan?
- Türkiyədə olmayıb. Olubsa, bizdə lap əvvəl – keçid dövründə olub. Onda “setka”lar köhnəlirdi, belə şeylər olurdu. Bağlayırdılar, zərbə vuranda deşib keçirdi. Ancaq görünürdü ki, qoldu. Bizdəki qapılarda torlar isə ən təzədi. Beləsini qoydular ki. stadionda yenidənqurmadan sonra lap qəşəng görünsün. Bizim epizodda top “setka”nı cırıb keçmir, sadəcə, torun kvadrat deşikləri iridi və güclü zərbə olandan sonra top istər-istəməz deşikdən keçir. Rəqibin futbolçuların gəlib torda deşik axtarırdılar ki, hardan necə keçə bilər. Ancaq bu, “setkanı”nın toxunmasından irəli gələn şeydi.

 

- İkinci qolda da komanda yoldaşlarına narazılığını bildirirsən. Niyə belə yüngül qollar buraxırsınız?
- Düzdü, iki turdu belə olur. Qəbələdə də uzaqdan zərbəylə qapıdan top buraxdıq. İkinci qolda baş məşqçimiz hərəyə bir oyunçu tapşırmışdı. Hərənin öz oyunçusuna cavabdehliyi olur. Səhv komandanındı, bir-birimizi də sığortalaya bilərdik. Belə götürəndə, Bədavi mənim futbolçum deyildi. Qapına qol vururlar, adama pis təsir edir. Ancaq kimisə günahlandrımaq olmaz. Qolu komanda buraxır. Yüngül qollara görə hamı əsəbiləşir, hamı pis olur. O qol olmasaydı, irəli nə qədər vaxt vardı, hesabı bərabərləşdirmək olardı. Oyundan görünürdü ki, kəskin, sürətli hücumlara başlamışıq, komanda başqa futbol nümayiş etdirirdi. Yəni, hər şey gözləmək olardı. Ancaq ikinci qol bizi "sındırdı". İnşallah, bunları analiz edərək bir daha belə səhvlərə yol verməməyə çalışacağıq. 

 

- Mövsümün ilk yarısında qapıçınız Mehdi Cənnətov idi. Qış fasiləsindən sonra isə “çərçivə”nizi Rəşad Əzizli qoruyur. Təcrübəli futbolçu kimi necə düşünürsən, son 2 turda məğlubiyyətlərinizdə Rəşadın rolu oldumu?
- Bu işə qarışmaq istəmirəm. Komandanın qapıçılarla işləyən məşqçisi və baş məşqçisi var. Onlar qərar verirlər ki, qapıda kim dayansın. Hər oyunun öz taktiki gedişi olur. Elə qarşılaşma olur ki, heyətdə dəyişikliklər edilir. Bu, komandanın xeyrinədi. Məsələn, götürək özümü. Çempionatda “Səbail”ə 1:0 hesabıyla qalib gəldiyimiz matçda oynadım, sonrakı turda “Neftçi”ylə matçda isə əsas heyətdən kənarda qaldım. Ancaq baş məşqçi 5 dəqiqə qalmış məni meydana buraxdı və topu boş qapıdan çıxardım. Heyətlə bağlı düzgün qərarı məşqçilər verir. Rəşada da pis şey demək istəmirəm. Qəbələdəki oyunda qoladək neçə top çıxardı. Futbolda səhvlər olur, kimisi günahlandırmaq olmaz. Hər iki qapıçımız güclüdü. Kim ən güclüdürsə, sonda da o dayanacaq. 

 

- Ümumiyyətlə, qış fasiləsində yaxşı hazırlıq keçsəniz, transferləriniz olsa da ki, hələ ki xal da qazana bilməmisiniz, qol da vura. Bu uğursuzluq rəqiblərin güclü olmasına görədi, yoxsa..?
- Qəbələdəki oyunda xal qazana bilərdik, buna yaxın idik. İkinci qarşılaşmanı da xalla başa vurmaq istəyirdik, alınmadı. Bəli, bu uğursuzluqdu, ancaq ruhdan düşməyə əsas yoxdu. Komandamız əvvəlkinə baxanda indi elə ailədi ki, uduzanda daha yığcam, daha kompakt olur. Düzdür, nəticələrə görə üzücülük ola bilər, ancaq çox peşman olmuruq. Əksinə, toparlanırıq ki, xal qazanaraq itirilənləri kompensasiya edək, bu vəziyyətdən çıxaq. Məğlubiyyətlər bizi “sındırmamalıdı”.

 

 

 

MEHMAN SÜLEYMANOV
 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB