TOP 10

"Zirə"nin kapitanı bir amallarının olduğunu açıqladı: "Komandanı layiq olduğu yerlərə yüksəltməyə çalışırıq"

Futbol
Tarix: 2019-02-11 13:00

"Oyuna komanda şəklində yaxşı köklənmişdik. Bilirdik ki, qələbədən başqa heç bir nəticə bizi qane etməyəcək". Bunu Sport24.az-a açıqlamasında "Zirə"nin qapıçısı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

 

34 yaşlı qolkiper ötən tur evdə "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmaya da yaxşı kökləndiklərini vurğulayıb: "Buna baxmayaraq bəlkə də həddindən artıq matça köklənməyimiz bizi yandırdı. Azarkeşlərimizin önündə çempionata qələbə ilə start vermək istərdik. Alınmadı. "Səbail"lə oyunda isə daha diqqətli olduq və görüşə daha ciddi hazırlaşdıq. Bu matçda da səhvlərimizin olmasına baxmayaraq, oyundan-oyuna onları aradan qaldırmağa çalışacağıq".

 

Təcrübəli oyunçu "Səbail"in qol epizodlarından istifadə edə bilməməsinə də toxunub: "Hamısı futbolda olan şeylərdir. Qol epizodları yarana və top dirəyə də dəyə bilər. Birinci hissədə daha üstün idik. İkinci yarıda isə hesabda irəlidə olmağımız bir az ehtiyatlı davranmağımızla nəticələndi. Rəqib üçün təhlükəli qol epizodları yaratdıq. Bütün bunların hamısın analiz edəcəyik, inanıram ki, gələcək matçlarda bu səhvləri etməyəcəyik. Hazırda durumumuz elədir ki, qələbə də olanda o qədər də sevinə bilmirik. "Zirə"nin bundan öncəki illərdə layiq olduğu yerlər var idi, çalışırıq ki, komandanı həmin pillərə yüksəldək. Komandanın bütün üzvləri klubun uğurları üçün çalışır. Əlimizdən gəldiyi qədər yuxarı pillələrə qalxmaq istəyirik".

 

Bayramov qəsəbə təmsilçisinə yeni qoşulan hücumçuların çıxışlarını da dəyərləndirib: "Həmin hücumçular kollektivə yeni qoşulublar. Onların uyğunlaşması üçün müəyyən bir vaxt lazımdır. Xulio Rodrigez "Zirə"də keçirdiyi ikinci oyunda fərqləndi. Bu isə yaxşı göstəricidir. İnanıram ki, yaxın günlərdə tam olaraq kollektivə uyğunlaşarlar".

 

O, son olaraq Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: "Çempionatın liderinə qarşı öz meydanımızda oynayacağıq. Əlimizdən gələn qədər də mübarizə aparacağıq. Həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. "Neftçi" və ya digər komandaların olması bizim üçün fərq etmir. Bir amalımız var. Bizi qələbədən başqa heç bir şey qane etmir".

 

 

CEYHUN ƏLİYEV

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB