TOP 10

Örnək-nümunə: Rail kimi ol!

Futbol
Tarix: 2019-02-11 10:11

“Qarabağ” master-klass keçdi. “Neftçi” əsas rəqibi ilə fərqi qorumağı bacardı. “Qəbələ” qış fasiləsindən sonra ardıcıl ikinci qələbəsini qazandı. “Zirə” ədalətsiz qələbəyə sevindi. Bəli, bütün bunlar oldu, yaşandı və Sport24.az yaşananları stadiondan oxucularına çatdırdı. 

 

Ancaq XVI turda bir məqam da oldu ki, diqqətdən kənar qaldı. Karyerasının qürub çağını yaşayan Rail Məlikov bir futbolçu centlmenliyi nümunəsini ortaya qoydu. “Qarabağ”la matçda hesab açılmamışdı. Filip Ozobiçin zərbəsindən sonra top tora qovuşsa da, tor topu ağuşuna almadı. Ancaq Məlikov bir örnək oldu. Top qapıya daxil olub, çərçivəni tərk etmişdi. Baş hakim Orxan Məmmədov qolu qeyd etməməyə hazır idi. Ən azından tərəddüd içində idi...

 

Rail Məlikov bəlkə də karyerasının ən müdrik addımını atdı. İndi onilliklər ötəndən sonra da analoji addım atılanda “Rail kimi hərəkət etdi” deyiləcək...

 

O, gənc komanda yoldaşlarına da, rəqib düşərgədə yer alan futbolçulara da, ümumiyyətlə, futbola bağlı olan hər bir insana örnək olan addım atdı. Məlikov tək öz adına yox, “Sumqayıt” adına da başucalığı gətirən hərəkət etdi - Orxan Məmmədova “qol idi” deməklə.

 

Orasını deyə bilmərik, bu olay Avropaya da səs salacaq, ya yox. Ancaq əminik ki, belə bir hadisə Yunanıstanda, Polşada, Portuqaliyada, Almaniyada yaşansaydı, Avropada bəh-bəhlə tirajlanacaqdı... Azərbaycanda da nümunəvi addım kimi qələmə veriləcəkdi.

 

...Bəlkə də bu hadisənin yanından keçsəydik, bizə irad bildirən olmayacaqdı. Ancaq Sport24.az futbolun ətrafında neqativ olaylar axtarmaqla futbolsevərləri stadiondan iyrəndirmək məqsədi ilə yaradılmayıb. İnsanlar qəhrəmanlarını tanımalı, fəxrlə bu hadisədən bəhs etməlidir. Tanıyın qəhrəmanı - “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov!

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB