TOP 10

Polislər Elvin Yunuszadəni azarkeş sayıblar: "Amma bunu nəyə görəsə başqa cür qələmə veriblər" - VİDEO

Futbol
Tarix: 2019-02-10 22:20

"Hər şey göz qabağındadır: Pis oynamadıq, çoxlu qol epizodu yaratsaq da, faydalanmağı bacarmadıq. Ən azı 3-4 qol vura bilərdik. Təəssüf ki, bəxtimiz gətirmədi. Bu oyunu unudaraq, növbəti qarşılaşmalara hazırlaşmaq lazımdır". Bunu "Səbail"in futbolçusu Elvin Yunuszadə evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçı barədə danışarkən deyib.

 

27 yaşlı müdafiəçi 81-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra meydanı tam tərk etməyərək, qapı arxasında durmasının səbəbini belə izah edib: "Meydanı tərk edərkən məyus, fikirli idim. Paltardəyişmə otağının düz qarşısında durmuşdum. Əynimə isə gödəkçə geyinmişdim".

 

Yunuszadə oyunun sonlarında polislərlə arasında yaranan anlaşmazlığa da aydınlıq gətirib: "Qolumuzun ofsayd səbəbi ilə sayılmadığı epizodda özüm də meydana daxil oldum. Həmin vaxt futbolkada deyildim, əynimdə gödəkçə var idi. Polislər də elə bildilər ki, meydana girən fanatdır. Bu zaman aydınlaşdırdıq ki, mən də futbolçuyam. Vəssalam! Bundan başqa heç bir problem olmadı. Amma bunu nəyə görəsə başqa cür qələmə veriblər. Heç bir problem olmadı. Sadəcə, polislər səhv başa düşdülər. Mən də başa saldım ki, futbolçuyam. Hakimdən isə soruşdum ki, niyə belə qərar verdi, məgər o epizodda ofsayd var idimi?"

 

Mərkəz müdafiəçisi cəzalı olduğu halda meydana girməsini emosionallıqla əlaqələndirib: "90-cı dəqiqədə qol vurursa, amma sayılmır. Bu da istər-istəməz əsəbi vəziyyət yaradır. Meydana girməyimi niyə pis qələmə verdiklərini də başa düşmürəm. Futbolda belə hallar da olur. Hakimdən nə isə soruşursan, nə isə deyirsən. Meydanın çıxışı ilə paltardəyişmə otağı arasındakı məsafə heç 10 metr deyil".

 

Təcrübəli oyunçu qırmızı vərəqə almasının "Səbail"in oyuna mənfi təsir etməsi fikri ilə razılaşmayıb. O, FIFA referisi Əliyar Ağayevin idarəçiliyinə də münasibət bildirib: "Qırmızı vərəqə aldığım vaxt 81-ci dəqiqə idi. Amma buna qədər də 7-8 qol epizodumuz olmuşdu. Yenə deyirəm: Sadəcə, bəxtimiz gətirmədi. Hakimlik barədə heç vaxt danışmıram. Belə fikrim də yoxdur. Əliyar Ağayev xətrini istədiyimiz dost-qardaşımızdır. Nəyi düz bilibsə, onu da verib. Qərarın doğru və ya yanlışlığına müvafiq komitə qiymət verəcək. Ola bilər ki, oyun epizodu bizə səhv görünsün, sonradan baxdıqda isə qərarın doğru olduğu qənaətinə gələsən".

 

Qeyd edək ki, Elvin Yunuszadə "Səbail"ə qış fasiləsində transfer olub. O, yeni komandasının heyətindəki ilk görüşündə "Keşlə"yə qarşı çıxış edib. Səfər matçı "Səbail"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birini Yunuszadə vurub. (sportnet.az)

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB